Peşəkar Fırıldaqçılar Liqası: Azərbaycan futbolunda korrupsiya çirkabı


Peşəkar Fırıldaqçılar Liqası: Azərbaycan futbolunda korrupsiya çirkabı

Bəlkə də, bu mövzuda peşəkar idman jurnalisti yazsaydı, daha yaxşı olardı. Amma nə təəssüf ki, idman jurnalistlərinin bir qismi müxtəlif vasitələrlə susdurulub, digər qismi isə “quyuya çığırmaqdan” bezərək, özləri susub.

Səthi də alınsa, fikirlərimi yazacağam. Qatı futbol həvəskarı deyiləm. Amma Azərbaycan futbolunda baş verənləri görməmək və anlamamaq üçün ya kor olmalısan, ya axmaq, ya da bu çirkli işlərdə ortaq.
Son aylarda Azərbaycan futbol klublarının beynəlxalq yarışlarda iştirakını, transfer xəbərlərini izləyirəm. Xüsusilə də, “Neftçi” klubunun. Əməlli-başlı “Yeralaş” vəziyyətidir. Bildiyimə görə, bütün dünyada klubların “U23” , yaxud aşağı liqalarda oynayan komandaları var.
Eləcə də, uşaq futbol məktəbləri... Əlbəttə, pulu olan bütün klublar xaricdən futbolçu dəvət edir. Lakin bu il ümidlərini ancaq yerli liqaya bağlayan “Neftçi”də legioner sayı 12-yə çatıb. Bəli, on iki!
İllərdir külli miqdarda vəsait xərclənən, şübhəsiz ki, uşaq futboluna da “az diqqət ayırmayan” klub öz heyətini təkmilləşdirmək üçün 34 yaşlı braziliyalı Tyaqu Bezerra ilə müqavilə imzalayıb.
Həmin futbolçu nə qədər peşəkar olsa da, karyerasının qürubundadır. Yerli liqada gənc futbolçular tapılmayıb... Və neft pullarının necə kanalizasiyaya buraxıldığı həqiqəti ən xırda bir transfer xəbərində adamın gözünü deşir.
Yığmada isə başqa mərəkədir. Millimizin sabiq kapitanı, veteran futbolçu Tərlan Əhmədovun Fanat.az-dakı müsahibəsindən bir çıxarışa diqqət edək: “Mahir Emreli Polşanın iddialı klublarından olan “Legiya”nın lideridir, Anton Krivotsyuk “Visla Plotsk”un əsas heyət üzvüdür, Namik Ələskərov “Bursaspor”da özünə yer edib. Buna baxmayaraq, Canni De Byazi onlara start heyətində yer vermir. Səbəb? Guya o birilərdən 3-4 gün gec qoşulublar komandaya. Halbuki, elə qayda-qanunla onlar vaxtında gəlib”.
Lüksemburqdan xal qoparmaq imkanı varkən, de Byazi komandanı müdafiəyə çəkir. İrlandiyadan xal aldıq, lap yaxşı, Portuqaliyadan cəmi 3 qol yedik, o da fantastik... De Byazi nə deyir? Onu tənqid edənlərə söyüş söymək istədiyini dilə gətirir. Yəni, bu adam da artıq görür ki, biz özümüzə hörmət eləmiriksə, onun da hörmətinə lüzum yoxdur.
Berti Foqtsdan de Canni de Byaziyə qədər xaricdən baş məşqçilər gətirdilər. O baş məşqçilər də özlərilə köməkçi-məşqçi heyəti gətirdilər. Yüksək maaş, avtomobil, mənzil, bütün xərclərini qarşılamaq öhdəliyi və s.
Nəticə? Yaxşı ki, Portuqaliyaya 3-0 uduzduq. Mədəniyyət Nazirliyində, Xarici İşlər Nazirliyində, hansısa hospitalda, kənd bələdiyyəsində korrupsiya faktlarını aşkarlayan orqanlar AFFA-da, Peşəkar Fırıldaqçılar Liqasında korrupsiyanı görməkdə, kiçik də olsa bir əməliyyat keçirməkdə çətinlik çəkirlər?
Allah köməyimiz olsun!
Tarix: 8-09-2021, 22:51
Xəbəri paylaş





Xəbər lenti