Ukraynalı futbolçu 100 milyon avroya “Çelsi”yə transfer olub
Futbol üzrə Ukrayna milli komandasının yarımmüdafiəçisi Mixailo Mudrikin Donetsk "Şaxtyor"undan Londonun "Çelsi" komandasına keçidi başa çatıb.
Yeniavaz.com xəbər verir ki, İngiltərə klubu rəsmi saytında ukraynalı oyunçunun transferi ilə bağlı müqavilənin bağlandığını təsdiqləyib.
Mixail Mudrikin "mavilər"lə 2030-cu ilin yayına qədər müqavilə imzaladığı bildirilir. Futbolçunun "Çelsi"dəki maaşı ildə yeddi milyon yarım avro olacaq.
Transfer məbləği 70 milyon avrodur. “Çelsi” İngiltərə Premyer Liqası və Çempionlar Liqasının qalibi olarsa “Şaxtyor” daha 30 milyon avro bonus alacaq.
Yeni klubunda ukraynalı futbolçu 15 nömrə altında çıxış edəcək. "Şaxtyor"da Mudrik 10 nömrə geyinirdi, amma "Çelsi"də bu nömrəyə Kristian Pulişiç sahibdir.
Qeyd edək ki, Mudrikin transferi tarixdə ukraynalı futbolçunun ən bahalı transferi olub. Mudrik bu göstəricidə "Milan"dan "Çelsi"yə 43,8 milyon avroya transfer olan əfsanəvi Andriy Şevçenkonu ötüb.
Xatırladaq ki, Mudrik “Şaxtyor”un heyətində bütün yarışlarda 44 oyun keçirib. Donetsk klubunun forması ilə 12 qol vurub, 17 məhsuldar ötürmə verib.
Tarix: 15-01-2023, 22:48