“Hazırda “Neftçi”nin problemi ümumi Azərbaycan futbolunun problemi ilə tam olaraq oxşarıdır. Hər ikisində də qeyri-peşəkar idarəetmə mövcuddur”.Bu sözləri idman jurnalisti Natiq Muxtarlı Hit.az-a açıqlamasında deyib. O bildirib ki, “Neftçi”də az qala hər altı aydan bir baş məşqçi dəyişilir:
“Hər altı aydan bir 10-15 futbolçunu göndərir, 10-15 futbolçu gətirirlər. Amma dəyişən heç nə yoxdur. Bunun da səbəbi kluba futboldan anlayışı olmayan, diletant şəxslərin rəhbərlik etməsidir. Məsələn, Azərbaycanda az qala 6-7 yaşlı uşaq da bilirdi ki, Adrian Mutu “Neftçi”yə uyğun məşqçi deyil. Amma hər kəsin bildiyi bu gerçəyi “Neftçi” rəhbərliyi bilmirdi. Bəlkə də, bilirdilər, amma onların öz maraqları var. Hansı maraqlar? Hesab edirəm ki, “Neftçi” neftdən gələn vəsaitin “yuyulması” üçün uyğun məkandır. Klubun əsas sponsoru SOCAR-dır. SOCAR “Neftçi”yə 30 milyona yaxın vəsait ayırır. Bu pulla Avropada ortabab komanda formalaşdırmaq çox asandır. Təbii ki, bu vəsait sırf futbola yönəldilsə. Ancaq yəqin ki, belə olmur”.
Ekspert paytaxt klubunun transfer siyasətini də tənqid edib:
“Belə olmadığı üçün də, deyək ki, bazar dəyəri 20-30 min avro olan legionerlər “Neftçi”də ilə 250-300 min avro məvacib “alırlar”. Beləcə, hər transfer pəncərəsi zamanı xeyli futbolçu göndərilir, bir o qədəri də gətirilir.
Mutuya nə qədər vəsait xərcləndi, ona nə qədər kompensasiya verildi? Milyonlar. Bəs bu milyonlar kimindir? Xalqın. SOCAR neftin, yəni xalqın pulunu “Neftçi”yə verir. Amma bu pul futbolun, “Neftçi”nin inkişafına təsir etmir. Acınacaqlısı odur ki, buna görə kimsə də cəzalanmır. Heç kim milyonların dağıdılmasına görə məsuliyyət daşımır. Beləcə, futbol təsərrüfatı korrupsiya məkanına çevrilir. Futbolumuzun, o cümlədən “Neftçi”nin də əsas problemi budur.
Futbola futbolu bilənlər, peşəkarlar yox, korrupsionerlər, diletantlar və qeyri-peşəkarlar rəhbərlik edir. Onların da məqsədi bəllidir. Birmənalıdır, bu məqsəd futbolun inkişafı deyil. Nə qədər ki, Azərbaycan futbolunda, klublarda belə rəhbərlər olacaq, xalqın vəsaiti dağıdılacaq, nəticə isə olmayacaq”.
Tarix: 21-01-2024, 21:25