“Azərişıq” öz xərclərini sahibkara yükləyir


“Azərişıq” öz xərclərini sahibkara yükləyir

Əhalini narazı salan kommunal xidmət qurumlarından şikayətlər səngimir. Bu dəfə “Azərişıq” ASC texniki xidmət şərtlərində olan boşluqlar və dövlət rüsumundan əlavə vəsaitin tələb olunması iddiaları ilə  gündəmə gəlib. 

Belə ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə birlikdə keçirdiyi “Biznes islahatları” mövzusunda seminarda özəl xəstəxana rəhbəri olan Elxan Yaqubov “Azərişıq” ASC-nin  xidmətindən narazı olduğunu bildirib. O qeyd edib ki, texniki şərt pulsuz olsa da, “Azərişıq” ASC-nin tələblərini yerinə yetirmək 40 min manat xərc tələb edir: 

“Bir qədər əvvəl 250 KVA-lıq transformatorumuzu 630 KVA-lıq transformatorla əvəz etmişik. Qaydalara əsasən, texniki şərt almaq üçün “ASAN Xidmət”ə müraciət etməliyik və onlar da 30 gün müddətində heç bir ödəniş tələb etmədən həmin sənədi verməlidirlər. Amma texniki şərtdə yazır ki, işıq idarəsi üçün 40 ədəd 750 manatlıq işıq dirəyi, 500 metr yüksək gərginlikli kabel alınmalıdır. Bu da, 3 fazalı yüksək gərginlik üçün 1 500 metr kabel deməkdir. Sözügedən tələbə əməl etmək təxminən 40 min manat xərc çəkmək deməkdir, baxmayaraq, texniki şərt pulsuzdur. “Azərişıq” ASC elektrik enerjisini “Azərenerji” ASC-dən topdansatış qiyməti ilə alır və üzərinə müəyyən məbləğ əlavə edərək pərakəndə satış qiyməti ilə abunəçilərə təklif edir. Bu zaman bütün xərclər - kabel çəkilişi, transformatorların alınması, işçilərin haqqı nəzərə alınır. Mən dediyim 250 KVA-lıq mövcud transformatorun yanından 6 000 voltluq xətt keçir. Yəni, heç bir əlavə xətt çəkməyə, dəyişikliyə ehtiyac yoxdur. Amma deyilən avadanlıqları almalıyıq. Şikayət etmək də olmur. Çünki ilk baxışdan texniki şərt üçün ödəniş tələb olunmur, amma ondan çox əlavə xərclər tələb olunur. Özü də hər ay 5-6 min manatlıq elektrik enerjisi istifadə edirik”. 

“Azərişıq” ASC-nin Perspektiv İnkişaf və “ASAN xidmət”lə İş İdarəsinin rəisi Elsevər Rüstəmli isə sahibkarın iradlarına cavabında bildirib ki, bu məsələ Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli qərarı ilə tənzimlənir: 

"Siz qeyd edirsiniz ki, 250 KVA-lıq transformatorunuzu 630 KVA-ya dəyişmək istəyirsiniz. 250 KVA bəlli bir yükdür. Amma siz bu yükü 2,5 dəfə artırırsınızsa istər-istəməz həmin xəttin üstündə olan digər abunəçiləri nəzərə almaqla sizin tərəfinizdən bu xərclər qarşılanmalıdır. 630 KVA transformator bəlli bir avadanlıqdır və onların da öz sərfiyyatı var. Yəni, "texniki itki ilə bağlı  “Azərişıq” ASC-yə hansısa ödəniş edilir” ifadəsi düzgün deyil”.

Görünən odur ki, qaydaların sərtliyi sahibkarları narazı salır. Maraqlı məqam ondan ibarətdir ki, bu cür problemlər tək sahibkarla bağlı deyil, fiziki şəxslər də zaman-zaman bu “qaydalar”dan əziyyət çəkir. Digər tərəfdən, ekspertlər mövcud vəziyyətlərdə rüsumlardan əlavə də qeyri-rəsmi ödənişlərin tələb edildiyini deyir. Ekspertlərin fikrincə, “Azərişıq” enerji satışı məşğul olan  qurum olduğu üçün infrastrukturu özü qurmalı və bunun müqabilində satış həyata keçirib vəsait əldə etməlidir. 

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında da bu məqama diqqət çəkib.

Ekspert hesab edir ki, “Azərişıq” ASC-nin müştəridən infrastruktur qurmağı tələb etməsi absurddur: 

“Azərişıq”la bağlı texniki şərt anlayışı var. Hər hansı bir obyektə elektrik enerjisinin çəkilişi ilə bağlı texniki şərt alınmalıdır. Burada söhbət hüquqi şəxslərdən getsə də, fiziki şəxslər də hansısa kommersiya fəaliyyəti ilə məşğul olursa, texniki şərti almaq məcburiyyətindədirlər. Bu şərtlərin necə alınması və rəsmi rüsum nizamnamədə öz əksini tapır. Amma təəssüf ki, Azərbaycanda bununla bağlı rəsmi rüsumlarla real ödənişlər arasında ciddi fərq olub, yəni rəsmi rüsumdan qat-qat artıq vəsait tələb olunub. Əslində isə infrastrukturun qurulmasna məsuliyyətiı birbaşa “Azərişıq” daşıyır. Çünki “Azərişıq” satıcıdır və infrastrukturu qurub enerjini satmalıdır. Təsəvvür edək ki, məhsulunu satmaq istəyən satıcının mütləq tərəzisi olmalıdır. 

Çünki satıcı məhsulun çəkisinə görə müştəriyə satır və qarşılığında pul alır. “Azərişıq” da satıcıdır və onun da tərəzisi kabelləşmə, sayğac və digər avadanlıqlar hesabına qurulan infrastrukturdur. Ona görə də kommersiya  təşkilatları texniki şərtlər üçün rüsumdan əlavə ödəniş etməməlidir. İnfrastrukturun hamısını “Azərişıq” özü qurmalıdır ki, məhsulunu satıb pul qazansın. Satıcının “Tərəzim yoxdur, mal satmıram, gedin özünüz tərəzi gətirin” deməsi nə qədər absurd səslənirsə, “Azərişıq” ASC-nin də infrastruktur qurmaq üçün vətəndaşdan və ya kommersiya qurumundan hər hansı vəsait tələb etməsi o qədər absurd səslənir”.

Vilayət Muxtar
Cebhe.info

Tarix: 13-02-2019, 00:45
Xəbəri paylaş





Xəbər lenti