Qlobal iqtisadiyyat üçün 3 təhdid: Nə qədər realdır?


Qlobal iqtisadiyyat üçün 3 təhdid: Nə qədər realdır?

Dünya yeni qlobal böhran təhdidi ilə üz-üzədir. 

Beynəlxalq reytinq agentliklərinin açıqladığı hesabatlar dünya iqtisadiyyatı üçün heç də ümidverici səslənmir. Bugünlərdə "Deutsche Bank Securities"in baş iqtisadçısı Piter Xuper bir hesabatında qlobal iqtisadiyyatı gözləyən 3 böyük təhdid haqqında fikirlərini bölüşüb. O, 3 mövzuda da ən pis ssenarinin reallaşması vəziyyətində dünya iqtisadiyyatının 10 il əvvəlki kimi böyük durğunluqla qarşı-qarşıya qala biləcəyi barədə xəbərdarlıq edib.

Hooperin ilk xəbərdarlığı Amerika Birləşmiş Ştatlarının (ABŞ) iqtisadiyyatında gözlənilən enişlə bağlıdır. ABŞ - Çin ticarət anlaşılmazlığı artsa, ABŞ-ın durğunluğa girə biləcəyini qeyd edən iqtisadçı "Belə bir hadisə qlobal iqtisadiyyatın 2 ildə 1%-dən çox düşməsinə səbəb olar", - deyib.

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında Xuperin ABŞ iqtisadiyyatı haqqında açıqladıqlarını bu cür şərh edib: 

“Bu gün istənilən böhranın başlanğıcı Amerika Birləşmiş Ştatlarının (ABŞ) iqtisadiyyatında yaşanan hər hansı bir təlatümdür. Çünki dünyada gedən bütün proseslərin institutsional əsasları məhz ABŞ-dan başlayır. Hər bir anlayış, köçürmə, əməliyyatın bünövrəsi bu ölkənin ərazisindədir. Bu gün ABŞ iqtisadiyyatında hər hansı təlatüm yaşanarsa, bu, sünami effekti ilə bütün dünyaya təsir göstərir. Dünya iqtisadiyyatının xüsusi çəkisi olan qiymətəmələgəlmə proseslərində ciddi fərq yaranır. Bir anlıq təsəvvür edək ki, dünya birjasının flaqmanı hesab olunan Nyu-York birjasında təlatüm yaşandı. Bu, istər-istəməz dünya birjasına öz təsirini göstərəcək. İstər fond, istər maliyyə, istərsə də əmtəə birjasında bu təsir hiss olunacaq. Bu baxımdan ABŞ iqtisadiyyatına təsir edən istənilən proses dünya iqtisadiyyatında mənfi reaksiya verir”.

Dünya iqtisadiyyatında mühüm paya sahib olan Çinin də gələcəkdə iqtisadi eniş yaşayacağı gözlənilir. Çin iqtisadiyyatı ilə bağlı hələ bir müddət öncə maraqlı statistik göstərici yayımlanmışdı. Belə ki, açıqlanan məlumatda göstərilir ki, Çin iqtisadiyyatı zəifləyib və bütün dünya narahatlıq gözləntisiylə donub qalıb. Çin əvvəlki kimi görünməmiş inkişaf edən iqtisadi sürətlə varlanmaqdadır. Lakin ildən-ilə bu artım tədricən yavaşıyır.  Ötən il bu artım əvvəlki 6,8 faizlə müqayisədə geriləyərək 6,6 faiz olub. Bu zəifləmənin səbəbləri nikbinlik üçün heç bir əsas vermir və bu ilin proqnozları artımın əhəmiyyətli dərəcədə - 6,2 faizə qədər zəifləyəcəyini vəd edir. Qeyd edək ki, Çin iqtisadiyyatında baş verən zəifləmənin əsas xarici səbəbi kimi ABŞ-la ticarət müharibəsi göstərilir.

Maraqlıdır ki, Xuper də gözlənilən qlobal böhrana səbəb ola biləcək ikinci amil kimi məhz Çin iqtisadiyyatında baş verən dalğalanmaları göstərib. Belə ki mütəxəssis, Çin iqtisadiyyatında sərt enişin də digər bir təhdid olaraq önə çıxdığını, bunun da qlobal iqisadi artıma mənfi təsir edəcəyini deyib. Xuper hesabatda, həmçinin qeyd edib ki, müqaviləsiz Brexit də Avropadakı iqtisadi fəaliyyət üçün çox zərərli olacaq. Bu şok İtaliyanın borc böhranına da təkan verərsə- bu ciddi bir ehtimaldır- Avropa və qlobal iqtisadiyyat üzərindəki mənfi təsiri də iki misli olar.
İqtisadçı-alim qlobal böhrana yol açacağı iddia olunan bu amilləri şərh edərək deyib ki, Çin iqtisadiyatında yaranan problem isə dünyanın əmtəə bazarına cüzi şəkildə təsir edə bilir:

“Burada söhbət elektron ticarət platforması ilə məşğul olan meqaşirkətlərin fəaliyyətindəki yarana biləcək durğunluqdan gedir. Amma qlobal iqtisadiyyata təsiri elə də ciddi olmur. Məsələn, Çin iqtisadiyyatından hər hansı bir problem Azərbaycan iqtisadiyyatına ciddi təsir etmir, ən yaxşı halda bu təsir cüzi şəkildə özünü biruzə verir. Ola bilər ki, bazarda ümumi əmtəə qıltığı yaransın, amma bu, iqtisadiyyata ciddi təsir etmir, makroiqtisadi sahədə tarazlıq pozulmur”.(Cebhe.info)


Tarix: 13-02-2019, 09:32
Xəbəri paylaş





Xəbər lenti