DOLLARA HÜCUM: “Bitcoin” bazarı silkələyir


DOLLARA HÜCUM: “Bitcoin” bazarı silkələyir

Çindən olan milyarder və birja xaricində fəaliyyət göstərən iri treyder Çjao Donq əmindir ki, indi “bitcoin” almaq üçün ən yaxşı vaxtdır. 

O bildirib ki, hazırda insanların çoxu rəqəmsal pulları unudub, əsas kriptovalyuta on min dollar həddinə qayıtmayana qədər onlar ətrafında ajiotaj olmayacaq. Donq belə bir xəbərdarlıq edib: 

“Bitkoin yeni yüksəliş əldə etməyənə qədər insanların çoxu onu izləməyəcək. Əgər mənim kimi, siz də kriptovalyutanın gələcəyinə inanırsınızsa, onda başqaları bu barədə düşünənə qədər onu mümkün qədər çox miqdarda əldə saxlamaq daha yaxşıdır”.

Ç.Donq proqnozlaşdırıb ki, 2019-cu ildə bazarda heç bir sarsıntı olmayacaq, 2020-ci ildə rəqəmsal pulların qiyməti tədricən artmağa başlayacaq.Milyarder əmindir ki, 2021-ci ildə bitcoin kəskin bahalaşacaq, onun məzənnəsi artaraq 50 min dollara çatacaq. Sahibkar daha sonra deyib:

“Əslində “öküz” bazarında bitcoin almaq yalnız ilk baxışda asan yolla pul qazanmağa bənzəyir. Mən insanları kriptovalyutaya indi “ayı” bazarında sərmayə yatırmağa çağırıram”.Sərmayədarlara səbirli olmağı məsləhət görən treyderin fikrincə, yaxın vaxtlarda blokçeyn-startapların çoxu bağlanacaq.Sonra buna bənzər kampaniyaların yeni dalğası başlayacaq, yaxşı layihələrə sərmayə yatırmaq xeyli asan və ucuz başa gələcək.

Maraqlıdır, bitkoinə marağın artmasında məqsəd dolları sıxışdırmaqdırmı?

İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə bildirib ki, son bir neçə il ərzində blockchainin inkişafına və kriptovalyutaların yayılmasına təsir edən bir çox hadisələr baş verdi:

“ 12 ay ərzində isə rəqəmsal pulların dəyərinin, ticarət həcminin və bu sahəyə marağın azalmasına baxmayaraq texnologiya inkişaf etməyə davam etdi. Hətta daha çox insan bu və ya digər üsulla kriptovalyutaların varlığından xəbərdar oldu deyə bilərəm.Ancaq kriptovalyutaların gələcək inkişafı və qlobal iqtisadiyyatın tam iştirakçısı olması üçün hər bir halda institusional investorların (investisiya və pensiya fondlarının, sığorta şirkətlərinin, bankların və s.) bu sahəyə marağı artmalıdır.Məsələ də burasındadır ki, belə böyük və ciddi oyunçuların şübhəli və ya tənzimlənməyən bir bazara girməyəcəkləri bəllidir.Onlar üçün böyük maliyyə axınlarına hazır olan xüsusi infrastruktura ehtiyac var”.

İqtisadçı onu da qeyd edib ki, kriptovalyuta bazarının dəyişkən təbiətinə baxmayaraq, bu seqmentdə bir sıra yeni layihələr inkişaf etməkdə davam edir: 

“Banklar və birjalar investorlar üçün rəqəmsal valyutaların saxlanılması xidmətinin təkmilləşdirilməsi prosesinə yönəliblər. Çünki, rəqəmsal aktivlərin qorunması üçün daha etibarlı mexanizmlər olduğu təqdirdə həm institutsional, həm də özəl investorlar bu yeni və riskli aktiv sinfinə sərmayə qoymağa daha çox həvəs göstərəcəklər.Son məlumatlara görə, dünyanın ən böyük investisiya şirkətlərindən biri olan “Fidelity” mart ayında bitkoin və ethereum üzrə öz şəxsi mühafizə mexanizmini təqdim etməyə hazırlaşır.Şirkət gələcək qiymət artımı üçün katalizator rolunu oynayacaq olan institutsional investorlara saxlama xidməti təklif etməyi düşünür.Yəni, müştərilərə məxsus kriptovalyutaların haker hücumlarından qorunması üçün avtonom depolarda saxlanılacağı planlaşdırılır.“Fidelity” şirkətinin bu istiqamətdə bir çox başqa yeniliklər də təqdim edəcəyi gözlənilir.

Bundan əlavə, Nyu-York Fond Birjasının operatoru “Intercontinental Exchange”  (ICE) institutsional investorlar üçün Bakkt platforma layihəsini işə saldı. Lakin layihənin başlanması 24 yanvar 2019-cu ilədək təxirə salındı.Keçən ayın sonunda isə, Bakkt layihəsinin ABŞ Əmtəə İndeksləri Ticarət Komissiyasından (CFTC) lazımi icazəni almaması səbəbilə yenidən təxirə salına biləcəyi bildirildi.Kriptovalyuta startapı “SolidX” isə böyük bir şirkət olan “VanEck” ilə birgə “Bitcoin-ETF” başlamaq üçün ərizə təqdim edib.ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) bu məsələyə 2019-cu ilin mart ayına qədər cavab verəcəyi gözlənilir.Bir çox çevrələrdə bu prosesləri səbrsizliklə gözləyirlər, çünki bunlar prinsipial olaraq rəqəmsal bazarı yeni səviyyəyə daşıya bilər.Ancaq düşünürəm ki, manipulyasiya problemi bazarda həll edilməyincə bu, mümkün olmayacaq.Keçən ilin sonunda böyük bankların, müştərilər arasında tələbatın olmamasını əsas gətirərək rəqəmsal pul ilə əlaqəli məhsulların işlənib hazırlanması prosesini dondurduqları məlum oldu.Düşünürəm ki, “Goldman Sachs”, “Morgan Stanley”, “Citigroup” və “Barclays” kimi şirkətlər yaxın gələcəkdə rəqəmsal bazara daxil olmağı planlaşdırmırlar.Bu şirkətlər, “bitcoin” daha çox populyarlıq qazandıqdan sonra və yenidən böyüyəcəyi təqdirdə institutsional investorlar ilə birgə bu sahəyə maraq göstərəcəklər”.

Vüsalə Əhmədova fikirlərinə onu da əlavə edib ki, “blockchain” sahəsi çox gəncdir və hələ inkişaf mərhələsində olduğunu unutmaq olmaz: 

“Son 8 ildir sürəkli “bitcoin”in məhvə məhkum olacağını eşidirik. Maliyyə piramidası və ya iqtisadi köpük adlandırılsa da, hələlik ayaqda qalmağı bacarır. Çox güman ki, “bitcoin”lərin tədarükü azaldıqca ötən il olduğu kimi, sürətli olmasa da, qiymət arta bilər. Ancaq dolları tezliklə sıxışdıracağını düşünmürəm.Məhz institutsional investorların kənarda qalması “bitcoin”in qiymətinin aşağı olmasına gətirib çıxarır. Lakin bu il qiymətlərin 5.800 dollardan aşağı olacağı da söylənilə bilməz. Rəqəmsal aktivlərin qorunması problemi həll olunarsa, qiymətlərin 300.000 dollaradək yüksələ biləcəyini güman edirəm”.

Yeganə Oqtayqızı

Tarix: 14-02-2019, 22:33
Xəbəri paylaş





Xəbər lenti