Mərkəzi Banka qarşı iddia: Qeyri-şəffaf maliyyə siyasəti


Mərkəzi Banka qarşı iddia: Qeyri-şəffaf maliyyə siyasəti

“Azərbaycanda nominal ümumdaxili məhsul (ÜDM) 2012-2014-cü illərdə artmağa başlayıb. Nominal ÜDM 2015-ci ildə aşağı düşüb. Həmin dövrdə maliyyə sektorunda baş verən proseslər ölkə iqtisadiyyatına öz təsirini göstərdi. İl ərzində yaradılan xidmət və dəyərlərin həcminin artmasına gətirib çıxartdı”.

Bunu “Cümhuriyət” qəzetinə açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib. O bildirib ki, 2016-cı ildən başlayaraq Azərbaycanın nominal ümumdaxili məhsulu artmağa başladı: 

“2018-ci ildə nominal ÜDM 80 milyard manata yaxınlaşıb. Baxmayaraq ki, nominal ÜDM artmaqda davam edib, amma artım tempi 2013-cü ildən sonra aşağı düşüb, hətta 2016-cı ildən azalma müşahidə olunur. Statistika Komitəsinin məlumatına əsasən, 2012-2018-ci illərdə artım tempi 1 faizdən bir qədər çox olub. Halbuki 2013-cü ildə 5.8 faiz, 2014-cü ildə 2.8 faiz və əvvəlki illərdə daha çox artım olub. Hər bir halda bu məlumatların reallığı nə dərəcədə əks etdirdiyini demək çox çətindir. Bəzən nominal ÜDM azaldığı halda, qeyri-real ÜDM artır. Bu, mümkündür, çünki fiziki baxımdan artım ola bilər. Amma qiymət aşağı düşdüyünə görə, nominal azalma ilə nəticələnə bilər. Necə olur ki, 2015-ci ildə istehsal azalır, amma illər üzrə real ÜDM artır? Hər bir halda rəsmi məlumatlara istinad etməyə məcburuq”.

İqtisadçı onu da qeyd edib ki, ÜDM-dən fərqli olaraq inflyasiya şübhələr yaradır: 

“İnflyasiyanın hesablanma metodologiyası var. İllərlə dəyişməyən qiymətləri istehlak səbətinə daxil etmək düzgün deyil. Səbətə daxil olan mallar elastik qiymətə malik olmalıdır. Səbətdəki məhsulun növü inflyasiya göstəricisinə təsir edir. Buna görə də səbətin tərkibi inflyasiyanın hesablanmasına manipulyasiyaya imkan verir və hökumətimiz də bundan istifadə edir. Reallıqda 20-30 faiz qiymətlər artır, amma statistika göstərir ki, bahalaşma 12 faizdir. Bu məlumatlar tam reallığı əks etdirmir”.

Mərkəzi Bank 10 milyard dollardan çox pul itirib...

Samir Əliyev hələ 2015-ci ildə müstəqil ekspertlərin manatın və dolların məzənnəsi ilə bağlı proqnozlar verdiyini xatırladıb: “Əlbəttə, bu proqnozlar havadan deyilmirdi. Bu məlumatları demək üçün ekspertlərin əsaslandıqları mənbələr olur. 2015-ci ildə tədiyyə balansı mənfi 11329 milyon dollar olub. Bu göstərici mənfi olduğu halda necə devalvasiya olmaya bilər? O halda olmaya bilər ki, Mərkəzi Bank öz valyuta ehtiyatları və yaxud Neft Fondu vasitəsilə bazara buraxır. Mərkəzi Bank təkcə 2015-ci ildə 10 milyard dollardan çox pul itirib. Tədiyyə balansında 3.5 milyard dollarlıq müsbət saldo olan ölkədə devalvasiyadan danışmaq qeyri-ciddidir. Tədiyyə balansı il ərzində ölkəyə gələn və ölkədən çıxan valyutanın fərqidir. Əgər bu, müsbətdirsə, o zaman ölkənin çoxlu valyutası var, əgər mənfidirsə, bu, ölkənin milli valyutasına təzyiqdir. Biz 2015-ci ildə məhz bu aspektdən çıxış edərək devalvasiyanın olacağını proqnozlaşdırmışdıq”.

SOCAR-ın xarici borcu Azərbaycanın xarici dövlət borcundan çoxdur...

Analitik 2018-ci ildə Azərbaycanın xarici dövlət borcunun açıqlanmadığını da deyib: 

“Qeyd etməliyəm ki, SOCAR-ın xarici borcu Azərbaycanın xarici dövlət borcundan çoxdur. Əgər bank sektorunun və özəl şirkətlərin də borcunu bu borcların üzərinə əlavə etsək, çox böyük rəqəm alınacaq. Avropa İttifaqı 1992-ci ildə qəbul etdiyi Maastrixt sazişində Avropa ölkələrinin xarici dövlət borcları ÜDM-nin 60 faizi nisbətində götürdü. Əgər ölkənin xarici dövlət borcu bu səviyyəyə çatırsa, bu, kritik hədd hesab olunur. Maastrixt sazişi Avropa ölkələrinin pul və siyasi sistemlərinin tənzimlənməsini əks etdirir. Sonradan bu norma dəyişildi. Belə ki, inkişaf etməkdə olan ölkələr üçün xarici dövlət borcunun həcmi 40 faiz səviyyəsində götürüldü”.

“İqtisadiyyatda milliləşmə gedir”

Samir Əliyev onu da qeyd edib ki, 2014-cü ildə ölkə iqtisadiyyatında banklarda olan pul 17.4 milyard manatdan yuxarı olub. O, bu göstəricinin 2015-ci ildə 8.6 milyard manata düşdüyünü deyib: 

“Yəni, banklarda olan pul kütləsi iki dəfəyə qədər azalıb. Bu gün Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov deyir ki, pul kütləsi yüksəkdir, amma yenə də 2014-cü ilə çatmır. 2014-cü illə müqayisədə 2018-cil ildə qiymətlər iki dəfəyə qədər artıb. Pul kütləsi nə qədər artsa da, həmin səviyyəyə çatmayıb. İndiki zamanda mövcud olan əmtəələr tam adekvat deyil. Doğrudur, pul kütləsinin artmasının da səbəbləri var, amma hər bir halda nəzərə alsaq ki, qiymətlər artır, deməli, pulun da alıcılıq qabiliyyəti aşağı düşür.

Beynəlxalq standartdan çıxış etsək, Azərbaycanda pul kütləsi indikindən iki dəfə çox olmalı idi. Burada birinci nüans odur ki, iqtisadiyyat neft və qeyri-neft sektoruna bölünür. İqtisadiyyat tam qeyri-neftdən ibarət deyil. Bu, özü bir problem yaradır, buna görə də Mərkəzi Bank çox vaxt pul kütləsinin qeyri-neft sektorunda ÜDM-yə nisbətini verir. Bunu ayırmaq düzgün deyil, çünki neftə də pul gedir. Ölkə iqtisadiyyatı çox dövlətləşib. Az qala iqtisadiyyatda milliləşmə gedir. Kommunal sektordan tutmuş biznesə qədər hər şeyi dövlət edir. Dövlət rəsmi olaraq bizneslə məşğuldur.

2014-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 13 milyard 758 milyon 300 min dollar olub. Hətta 2014-cü ilin iyul ayında valyuta ehtiyatı 15 milyard dolları keçmişdi. Bu göstərici 2015-ci ildə 5 milyard dollara qədər düşdü”.

Analitik hesab edir ki, Neft Fondunun valyuta aktivlərini necə idarə etməsində tam şəffaflıq var: 

“Amma Mərkəzi Bankda belə deyil, ümumi məlumatlar verilir. Niyə Neft Fondu hər şeyi açıqlayır, amma Mərkəzi Bank valyuta ehtiyatlarını necə idarə edir bu görünmür? 2015-ci ilə qədər Mərkəzi Bank az da olsa, məlumat verirdi. Tutaq ki, vəsaitlərin hansı hissəsi investisiya yönümlüdür, neçə faizi dollarla, neçə faizi manatladır və.s.

Mərkəzi Bankın valyuta ehtiyatları idarəetmədən əldə olunan gəlirlərdən, eləcə də banklarda depozit şəklində yerləşdirilmiş aktivlərdən, qiymətli kağızlardan formalaşır. Mərkəzi Bank öz gəlirlərini bu mənbələr hesabına artırır. Dollar artanda manata təzyiq formalaşır. Tutaq ki, Mərkəzi Bank kağızı özü istehsal edir. Açıqlama vermirlər, bəlkə də 100 manatın qiyməti 10 qəpikdir. 10 qəpiyə başa gələn 100 manatı banklara satır. Buradan 99 manat 90 qəpik qazancı olur. Həmin 100 manatı da verib dollar alır.

Mərkəzi Bank beynəlxalq təşkilatlar üçün operator rolu oynayır. Bu operatorluqdan da pul qazanır. Baş bankir son açıqlamasında demişdi ki, MB-nin valyuta ehtiyatı 300 min manat artıb və bunun 100 minini məhz operatorluqdan əldə edilib. Mərkəzi Bankın valyuta ehtiyatları 2011-ci ildə 11 milyard dollar olub. Bu ehtiyatlar 2003-2004-cü illərdə çox kiçik idi, faktiki yox səviyyəsində idi. Ehtiyatlar sonrakı illərdə artmağa başladı. Bunun yaranma səbəbi, ölkəyə neft pulları gələndə hökumət pul emissiya etdi. Çünki Neft Fondundan büdcəyə transfertlər etmək lazım idi. Beləliklə, manatı çap edib hökumətə verib əvəzində dollar aldı. Bununla da MB-nin valyuta ehtiyatları formalaşdı”.


Tarix: 28-02-2019, 08:36
Xəbəri paylaş





Xəbər lenti