Yeni böhran təhlükəsi: Azərbaycan necə sığortalanır?


Yeni böhran təhlükəsi: Azərbaycan necə sığortalanır?

Dünyanın iqtisadi dərgiləri ara-sıra iqtisadi böhranların baş verəcəyi, qlobal iqtisadiyyat üçün ciddi risklərin yarana biləcəyi ilə bağlı proqnozlar, təhlillər verirlər. 

Bir sıra hallarda həmin təhlillər  özünü doğrultmasa da, çox vaxt  verilən proqnozlar, açıqlanan tendensiyalar özünü doğruldur. Növbəti dəfə bu cür proqnozlarla Böyük Britaniyanın "The Economist” jurnalı çıxış edərək, dünya iqtisadiyyatı üçün yarana biləcək 10 riski açıqlayıb. 

"The Economist” iddia edir ki, dünya iqtisadiyyatının perspektivləri pisləşir. İqtisadi artımda enmə tendensiyası, ticarət müharibələrinin, müxtəlif bölgələrdə hərbi əməliyyatların başlana biləcəyi iqtisadi geriləməyə təkan verə bilər.  Jurnalın mütəxxəssislərinə görə, 2019-cu ildə qlobal iqtisadi artım 2018-ci illə müqayisədə 1 faiz bəndi az - 2,8% təşkil edəcək. 2020-ci ildə isə bu rəqəm 2,6%-ə düşəcək. 

İqtisadi inkişafa mane ola biləcək ən ciddi təhlükə ticarət müharibələri hesab edilir. ABŞ iqtisadiyyatında tənəzzül, inkişaf etməkdə olan ölkələrin bazarlarında genişmiqyaslı böhranın başlanacağı ehtimal edilir. Çində başlaya biləcək iqtisadi böhran da dünya iqtisadiyyatına zərbə vuracaq risklər arasında yer tutur. Bundan başqa qeyd olunur ki, dünya bazarında neft qıtlığı yarana və neft qiymətləri arta bilər. Eləcə də, Cənubi Çin dənizində Spratli arxipelaqının kimə məxsus olması ilə bağlı hərbi əməliyyatların başlaması da iqtisadi inkişafa mane ola bilər. Həmin adalara isə Çin, Vyetnam, Tayvan, Malayziya, Filippin və Bruneyi iddialıdır. Bundan başqa, Çin, Tayvan və Vyetnamın iddialı olduqları Parasel adaları, Çin, Filippin və Tayvanın iddialı olduqları Skarboro riflərində də hərbi əməliyyatların başlaması riskləri var. 

"The Economist” böyük internet resurslarına kiberhücumların həyata keçirilməsini, Koreya yarımadasında hərbi əməliyyatların başlamasını, Böyük Britaniyanın avrozonadan razılaşma olmadan çıxmasını, İtaliyadakı siyasi və iqtisadi qeyri-sabitliyin bank böhranına səbəb ola bilməsini də dünya iqtisadiyyatı üçün risklər kimi göstərir. 

Bəs, verilən proqnozlar özünü doğruldarsa, bunların Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər? Ümumiyyətlə, iqtisadiyyatımız üçün risk yarada biləcək məqamlar hansılardır?

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, sadalanan məsələlərin dünya iqtisadiyyatına kəskin təsir edəcəyi mübahisə doğurur: 

“İstənilən ticarət müharibəsi ticarət dövriyyələrinə təsir edə bilər. Konkret məqamlarla bağlı ticarət balanslarının indeksləşməsində mənfi göstərici əmələ gətirə bilər. Amma bu, ümumiyyətlə dünya iqtisadiyyatı üçün durğunluq, tənəzzül vəziyyətin yarada bilməz”. Çində iqtisadi böhranın baş verməsi ehtimalına gəldikdə, iqtisadçı bildirir ki, bu ölkənin ticarət dövriyyəsində ola biləcək istənilən problem iqtisadiyyata da mənfi təsir edəcək: “Çünki Çin iqtisadiyyatının əsas gücü ticarət üzərində qurulub. Digər məqamlar - Şimali Koreya problemi və ya Böyük Britaniyanın Avrozonadan xəbərdarlıqsız çıxması daha çox siyasi problemlər yaradır. Deyilən məqamlarla bağlı adı qeyd olunan ölkələrin iqtisadiyyatı dayanıqlı vəziyyətdədir. Hansısa kiçik mənfi indeksləşmə ümumi makroiqtisadi səviyyədə iqtisadiyyatın tənəzzülü demək deyil”.

Fuad İbrahimova görə, sadalanan məqamların Azərbaycan iqtisadiyyatına əsasən mənfi təsirinin olmaması haqqında proqnoz vermək olar:

“Nəzərə alsaq ki, iqtisadiyyatımızın flaqmanı neft amilidir, Azərbaycan iqtisadiyyatına həssaslıqla təsir edə biləcək məqam neft qiymətinin kəskin şəkildə ucuzlaşması ola bilər. Neft qiymətləri 50-30 dollar dəhlizinə düşərsə, bu Azərbaycan iqtisadiyyatında narahatçılıq yarada bilər. 

Amma bir məqamı da nəzərə almaq lazımdır ki, yaxın keçmişdə iqtisadiyyatımız bu dəhlizlə rastlaşıb. Bu da o deməkdir ki, Azərbaycan iqtisadiyyatında bu dəhlizə uyğun elastiklik var. İqtisadiyyatımız bir növ bu vəziyyətlə bağlı “peyvənd olunub”. Müəyyən çətinlik yaransa belə, o zərbəni qəbul etməyə hazırdır. Sadalanan məqamlarla bağlı isə Azərbaycan iqtisadiyyatına kəskin heç bir təhlükə yoxdur”.//Cebhe.info//


Tarix: 28-02-2019, 21:22
Xəbəri paylaş





Xəbər lenti