Azərbaycanda axsayan sığorta sahələri və xarici təcrübə - iqtisadçı ekspert deyir ki...


Azərbaycanda ən çox axsayan və ciddi islahatlar tələb edən sahələrdən biri də sığorta sahəsidir. İcbari sığorta ilə bağlı dövlət tərəfindən müəyyən addımlar atılsa da, digər sığorta növlərinin mexanizmi, altyapısı belə hazır deyil.

Avtomobil sığortası ilə bağlı vəziyyət nisbətən yaxşı olsa da, aqrar sığorta, tibbi sığorta ilə bağlı vəziyyət çox aşağı həddədir. Daşınmaz əmlakın sığortası təcrübəsi də çox az yayılıb. İstər əhalinin psixoloji olaraq sığorta məsələsinə inamı, istərsə də müxtəlif sığorta növlərinin tətbiqi ilə bağlı qanunvericilik, mexanizm və resurslar tam formalaşmayıb.

İqtisadçı ekspert Vüsalə Əhmədova da “Yeni Müsavat”a açıqlamasında Azərbaycanda cəmi 5 sığorta növünün tətbiq edildiyini dedi: “Azərbaycanda sığorta işinin təşkili hələ XIX əsrin ortalarına, neft sənayesinə xarici investorların cəlb edildiyi dönəmə təsadüf edir. Milli sığorta bazarı isə 1992-ci ildən etibarən formalaşmağa başlayıb. Hazırda Azərbaycanda 22 sığorta şirkəti mövcuddur. “Sığorta hаqqındа” Аzərbaycan Respublikası Qаnununа müvafiq olaraq sığorta iki əsаs sаhəni – həyаt və qеyri-həyаt sığortası sаhələrini əhatə edir. Ölkəmizdə sığorta könüllü və icbari qaydada həyata keçirilir. Könüllü sığorta – sığortaçı ilə sığortalı arasında bağlanan müqavilə əsasında müəyyən olunur. İcbari sığorta – vətəndaşların sosial maraqlarının və dövlət maraqlarının təmin edilməsi məqsədilə icbari sığorta qanunları əsasında həyata keçirilir. Dünyada çox sayda sığorta növləri mövcud olsa da, Azərbaycanda cəmi 5 sığorta növü tətbiq edilir ki, bunlar: şəxsi sığorta, sosial sığorta, əmlak sığortası, məsuliyyət sığortası və kommersiya risklərinin sığortasıdır. Ölkəmizdə ən çox müraciət edilən sığorta növləri səyahət və avtomobillərin icbari sığortasıdır. Hazırkı sığorta sisteminin aşağı səviyyəsindən isə hər kəs narazıdır. Çoxumuza məlumdur ki, sığorta şirkətləri öncədən bir çox vədlər versə də, bədbəxt hadisə baş verdikdən sonra ödəniş etməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Azərbaycanın sığorta bazarı nəinki inkişaf etmiş ölkələrin, hətta bəzi postsovet ölkələrinin belə sığorta bazarları ilə müqayisəyə gəlmir”.

ÐаÑÑинки по запÑоÑÑ Ä°qtisadçı ekspert VüsalÉ ÆhmÉdova

Ekspert vurğuladı ki, tibbi və aqrar sahələr üzrə sığorta vəziyyəti isə heç də ürəkaçan deyil: “Yeni aqrar sığorta qanununa müvafiq olaraq kənd təsərrüfatı məhsullarının və heyvanlarının, atların, balıq və meşə təsərrüfatlarının və istixanaların dolu, sel-daşqın, yanğın, donvurma, fırtına və quraqdan sığortalanması nəzərdə tutulur. Azərbaycanda daha çox, sadalanan risklərdən dəyən faktiki zərərə görə təminata üstünlük verilir. Sığorta ödənişlərinin məbləği, o cümlədən, sığortalamaq üçün qiymətlər məhsuldarlıq səviyyəsi, ayrı-ayrı regionlar, sahələr və məhsullar üzrə fərqli müəyyən edilir. Məsələn, ən yüksək tariflər (6,93 faiz) çiyələk, moruq, qarağat, qaragilə, kivi, xurma, feyxoa, qarpız və yemiş üçün müəyyən edilib. Müharibə, terror, iğtişaş, qiyam, xəstəlik və həşəratların vurduğu zərər, kimyəvi maddələrin və gübrələrin vurduğu zərər, elektrik, su və qaz təchizatında yaranan problemlər və istixananın isitmə-soyutma sistemində olan qüsurlar nəticəsində yaranan zərərlər, eləcə də məhsul yığımından sonra baş vermiş zərərlər qarşılanmır”.

V.Əhmədovanın sözlərinə görə, aqrar sığorta ilə bağlı ən yaxşı sistem İspaniyada mövcuddur: “Dünyanın müxtəlif ölkələrində tətbiq edilən aqrar sığorta sistemləri ölkələrin iqtisadi inkişaf səviyyəsi, kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı yeri və önəmi, yetişdirilən məhsulların təbii risklərə məruz qalma dərəcəsi, təbii risklərin meydana gəlmə tezliyi və zərərin miqdarı kimi faktorlara bağlı olaraq dəyişməkdədir. Məsələn, İspaniyada tətbiq edilən aqrar sığorta modeli dünyada ən uğurlu modellərdən biri sayılır. İspaniya təcrübəsində mənfəət güdməyən bir “hovuz sistemi” mövcuddur ki, fermerlər tərəfindən sığorta şirkətlərinə ödənilən sığorta haqları bu hovuzda toplanmaqda və zərər yarandığı zaman hovuzdan fermerlərə birbaşa ödəniş edilməkdədir. Dövlət isə məhsullarını sığortalayan fermerlərin ödədikləri sığorta haqlarının 50%-ni qarşılayır. Bu sistemdə sığorta şirkətləri yalnız sığorta polisi tərtib etmə, marketinq və satış fəaliyyəti həyata keçirirlər”.

İqtisadçı deyir ki, ümumilikdə İspaniyada aqrar sığorta çərçivəsində fermerlər, fermer birlikləri, özəl sığorta şirkətləri və dövlət birgə fəaliyyət göstərir: “Burada təbii fəlakətlərdən meydana gələn zərərləri kompensasiya etmək üçün “Sığortaların Təzminat Konsorsiumu” (CCS) adlı bir dövlət qurumu təsis edilib ki, hüquqi şəxs statusuna malik olan bu qurum Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliyi nəzdində xüsusi hüquq müddəalarına müvafiq fəaliyyət göstərir. Sığorta tarifləri isə dövlət tərəfindən müəyyən edilir və riayət olunması məcburi sayılır. Sığorta haqlarını isə konsorsium adından sığorta edən sığorta şirkətləri toplayırlar. Konsorsium fövqəladə risklərin birbaşa səbəb olduğu maddi itkiləri kompensasiya edir. İspaniyanın aqrar sığorta sisteminə həmçinin, yerli və xarici şirkətlərin iştirakı ilə birgə yaradılmış “Birləşmiş Aqrar Sığorta Şirkətləri Birliyi” (AGROSEGURO) daxildir. Sığorta haqqı, eləcə də sığorta ödəmələri bu birliyi təşkil edən üzvlər arasında ortaq razılıq əsasında bölünür. Sığortanın texniki tərəflərini və tarifləri birliyə daxil olan şirkətlər birgə müəyyən etdikləri halda, sığorta xidmətləri hər bir şirkət tərəfindən müstəqil müəyyənləşdirilir. Dövlət tərəfindən isə birliyə maliyyə və inzibati dəstək verilir. Yenə İspaniya sığorta sisteminə daxil olan “ENESA” adlı muxtar qurum kənd təsərrüfatı sığortası ilə əlaqədar təkliflər irəli sürür, məhsullar üçün minimum texniki şərtləri müəyyən edir, sığorta ediləcək məhsulun qiymətlərini proqnozlaşdırır, sığorta polisləri ilə əlaqədar prosesləri icra edir. İqtisadiyyat Nazirliyi nəzdində yaradılan “Sığorta Təftiş Qurumu” (DDS) isə zərərin müəyyənləşdirilməsi normalarını qiymətləndirir və təkrar sığorta ilə bağlı şərtlər və təkliflər irəli sürür”.

Tibbi sığortaya gəlincə, ekspert bildirdi ki, hazırda ölkəmizin 4 rayonunda pilot layihə kimi icbari tibbi sığorta həyata keçirilir: “Prezidentin fərmanına əsasən Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati əraziləri pilot ərazilər olaraq müəyyən edilib. İcbari tibbi sığorta, sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verir. İcbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərə gəlincə bunlar: ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator xidmət, stasionar xidmət, laborator xidmət, fizioterapiya, həyati vacib və dəyəri yüksək olan xidmət sahələridir. Baza zərfinə daxil olan tibbi xidmətlər üzrə tariflər 3 manat ilə 9600 manat arasında dəyişməkdədir. Məsələn, qardaş ölkə Türkiyədə, Türkiyə vətəndaşları ilə yanaşı, xarici ölkə vətəndaşlarına tibbi xidmətlərdən yararlanması üçün iki seçim təqdim edilməkdədir: ümumi tibbi sığorta və özəl tibbi sığorta. Ümumi tibbi sığorta 100% dövlət tərəfindən ödənilir. Özəl tibbi sığorta isə hər hansı bir şəxsin sığorta şirkətinə aylıq müəyyən məbləğ ödəməsi ilə əldə edilir. Türkiyə vətəndaşları, o cümlədən, Türkiyədə yaşamaq üçün icazəsi olan xaricilər, Türkiyədən başqa hər-hansı bir ölkədə tibbi sığortası olmayan xaricilər və Türkiyədə bir ildən çox yaşayan xaricilər ümumi tibbi sığortadan istifadə edə bilirlər. Sığorta haqlarına gəlincə, ailədə adam başına düşən gəlir səviyyəsi minimum əmək haqqının 1/3 hissəsindən az isə həmin şəxslər sığorta haqqı ödəmədən tibbi xidmətlərdən pulsuz faydalana bilərlər. Adam başına düşən gəliri minimum əmək haqqının 1/3 hissəsi ilə minimum əmək haqqı səviyyəsi arasında olanlar, minimum əmək haqqının 1/3 hissəsinin 12%-i nisbətində sığorta haqqı ödəməklə tibbi xidmətlərdən yararlanırlar. Gəliri minimum əmək haqqı səviyyəsindən iki dəfə çox olanlar isə 243 TL sığorta haqqı ödəməklə tibbi xidmətlərdən faydalanırlar. Xarici vətəndaşlar üçün isə sığorta haqqı minimum əmək haqqının 24 faizi, xarici tələbələr üçün 4 faizi nisbətindədir. Türkiyədə ümumi tibbi sığorta və həmçinin özəl tibbi sığorta həkim müayinəsi, dializ, kimyaterapiya, radioterapiya, angioqrafiyadan tutmuş, buynuz qişa, böyrək, mədəaltı vəz, qaraciyər, ürək və ağciyər transplantasiyasınadək A-dan Z-yə qədər demək olar ki, bütün tibbi xidmətləri əhatə edir”.

Tarix: 3-03-2019, 21:55
Xəbəri paylaş





Xəbər lenti