Veysəloğlu cərimələndi, şirkətdən cavab gəldi


"Ümid edirik ki, nazirlik müraciətimizə obyektiv baxacaq"

Bir sıra mənbələr Vergilər Nazirliyinin ölkənin ikinci böyük idxalatçı şirkəti olan Veysəloğlu Şirkətlər Qrupunu irihəcmdə cərimələməsinə dair məlumat yayıb.

Məlumatda bildirilir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları Şirkətlər Qrupuna aid olan 10-a yaxın şirkətdə audit yoxlamaları həyata keçirib.

Yoxlamalar zamanı şirkətlərin külli miqdarda vergidən yayınması faktları aşkarlanıb. Məlum olub ki, “Veysəloğlu” Şirkətlər Qrupuna aid olan 10-a yaxın vergi ödəyicisi Nizami rayonu, Keşlə qəsəbəsində böyük bir ərazini əhatə edən ərzaq-mal anbarından istifadə etməklə, özünün iqtisadi fəaliyyətini həyata keçirib.Yəni “Veysəloğlu” məhsullarını satış məqsədilə sözügedən vergi ödəyiciləri vasitəsilə satışa çıxarırmış. Bu zaman həmin vergi ödəyicilərinin “Veysəloğlu” Şirkətlər Qrupunun himayəsi altında külli miqdarda vergidən yayınması məlum olub. Bu faktlar üzrə şirkətlər qrupuna iki milyon manatlıq maliyyə sanksiyası tədbiq edildiyi qeyd olunur.

Bəzi mənbələr isə aşkarlanan pozuntuların və şirkətlər qrupuna tətbiq olunan maliyyə sanksiyasının məbləğinin daha yüksək olduğunu, sonradan azaldıldığını iddia edirlər.

Qeyd edək ki, “Veysəloğlu” Azərbaycanın ikinci böyük idxalatçı şirkəti olmaqla yanaşı, ölkənin ən böyük pərakəndə satış şəbəkələrinə sahibdir. Şirkətlər Qrupuna daxil olan “Araz” və “Favorit” supermarketlər şəbəkəsinin 100-dən yuxarı supermarketi var. Bundan əlavə, qrupun “Oba” marketlər şəbəkəsi də mövcuddur.

“Veysəloğlu” həmçinin ölkənin ən böyük şokolad məhsulları istehsalçısı olan “Ulduz” şokolad fabrikinə sahibdir.

“Veysəloğlu” Şirkətlər Qrupunun bu məlumatlarla bağlı yaydığı açıqlamada bildirilir ki, ötən ilin sonunda Şirkətlər Qrupuna daxil olan bütün şirkətlərdə aksiz nişanı ilə markalanması məcburi olan məhsulların, işçilərin əmək müqavilələrinin və nəğd pulun idarə edilməsinin yoxlanılması üzrə operativ vergi yoxlamaları həyata keçirilib: “Lakin yoxlama aparılan istiqamətlər üzrə şirkətimizin fəaliyyətində kənarlaşmalar aşkar edilməmişdir. Belə ki, şirkətimizin bütün əməkdaşlarının əmək müqavilələri, şirkətlərimizə məxsus anbarlarda bütün məhsulların miqdarına, həmçinin aksiz nişanı ilə markalanması məcburi olan məhsulların və nəğd pul dövriyyəsinə aid bütün uçot sənədləri qaydasında olmuşdur. Yoxlama zamanı vergi əməkdaşları tərəfindən yaranmış olan bütün sorğu və suallar zamanında cavablandırılaraq müvafiq sənədlər təqdim olunmuşdur.

Hətta yoxlama zamanı və yoxlamadan sonrakı dövrdə vergi əməkdaşları da bizim vergi uçotuna dair işlərimizin qanunvericiliyə uyğun yüksək səviyyədə təşkil olunması barəsində dəfələrlə müsbət fikirlər səsləndirmiş və yoxlama apardıqları digər şirkətlərə bizi yaxşı nümunə olaraq göstərmişlər. Bunun əsas səbəbi isə cənab nazirin 2018-ci ili şəffaflığa doğru keçid ili kimi elan etməsi çağırışına məsuliyyətlə yanaşaraq bu istiqamətdə ciddi işlər görməyimiz olmuşdur.

Lakin 2019-cu ilin əvvəlində şirkətimizə qeyd olunduğu kimi, cərimə yazılmışdır. Şirkətimiz bu cəriməni əsassız sayaraq qəbul etməmiş və məhz bu səbəbdən dərhal Vergilər Nazirliyinə şikayət məktubu ilə müraciət etmişdir. Bu zaman qeyd olunan cərimənin əsassız olduğunu sübut edən bütün vergi uçot sənədlərini də aidiyyatı üzrə təqdim etmişik. Hazırda etirazımız Vergilər Nazirliyi tərəfindən araşdırılmaqdadır. Ümid edirik ki, yaxın günlərdə Vergilər Nazirliyi bizim haqlı olduğumuzu təsdiq edəcək və ədalətli qərar verəcəkdir”.
Şirkət bildirir ki, məlumatda yer almış olan satışa gedən məhsulların vergidən yayınma halları ilə bağlı yazılanlar da həqiqəti əks etdirmir: “Bu istiqamətdə aparılan yoxlamalar zamanı vergi rəsmilərinin tələb etdiyi bütün lazımi sənədlər tərəfimizdən təqdim edilib və satışa gedən məhsulların vergidən yayınma faktlarının aşkar edilmədiyi müəyyən olunub.

Bildirmək istəyirik ki, şirkətimiz müvafiq dövlət qurumları tərəfindən şəffaflığa doğru atılan bütün addımları alqışlayır və tam olaraq dəstəkləyir. Bu gün də şirkətlər qrupumuz bu istiqamətdə öz aktivliyini davam etdirməkdədir.

“Veysəloğlu” şirkəti uzun illəri əhatə edən fəaliyyəti dönəmində qanunvericiliyə müvafiq olaraq ölkəmizin vergi siyasətini hər zaman dəstəkləyib və bu siyasəti icra edən vergi orqanları ilə qanun çərçivəsində əməkdaşlıq etmişdir”.

DÜNYA,
Musavat.com

Tarix: 21-03-2019, 00:01
Xəbəri paylaş





Xəbər lenti