İşsizliyin ləğvinə ayrılan milyonlar: HARADA “İTİR”?


İşsizliyin ləğvinə ayrılan milyonlar: HARADA “İTİR”? 

Respublikada fəaliyyət göstərən məşğulluq mərkəzlərinin çoxluğu əslində işsizlik probleminin olduğunu göstərir.

Demək olar ki, paytaxtın bütün rayonları üzrə məşğulluq mərkəzləri var, ancaq onların fəaliyyətindən şikayət də çoxdur.Sənəd üzərində bütün mərkəzlərin inzibati binası, tədris otaqları və digər resursları var. Amma tədris proqramına cəlb edilən işsiz gənclər sonradan yenə də işsiz qalmaqda davam edirlər. Belə demək mümkündürsə, onların iş ümidlərini bir dəfə də məşğulluq mərkəzlərinə rəhbərlik edənlər sındırır. Məşğulluq mərkəzlərinin fəaliyyətinin necə olduğunu göstərmək üçün çox da uzağa getmək lazım deyil.

Yanvarın 11-də Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin əməkdaşlarının tutulması ilə bağlı rəsmi məlumat yayılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Mehdi Abasov Mərkəzin baş məsləhətçisi Hafis Allahyarov və qeyriləri ilə əlbir olaraq, müxtəlif vədlər verərək işsiz və işaxtaran şəxslərdən ümumilikdə 7.400 manat məbləğində rüşvət almalarına, habelə eyni məqsədlə 1 nəfər rayon sakinindən 1.000 manat rüşvət almağa cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Mehdi Abasov və Hafis Allahyarovun xidməti otaqları və yaşadıqları ünvanlarda məhkəmənin müvafiq qərarları ilə aparılmış axtarış nəticəsində içərisində ayrı-ayrı şəxslərdən pul alınmasını təsdiq edən yazılar olan kitabçalar, işaxtaran vətəndaşların qeydiyyatı kitabı, müxtəlif arayışlar, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.

Bunlar bir mərkəzdə olanların, baş verən qanunsuzluqların çox az bir hissəsidir. Paytaxtda fəaliyyət göstərən Məşğulluq mərkəzlərində də analoji hallar heç də az deyil. Məsələn, Bakı Regional Peşə Tədris Mərkəzi 28 noyabr (2018) - 27 fevral (2019) aralığında “Dərzi” ixtisası üzrə kurs keçirilib.Həmin kurs tələbələrinin dediyinə görə, “müdavim kitabçası”nda göstərilən və kursda öyrənməli olduqları dərslərin böyük bir hissəsi onlara öyrədilməyib (keçilməyib).Kursa başlayanda mühazirə yazmaqla məşğul olan müdavimlər (kurs tələbələri-müəl.) yazdıqlarını öyrənib “dərzi” olmağa çalışıblar. Amma həmin kursu bitirən tələbələr isə yenə də iş axtarırlar, amma “öyrəndikləri” dərzilik üzrə deyil. Çünki tələbələr özləri etiraf edirlər ki, hansısa paltarı biçmək-tikməklə bağlı heç bir anlayışları yoxdur.

Həmin kursun müəllimi Leyla Qəhrəmanova tələbələrə “mən proqrama uyğun bütün dərsləri keçmişəm” deyir.Bakı Regional Peşə Tədris Mərkəzinin rəhbəri isə Nazim Eminovdur.Maraqlıdır ki, kursun təşkilinə rəhbərlik edənlər mühasibatlıqda da səhvə yol veriblər.Bilərəkdən və ya bilməyərəkdən kurs tələbələrindən 2 nəfərə dövlət tərəfindən ödənilən yol pullarında kəsirlər olub.Belə ki, ictimai nəqliyyatda qiymət artımından sonra təşkil olunan kursda 40 qəpiklik marşrutlar 30 qəpikdən götürülüb.İlk baxışdan 10 qəpik xırda məbləğ görünsə də, bu kurs müddətində 15 manat vəsait edir.Burada isə söhbət, əslində məbləğdən yox, qurumların bir-birilə əlaqəsiz işləməsindən və məsuliyyətsizlikdən gedir.

“Müdavim kitabçası”nda isə tələbələrə öyrədilməli olan dərslər bu cür sıralanıb: Əl işləri, maşın və xüsusi maşın işləri, nəmlənib-isidilmə işləri, detalların ilkin işlənməsi, üst ciblərin işlənməsi, tikiş xəttində yerləşən ciblərin işlənməsi, kəsik ciblərin işlənməsi, bortların bortaltı işlənməsi, düymələnmə yerinin işlənməsi, əsas detalların montajı, boyun yerinin yaxalıqsız, qol yerinin işlənməsi, birqat yaxalıqların işlənməsi və boyun yerinə birləşdirilməsi, qolun işlənməsi və məmulata birləşdirilməsi, məmulatın ətəyinin işlənməsi, məmulatın son bəzək işləri, alt geyim və yataq dəstlərinin işlənməsi, ətəyin işlənməsi, jaket, koftanın işlənməsi, donun hazırlanması, yüngül geyimin təmiri və təzələnməsi, qadın şalvarının hazırlanması.

Maraqlıdır ki, kursda iştirak edən və sertifakat alan tələbələr ancaq xırda parçalardan gəlincik  paltarları tikiblər. Mərkəzdən tələbələrə bildiriblər ki, bizə parça ancaq bu qədər verilir.Maraqlıdır ki, dərzi kursu təşkil edilir, amma parça verilmir.Parça olmadan necə dərzi olmaq olar?Yəqin ki, bunun cavabını aidiyyatı şəxslər daha yaxşı bilirlər.

Qeyd edək ki, Məşğulluq Mərkəziləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindədir. Onların nəzarəti altında işləyən bir qurumda problemlər varsa, bu, həmin mərkəzlərə rəhbərlik edənlərdən daha çox nazirliyin adına yazılır. Hər halda vəziyyət yuxarıda da istinad olunan Cəlilabad rayon Məşğulluq Mərkəzində olanlar səviyyəsinə çatmadan bu sahədə ciddi islahatlar aparılarsa, yaxşı olar.Ölkədə hazırda ciddi kadr və struktur islahatları aparılır.Aparılan islahatlara kölgə salan bu və bu kimi mərkəzlər haqqında da müvafiq qərarların verilməsi zəruridir.

Qeyd edək ki, növbəti yazıda həmin kursu bitirən tələbələrlə müsahibə edəcəyik. //Cebhe.info//


Tarix: 21-03-2019, 00:10
Xəbəri paylaş





Xəbər lenti