Qubad İbadoğlu: “Çevik və islahatçı hökumət komandası formalaşdırılmalıdır”


İqtisadçı-alimdən islahat təklifləri

 

Prezident İlham Əliyev yaxın vaxtlarda başlanacaq islahatlarla bağlı anons verdi. Bu anonsdan aydın olur ki, tezliklə Azərbaycanda iqtisadi, siyasi sahələrdə, məhkəmə-hüquq, təhsil və səhiyyə sistemlərində ciddi islahatlar başlanacaq.
İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu Musavat.com-un iqtisadi, səhiyyə və təhsil sahəsində islahatların istiqamətləri barədə suallarını cavablandırıb. Onun fikrincə, ilk növbədə idarəetmədə struktur və institutsional islahatlar aparılmalıdır: “Bunun üçün çevik və islahatçı hökumət komandası formalaşdırılmalıdır.

Bununla paralel olaraq korrupsiya ilə mübarizənin gücləndirilməsi, maraqlar toqquşmasının qarşısını almaq üçün, korrupsiya barəsində məlumat verənlərin qorunmasına dair qanunların qəbul olunması zəruridir.Bundan əlavə, hesab edirəm ki, prezident yanında yerli ekspertlər və sahibkarların təmsilçiliyi ilə İslahat Şurası yaradılmalıdır. Bu baxımdan çox vacibdir ki, açıq və hesabatlı hökumət qurulsun”.
İqtisadçı-alim hesab edir ki, Dövlət Neft Fondunun Müşahidə Şurasında ictimaiyyətin nümayəndələrinin təmsilçiliyi təmin olunmalı, xarici investorların hüquqlarını qoruyan ombudsman institutu formalaşdırılmalıdır: “Dövlət məmurlarının gəlir-xərclərinə dair bəyannamə mexanizmi tətbiq olunmalı, bu bəyannamələr açıqlanmalıdır. Dövlətin iqtisadiyyata müdaxiləsinin azaldılması üçün xarici investorların iştirakı ilə özəlləşdirmənin aparılmasına ehtiyac var. Antiinhisar siyasəti güclənməli, dövlət sağlam rəqabəti dəstəkləməlidir. Parlament Rəqabət Məcəlləsini qəbul etməlidir. Ümumiyyətlə, sağlam rəqabəti təmin edən, istehlakçıların hüquqlarını qoruyan institut müstəqilləşməli, onun səlahiyyətləri genişləndirilməlidir. Hazırkı dövrdə çox vacib məsələlərdən biri antiinflyasiya tədbirlərinin həyata keçirilməsidir. Qiymətlərin artımı ilə əlaqədar bütün növ əmək haqqı gəlirləri, sosial yardımlar, pensiyalar indeksləşdirilməlidir. Əməyin ödənilməsinin minimum məbləği gündəlik istehlak tələbatı əsasında regionlar üzrə müəyyənləşdirilməlidir. Ümumiyyətlə, yaşayış minimumunun real dəyərinin hesablanması, aylıq və birdəfəlik müavinətlərin, pensiyaların ona uyğunlaşdırılması prosesi davam etməlidir.
Eyni zamanda antiinhisar və antiinflyasiya tədbirlərinin gücləndirilməsi üçün hər ay əsas növ ərzaq məhsulları və istehlak malları üzrə idxal, topdansatış və pərakəndə satış qiymətlərinin mətbuatda dərci həyata keçirilməlidir”.
Q.İbadoğlu qeyd edir ki, dövlətin payı olan, dövlət zərfi olan şirkətlərdə korporativ idarəetmə mexanizmi tətbiq olunmalı, onların idarəçiliyi ilə bağlı, həmçinin iri vergi ödəyiciləri olan dövlət şirkətlərinin şəffaflığı və hesabatlılığı ilə bağlı yeni qaydalar qəbul olunmalıdır: “Ümumiyyətlə, dövlətin sahibkarlığın idarə olunmasına münasibəti dəyişməlidir. Bu yöndə hesab edirəm ki, dövlət-özəl sektor tərəfdaşlıq münasibətlərinə daha çox üstünlük verilməlidir. Xüsusilə də xidmətlərin və ictimai xidmətlərin həyata keçirilməsində belə əməkdaşlıq çox zəruridir. Səhiyyə sahəsində icbari tibbi sığortanın tətbiqi prosesi sürətləndirilməlidir.
Təhsil sahəsində tələbələrin ixtisaslar üzrə dünya reytinqində ilk yüzlükdə olan universitetlərdə bakalavr, magistr, doktorluq proqramları üzrə təhsili dövlət tərəfindən maliyyələşdirilməlidir. Təhsildə elmi nailiyyətlərin sayını artırmaq üçün doktorluq proqramına qarşı tələblər sərtləşdirilməlidir. Bu proqramda təhsil alan tələbələrə yerli akademik rəhbərlə yanaşı xarici akademik rəhbər götürmək hüququ verilməlidir. Xarici akademik rəhbərin doktorantlarla işləməsi, doktorantların xarici akademik rəhbərin təmsil etdiyi universitetlərdə təcrübə proqramlarında iştirakı büdcədən ayrılan vəsait hesabına maliyyələşdirilməlidir. Həm universitetlərdə, həm orta məktəblərdə texniki təchizat üçün, müasir, innovativ nailiyyətləri mənimsəmək üçün infrastruktur yaradılmalıdır. Hesab edirəm ki, universitet tələbələrinin yataqxana təminatı üçün dövlət büdcəsindən vəsait ayrılmalı, bu istiqamətdə tez bir zamanda infrastruktur formalaşdırılmalıdır. Təhsildə inkuliziv inkişaf davam etdirilməli, əngəlli gənclərin həm orta, həm ali təhsil imkanları üçün səylər artırılmalı, bu sahədə xüsusi proqram qəbul olunmalıdır”.

Tarix: 21-03-2019, 16:16
Xəbəri paylaş





Xəbər lenti