Dollar kreditlərinə görə kompensasiya necə və nə vaxt ödənəcək?


 

Fiziki şəxslərin problemli kreditləri ilə bağlı məsələnin həll olunmasına dair prezident fərmanının icrası istiqamətində işlər davam etdirilir.

Maliyyə Bazarlarına Nəzarət Palatası fərmanın icrası çərçivəsində elektron portal hazırlayıb. Vətəndaşlar pk.fimsa.az ünvanında yerləşən  bu portaldan istifadə etməklə onlara çatacaq kompensasiyanın məbləğini, yaxud restrukturizasiya olunacaq kreditlərinə dair məlumatları əldə edə bilərlər.

Bununla yanaşı, portal güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi, kompensasiyanın cari borcların ödənilməsinə yönəldilən və vətəndaşa çatan hissəsi, həmçinin restrukturizasiya güzəştinin şamil oluna biləcəyi cari kreditlər barədə ümumiləşdirilmiş məlumatları da özündə əks etdirir.

Portaldan istifadə etmək üçün Palatanın saytına daxil olaraq qeyd edilən bölmədə şəxsiyyəti təsdiq edən sənədin seriya nömrəsini, ad-soyad və telefon nömrəsini yazaraq məlumat əldə etmək olar. 

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyevin portalın təqdimatına həsr olunmuş tədbirdə verdiyi məlumata görə, problemli kreditlər üzrə kompensasiya ödənişi və restruktrurizasiyası çərçivəsində vətəndaşlar birbaşa müştəriləri banklara müraciət edəcəklər. O bildirib ki, bəzi vətəndaşlara onların məlumatlarının dəqiqləşdirilməsinə ehtiyac olduğu halda identifikasiyanın olunması barədə həmin şəxsə mesaj göndəriləcək. Bundan başqa, aprelin sonuna kimi problemli kreditlərlə bağlı kredit borcu olan şəxslərə SMS göndəriləcək və daha sonra növbəli şəkildə banklara çağırılacaqlar(ONA). 

Bağlanan bankların kredit götürən müştərilərinə gəlincə, onlara "Azərpoçt" tərəfindən SMS məlumat göndəriləcəyi bildirilib. 

Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov bildirib ki, Azərbaycanda banklar vətəndaşların ödəniş qabiliyyətini bərpa olunması üçün vaxtilə onlara müəyyən güzəştlər təklif edib.

Onun sözlərinə görə, prezidentin bu məsələ ilə bağlı fərmanda isə yaranmış məzənnə fərqindən çəkilən zərərə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulub: “Əgər kredit təşkilatı xüsusi məzənnə endirimləri ilə müqavilə təklif edibsə, o zaman həmin güzəşt hesablanmış kompensasiya məbləğindən çıxılacaq, ona uyğun olaraq hesablanacaq”.

Qeyd edək ki, fərmana əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankla birlikdə 15 gün müddətində Azərbaycanda fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını) hazırlayıb ölkə prezidenti ilə razılaşdırmaqla açıqlamalı idi. Hələlik bu mexanizm açıqlanmayıb. Bundan əlavə, həmin müddətdə problemli kreditlər üzrə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilməlidir.

Həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini isə 45 gün müddətində müəyyən etməli və bu barədə Maliyyə Nazirliyinə və Mərkəzi Banka məlumat verməlidir.//Musavat.com//


Tarix: 28-03-2019, 20:55
Xəbəri paylaş





Xəbər lenti