Azərbaycanda uşaqpulunun bərpası üçün maliyyə bazası var


Mərkəz rəhbəri: “Çoxsaylı ölkələrdə uşaqpulu ödənilir”...


Azərbaycanda uşaqpulunun bərpası ilə bağlı müzakirələr davam etməkdədir. Ölkə boyu gedən müzakirələrdə hər kəs 17 yaşadək uşaqlar üçün aylıq müavinət ödənməsini zəruri sayır. Bu məsələ ilə bağlı açıqlama verən bəzi hakimiyyət nümayəndələri isə 17 yaşadək uşaqlar üçün heç yerdə müavinət ödənmədiyini bildiriblər.

Qeyd edək ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi bütün növ yaş qrupları üzrə hesablamalar aparmaqla, uşaqpullarının ödənməsi mexanizmi ilə bağlı hökumətı təkliflər göndərmişdi. Cəmiyyətdə ciddi müzakirələrə yol açan təklifin müəllifi olan Mərkəzin rəhbəri Vüqar Bayramov qeyd edir ki, beyin mərkəzi olaraq müxtəlif mexanizm və təkliflər hazırlayırlar: “Bu təkliflərin qəbul olunması və ya necə tətbiq olunması birbaşa hökumətin verəcəyi qərarlardır. Digər tərəfdən, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) indiyədək yalnız Azərbaycan hökuməti üçün deyil, bir sıra digər dövlətlərdə fərqli təkliflər paketinin hazırlanmasını həyata keçirib. Konkret olaraq uşaq pulunun bərpası ilə bağlı mexanizm hazırlayan zaman onun real və rasional olmasına çalışmışıq. Bütün növ yaş qrupları təhlil edilib, tələb olunan maliyyə və eləcə də onun mənbələrini müəyyənləşdirilməklə yanaşı, bu ödənişlərin istehlak bazarında qiymətlərə təsirinin optimallaşdırılması ayrıca qiymətləndirilib. Bizim mexanizmin özəlliyi məhz büdcədə ağırlıq yaratmadan və istehlak bazarında qiymət tarazlığını pozmadan 2 milyon 614 min vətəndaşımıza aylıq ödənişin həyata keçirilməsinin mümkünlüyünün əsaslandırılmasıdır”.
V.Bayramovun sözlərinə görə, onlar 2015-ci ildəki devalvasiyalardan sonra problemli kreditlərə güzəştlərin tətbiq olunması ilə bağlı mexanlzmı hökumətə və ictimaiətə təqdim edəndə çoxları kreditlərə kompensasiya veriləcəyinə inanmırdı: “Amma sonda reallaşdı. İnanmaq istərdik ki, uşaq pulunun bərpası ilə bağlı təklifimiz də yaxın zamanlarda qəbul olunacaq”.

CESD mexanizmi təqdim edəndən sonra ən çox müzakirə edilən məsələlərdən biri də digər ölkələrdə 17 yaşadək uşaq pulunun olub-olmaması ilə bağlı oldu. Başqa ölkələrdə 17 yaşınadək uşaqlara pul ödənilirmi və bu mexanizmlər necədir? Mərkəz rəhbəri bildirir ki, mexanizmi hazırlayan zaman fərqli ölkələrin təcrübəsini öyrəniblər: “Qeyd etmək lazımdır ki, əksər inkişaf etmiş ölkələrdə uşaq pulu ödənilir. Avropa ölkələrinə diqqət yetirsək, Avstriyada 3 yaşadək uşaqlara 105, 3-9 yaş arasında olanlara 112, 18 yaşadək uşaqlara isə 130 avro ödənilir. İrlandiyada 18 yaşınadək bütün uşaqlar ayda 140 avro alır. Finlandiyada 17 yaşadək birinci uşağa ayda 100, ikinci uşağa 110, üçüncü uşağa 141, dördüncü uşaqa 162 avro ödənilir. Almaniyada birinci və ikinci uşağın hər birinə 194, üçüncü 200, dörd və daha çox olanlar isə hərəyə 225 avro aylıq ödəniş həyata keçirilir. Oxşar mexanizmlər Avstraliya, Kanada, Fransa, İtaliya, İsveç, İsveçrə, İspaniya, Norveç, Yeni Zellandiya, Cənubi Koreya və eləcə də əksər Mərkəzi və Şərqi Avropa ölkələrində o cümlədən Polşa və Macarıstanda da tətbiq olunur. Bəzi ölkələrdə uşaq pulunun məbləği ailənin gəlirlik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11.422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avo ödənilir. Ailənin gəliri artdıqca uşaq pulu məbləği dəyişir. Rusiyada hətta ikinci uşağı dünyaya gətirən ailələrə 8 min dollara yaxın “analıq kapitalı” adlandırılan ödəniş edilir. Bu vəsait uşağın təhsili və digər prioritet məqsədlər üçün istifad edilir.

Göründüyü kimi, 17 yaşadək uşaq pulunu verilməsi mexanizmi əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur. Ölkəmizin dövlət gəlirlərinin 2017-ci ildən etibarən yenidən artdığını nəzərə alsaq Azərbaycanda da uşaq pulunun bərpası üçün maliyyə imkanları var. Deməli, uşaq pulunun bərpasının maliyyə bazası var”.//Musavat.com//


Tarix: 1-04-2019, 14:34
Xəbəri paylaş





Xəbər lenti