Nemət Əliyev” Ölkə iqtisadiyyatına investisiyalar 37 faiz azalıb”


AXCP İqtisadiyyat Komissiyasının sədri Nemət Əliyevin sözlərinə görə, real sektora qoyulan sərmayələrin 3 aylıq həcmi 1 milyard manat və ya 37 faiz azalıb. N.Əliyev hesab edir ki, ölkəmizin investisiya imicinin korlanması yaxşı gələcək vəd eləmir. Bu davamiyyətin sonu isə tənəzzüldür. Bu fikirləri N.Əliyev facebook səhifəsində paylaşıb: “İstehsal sektoruna bu ilin yanvar-mart dövründə cəmi 1,7 milyard manat sərmayə yatirilib (faktiki bazar qiymətləri ilə). Halbuki bu göstərici 2018-ci ildə 2,2 milyard, 2017-ci ildə isə 2,7 milyard olub. Odur ki, istehsala yatırımlar son 2 ildə 1 milyard manat və ya 37 faiz azalıb. Azalmanın 50 faizi 2018-ci ilin hesabınadırsa, 50 faizi də 2019-cu ilin hesabınadır. Yəni, 2018-ci ildə investisiya cəlbediciliyini itirən istehsal sektorunun imici 2019-cu ildə daha da korlanıb (itkilər 2 dəfə artıb).

Ümumi sərmayələrin əgər 2017-ci ildə 86 faizi real sektora yönəlmişdirsə, 2018-ci ildə 76 faizi, 2019-cu ildə 64 faizi yönəlib. Deməli, hökumətin investisiya siyasəti mövcud imkanların real sektora yönəlməsini təşviq edə bilməyib. Hökumətin bu yöndə təşviqedici siyasəti olmuşdursa da, dişsiz olub, nəinki dişsiz olub, hətta əks təsir göstərib.

Bu ilin yanvar-mart dövründə ölkənin iqtisadi və sosial həyatına ümumi sərmayə qoyuluşu DSK-nın açıqladığı rəsmi məlumatlara görə 9 faiz azalıb (müqayisəli qiymətlərlə). Bu göstərici üzrə ötən il də 14,3 faiz azalma qeydə alınmışdı. Belə məlum olur ki, son iki ildə investorlar öz maliyyə vəsaitlərini hələ də ölkədən çıxarmaqda davam edirlər.

Makroiqtisadi tarazlığın təmin olunmasında və məşğulluq səviyyəsinin artırılmasında əhəmiyyətli rolu olan investisiyaların ölkədən çıxarılmaqda davam eləməsi yaxşı gələcək vəd eləmir. Bu davamiyyətin sonu tənəzzüldür. Odur ki, ölkədaxili şəraitin sağlamlaşdırılması istiqamətində əməli, amma və lakin kompleks islahatlar həyata keçirilməlidir”.

Tarix: 18-04-2019, 09:22
Xəbəri paylaş





Xəbər lenti