Limit qaz və işığa qənaət etdiribmi?
"Elektrik enerjisinə və qaza tətbiq olunan limitin məqsədi artıq məsrəfə yol verilməməsi, qənaət rejimindən istifadə olunmasıdır".

Siam.az xəbər verir ki, bu sözləri "sherg.az" saytına verdiyi açıqlamada millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, limitlərin tətbiqi hər kəsin qazı və elektrik enerjisini qənaətlə işlətməsinə şərait yaratdı.

Məlumat üçün bildirək ki, millət vəkilinin dediyindən fərqli olaraq açıqlanan rəsmi statistika qaz və elektrik enerjisi istehlakının tətbiq edilən limitlə əlaqəsinin olmadığını göstərir.

Bildiyimiz kimi, qaz və elektrik enerjisinə 2016-cı ildə limit tətbiq olunub.

Dövlət Statistika Komitəsindən açıqlanan məlumatda göstərilir ki, limit tətbiq olunmazdan əvvəl - 2015-ci ildə əhali 2 milyard 750,7 milyon kubmetr təbii qaz istehlak edib. Limit tətbiq olunduqdan sonra - 2017-ci ildə isə əhali tərəfindən 2 milyard 826,5 milyon kubmetr təbii qaz istehlak olunub.

Onu da bildirək ki, 2017-ci ildə əhali 7 milyard 134,6 milyon kVt saat elektrik enerjisi istehlak edib. Halbuki limit tətbiq olunmazdan əvvəlki illərdə - 2009-2013-cü illərdə bundan daha az elektrik enerjisi istehlak olunub.(Yeniavaz.com)