Elman Rüstəmov: “Kredit faizlərinə məhdudiyyət qoyulması məsələsi ən yüksək səviyyədə müzakirə edilib”


 “Faizlərə məhdudiyyət bank sektorundan pulların kənarlaşmasına, kölgə bankçılığının inkişafına apara bilər”

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9 faizdən 8,75 faizə endirilməsi haqda qərar qəbul edib. Bu barədə mətbuata AMB-nin sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə həsr olunmuş mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 10,75 faiz, aşağı həddi isə 6,75 faiz (uçot dərəcəsinə ±2 faizlik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Xatırladaq ki, Azərbaycanda uçot dərəcəsi bu il martın 15-də azaldılmışdı. AMB faizlərə növbəti dəfə bu il iyunun 7-də baxacaq(Report).

Konfransda jurnalistlərin suallarını cavablandıran E.Rüstəmov bildirib ki, dünya əmtəə bazarlarındakı konyunktura Azərbaycan üçün əlverişlidir.  O qeyd edib ki, neftin qiyməti ilin əvvəlindən 34 faiz yüksəlib. Neftin orta qiyməti birinci rüb ərzində 65 dollar təşkil edib. Bu da Azərbaycanın büdcə və sosial iqtisadi inkişaf proqnozunda nəzərdə tutulan 60 dollardan çoxdur.

İlin birinci rübündə Azərbaycanda illik inflyasiyanın səviyyəsi 2,1 faiz təşkil edib və bu göstərici AMB-nin illik inflyasiya hədəfinə uyğundur: “İllik inflyasiya pullu xidmətlərin qiymətinin dinamikasından təsirlənib. Bu ilin sonunda illik inflyasiyanın 4 faiz təşkil edəcəyi gözlənilir”.

E.Rüstəmov ölkədə kredit faizlərinə məhdudiyyət qoyulması ilə bağlı hazırlanmış qanun layihəsinə də münasibət bildirib: “Azərbaycanda kredit faizlərinə məhdudiyyət qoyulması məsələsi ən yüksək səviyyədə müzakirə edilib və artıq gündəmdən çıxıb. Bizim bu məsələyə münasibətimiz əvvəlcədən mənfi olub. Düşünürük ki, bu, ölkə prezidentinin elan etdiyi uzunmüddətli struktur islahatlarına və dərin bazar iqtisadiyyatına keçid istiqamərində görülən işlərə ziddir.

Təklif olunan məsələni dərindən araşdırmışıq. Bu təcrübədən aşağı gəlirli ölkələrdə istifadə olunur. Yəni, inflyasiya iqtisadi usullarlıa idarə olunmursa, qanunvericiliklə bağlı addımlara əl atılır. Xüsusilə maliyyə savadlılığı aşağı olan ölkələrdə banklar istehsalk kreditlərində sələmçilik faizlərinə əl atırlar, buna qarşı dövlət səviyyəsində müəyyən tədbirlər görülür".

Baş bankirin sözlərinə görə, kredit faizlərinə tavan müəyyən edilməsi iqtisadiyyatın qeyri-bazar üsulları ilə tənzimlənməsinə, maliyyə sektoru ilə real sektor arasında əlaqələrə zərbə vurulmasına gətirib-çıxara bilər: “Artıq təkliflər səslənirdi ki, əmanət faizlərinə də tavan qoyulsun. Bu sosial baxımdan nə dərəcədə doğru ola bilər? Əmanətlər əhalinin mülkiyyətidir. Bundan başqa, faizlərə məhdudiyyət bank sektorundan pulların kənarlaşmasına, kölgə bankçılığının inkişafına apara bilər”.

Samir Æliyev ile ilgili görsel sonucu

Mərkəzi Bankın uçot dərəcəsini azaltmaq qərarını şərh edən iqtisadçı-ekspert Samir Əliyevin “Yeni Müsavat”a dediyinə görə, qərar təəccüblü deyil: “İnflyasiya səviyyəsi 2,1 faizdirsə, uçot dərəcəsinin ondan 5 dəfə yüksək olması normal deyil. Digər tərəfdən, düşünürəm ki, rəsmi açıqlanan inflyasiya səviyyəsi real vəziyyəti əks etdirmir. İnsanların gündəlik istifadə etdiyi məhsulların hamısında ciddi bahalaşma baş verib. Bu baxımdan, inflıyasiya səviyyəsinin hesablanması metodologiyasının təkmilləşdirilməsinə ciddi ehtiyac var. Bu baxımdan, hesab edirəm ki, Mərkəzi Bank uçot dərəcələrinin aşağı salınması ilə bağlı ehtiyatlı olmalıdır. Bu gün neftin qiyməti yüksəkdir, təhlükə yoxdur. Amma neft qiymətlərinin sabitliyi heç də daimi deyil”.

Ekspertin fikrincə, Azərbaycanda uçot dərəcəsinin dəyişməsi bazara hansısa ciddi təsir göstərmir: “Xüsusilə 0,25 faizlik dəyişiklik demək olar ki, tam təsirsiz bir addımdır. Belə dəyişikliklər o ölkələrdə təsirli olur ki, uçot dərəcəsi kredit bazarında ciddi rola malikdir. Məsələn, Avropa Mərkəzi Bankı, ABŞ-da FED-in uçot dərəcəsini 0,25 faiz dəyişməsi bazarlarda ciddi təsirlər yaradır. Azərbaycanda isə 1-2 faizlik dəyişiklik də hansısa təsir yaratmayıb. Bəzi vaxtlarda Mərkəzi Bankın uçot dərəcəsi 2 faiz olub, amma bu, bazarda hiss olunmayıb. Bunun da əsas səbəbi banklararası kreditləşmənin, eyni zamanda Mərkəzi Bank tərəfindən verilən mərkəzləşmiş kreditlərin bankların ümumi kredit portfelindəki payının aşağı olmasıdır. Uçot dərəcəsinin 0,25 faiz azaldılması əsasən banklara verilən dəstəyə təsir göstərir. Bankların bu istiqamətdən gəlirinin aşağı düşməsinə gətirib çıxarır. Düşünürəm ki, Mərkəzi Bank bankların gəlirləri kəskin azalmasın deyə uçot dərəcəsini daha aşağı templə azaldır”.

S.Əliyev baş bankirin kredit faizlərinin yuxarı həddinə limit qoyulması ilə bağlı mövqeyini düzgün hesab edir: “Dünya təcrübəsində kredit faizlərinə limit tətbiq olunması var. Əsasən inkişaf etməkdə olan ölkələr bu təcrübədən istifadə edirlər. Dünya Bankının bununla bağlı araşdırması da var. Məsələ burasındadır ki, dünyada bu tendensiya dəyişir: inkişaf etmiş ölkələrdə kredit faizlərinə tavanın tətbiqi siyasətindən imtina olunur. Buna daha çox inkişaf etməkdə olan ölkələr meyl edirlər. Azərbaycanda bu təcrübədən istifadəni düzgün addım hesab etmirəm. Bunu daha çox dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsinə bənzədirəm. İlk vaxtlarda xeyli sayda dərmanın qiyməti kəskin şəkildə aşağı düşdü. Amma sonradan qiyməti tənzimlənən dərmanlar satışdan yoxa çıxmağa başladı. Dərmanların mənşə ölkələri dəyişdi, keyfiyyət baxımından daha aşağı səviyyəli dərmanların idxalı çoxaldı və sair. Kredit faizlərinə tavan  müəyyənləşməsi də kredit bazarında keyfiyyətsizliyə, qeyri-rəsmi fəaliyyətlərə gətirib çıxaracaq”.

DÜNYA

Tarix: 27-04-2019, 09:49
Xəbəri paylaş





Xəbər lenti