Cari ilin 5-ci ayına nələrlə başladıq: Siyasi və iqtisadi sahədə baş verənlər...


Fikrət Yusifov: “Son 3 ayda vətəndaşlarımızın banklara yatırtdığı əmanətlərin həcmi ötən ilin birinci rübü ilə müqayisədə 6,0% arta bilib, kredit qoyuluşlarının həcmi 12,2% artıb”

Cari ilin ilk 4 ayı geridə qaldı. Ötən dövr siyasi və iqtisadi zəmində bir çox hadisələrlə, islahatlarla yadda qaldı. İlin əvvəlindən start götürən sosial islahatlar nəticəsində əhalinin böyük bir qismini əhatə edən qərarla verildi. Əmək haqları, sosial müavinət və təqaüdlər artırıldı. İqtisadi sektorda problemli kreditlərin həlli əsas hadisələrdən biri oldu. Siyasi səhnədə də ölkədə regional vəziyyət daha çox müzakirə olundu.

Musavat.com  ilin ötən 4 ayına iqtisadçı və politoloqun gözü ilə nəzər salıb.

İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov müsavat.com-a açıqlamasında bildirdi ki, cari ili ötən dövrü ərzində ölkə iqtisadiyyatı əvvəlki illərlə müqayisədə daha pozitiv nəticələr sərgiləyə bildi: “Rəsmi statistika 4 ayın nəticələrinə dair göstəriciləri may ayının 10-dan sonra açıqlayacaq. Ona görə də biz də cari ilin ötən dövrünə yanvar-mart ayları üçün dərc edilmiş rəsmi statistik göstəricilər əsasında qiymət verəcəyik. Bu ilin 3 ayı ərzində ÜDM-n 3% artımına nail olunub. Nəzərə çatdıraq ki, keçən ilin eyni dövründə bu artım öncəki illə müqayisədə cəmisi 2,3% olmuşdu. Hesabat dövründə sənaye məhsulunun həcmi 4,4%, o cümlədən qeyri-neft sənayesi üzrə məhsul istehsalının həcmi 15,6% artıb. İqtisadiyyatın inkişafının əsas indikatoru olan əsalı kapitala yönəldilən vəsaitlərin həcmi ötən ildəki səviyyədən 5,3% artaraq 2018-ci ilin birinci rübündəki 84,7%-dən cari ilin birinci rübündə 91%-ə yüksəlmişdi. Bu zaman qeyri-neft sektorunda əsas kapitala yönəldilən vəsaitlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,0% artmışdı”.

FikrÉt Yusifov ile ilgili görsel sonucu

F.Yusifovun sözlərinə görə, bu göstərici özlüyündə ölkə iqtisadiyyatının əsasını təşkil edən real sektorun inkişafına bütün səviyyələrdən olan diqqətin nəticəsində mümkün ola bilmişdi: “Üç ay ərzində kənd təsərrüfatında 3,6%, o cümlədən, bitkiçilik sahəsində 24,7% artıma nail olunmuşdu. Ötən illə müqayisədə Dövlət büdcəsinin gəlirləri 19,2%, xərcləri isə 14,2% artıq icra edilmişdi. Ölkənin bank sektoruna insanlarımızın inamını bərpa olunmasının bir bariz nümunəsi onların banklardakı əmanətlərinin vəziyyəti ilə xarakterizə olunur. Son 3 ayda vətəndaşlarımızın banklara yatırtdığı əmanətlərin həcmi ötən ilin birinci rübü ilə müqayisədə 6,0% arta bilib, kredit qoyuluşlarının həcmi 12,2% artıb. Halbuki, 2018-ci ildə ölkənin bank sektoru üzrə kredit qoyuluşlarının həcmi 2017-ci illə müqayisədə 27,2% azalmışdı. Ötən 2 ay ərzində qeyri-neft sektorundan ixracın həcmi 16,5% artırıla bilib. Bu göstəricilərin pozitivliyi nə qədər diqqət çəkən olsa da ötən üç ayda qeyri-neft sektorunda ÜDM artım sürətinin azalması, bu sektordan ixracın həcmindəki templərin aşağı düşməsi diqqətdən yayına bilməz. Məsələn, 2018-ci ilin birinci rübü ərzində ÜDM-un artım sürəti 2,3 %, qeyri-neft ÜDM-un artım sürəti 2,9% olduğu halda, cari ilin birinci rübündə ÜDM artım sürəti 3,0%, qeyri-neft ÜDM-un artım sürəti isə cəmisi 1,7% təşkil etmişdi.

İqtisadçı alimin sözlərinə görə, ilin ilk aylarında qeyri-neft ixracının azalması və idxalın artması heç də arzuolunan deyil: “Bu ilin iki ayı ərzində qeyri-neft sektorundan ixracın həcmində də kifayət qədər azalmalar qeydə alınmışdı. Məsələn, 2018-ci ilin birinci iki ayı ərzində qeyri- neft ixracınin həcmi 2017-ci ilin ilk 2 ayı ilə müqayisədə 66 milyon dollar artmışdısa, 2019-cu ilin birinci 2 ayı ərzində bu sektordan ixracın həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə cəmisi 40 milyon dollar arta bilmişdi. Əgər bu sıraya cari ilin ilk iki ayı ərzində idxalın həcmində baş vermiş 50%-ə qədər artımı da əlavə etsək bu halda mövcud vəziyyətin bir o qədər ürəkaçan olmadığı aşkardır. Bu yerdə aidiyyatı icra qurumlarının ətalətdən çıxaraq vəziyyətlə bağlı ciddi araşdırma aparmasına və təxirəsalınmaz tədbirlər görməsinə ehtiyac var. Prezident 2015-ci ilin sonlarında ölkədə post-neft dövrünün başlandığını bəyan etdikdən sonra qısa zaman kəsiyində ölkədə real sektorun sürətli inkişafını təmin edə biləcək bütün qərarlara imza atdı. Bundan sonra, ötən dövr ərzində əldə olunan nəticələr qənaətbəxş deyilsə, deməli bu vəziyyəti yaradan icra aparatının fəaliyyətindəki qüsurlardır. Hesab edirəm ki, bunun üzərində ciddi düşünməyin vaxtı çatıb. Unutmayaq ki, neftin qiymətlərinə güvən getdikcə azalır. Əgər ABŞ prezidentinin bir telefon zəngi ilə bu qiymətlər kəskin azala bilirsə, deməli neftə güvənməyin heç yeri yoxdur. Cənab icraçılar bilməlidirlər ki, ölkə iqtisadiyyatının inkişafı üçün güvənilməli olan tək yol Prezidentin müəyyən etdiyi yoldur. Bu yolla qətiyyətlə hərəkət edib iqtisadiyyatın real sektorunun sürətli inkişafını təmin etmək lazımdır. Bunu etmək - idxalı əvəzləyəcək istehsalın və real sektordan ixracın həcminin artması demək olacaq ki, bu da bizim təhlükəli neft qiymətlərindən asılılığımızı minimuma endirə bilən yeganə yoldur”.

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirdi ki, ötən 4 ayın ən diqqətçəkən siyasi hadisələri Ukrayna da və Türkiyədə baş verənlərdir: “Ukraynada prezident, Türkiyədə isə bələdiyyə seçkiləri keçirildi. Biz hər iki seçkiləri ona görə izləyirdik ki, Türkiyə bizim strateji müttəfiqimizdir, orada siyasi qüvvələr balansı bizi maraqlandırır. Ukrayna da  bizim tərəfdaşlarımızdan biridir. Onlarla da iqtisadi əlaqələrimiz, yaxınlığımız var. Ona görə də, Ukraynada prezident seçkilərinin nəticəsi bizi maraqlandırırdı. Rusiya-Ermənistan ittifaqı yenidən güclənməkdədir. Rusiya yeni hərbi texnikasını Ermənistana verir. Bu da ondan xəbər verir ki, Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllində maraqlı deyil”.

Politoloqun sözlərinə görə, son hadisələrdən biri də gözlənilməz halda Gürcüstanın Azərbaycana qarşı ərazi iddialarının ortaya atılması oldu: “Gürcüstanın yeni seçilən prezidenti diplomat olmasına baxmayaraq bir qədər soyuqqanlı davrandı , Azərbaycana qarşı yalan ortaya atdı. Nəticədə Gürcüstan siyasi qüvvələri anti-Azərbaycan əhval-ruhiyyəsinə köklənib. Bu məsələni daha çox  şişirtmək Gürcüstanın özünə ziyan ola bilər. ona görə də ikitərəfli əlaqələrin bərpasına ehtiyac var ki, Gürcüstanı bu yanlış yoldan çəkindirə bilək. Gürcüstan-Azərbaycan münasibətlərinin korlanması erməni separatçılarının maraqlarına xidmət edir ki, buna heç zaman  yol vermək olmaz. Daxili siyasi situasiyaya gəldikdə isə elə bir ciddi hadisənin olduğunu söyləmək olmaz. Dövlət başçısı siyasi sahədə müəyyən qərarlar verib, o qərarların həyata keçirilməsinə çalışır. Müxalifət cəbhəsində elə bir gəlişmə yoxdur. Dekabr ayında Azərbaycanda bələdiyyə seçkiləri olacaq. Seçki öncəsi müəyyən hərəkətlilik ola bilər. Ancaq Azərbaycanda bələdiyyələrin elə böyük statusu olmadığına görə, bu seçkilərin Türkiyədəki kimi hərarətli olduğunu düşünmürəm”.


Tarix: 30-04-2019, 23:48
Xəbəri paylaş





Xəbər lenti