Ziyanda “batan” “Azərxalça”: İflasa aparan yol, yoxsa xilas üçün plan?

Ziyanda “batan” “Azərxalça”: İflasa aparan yol, yoxsa xilas üçün plan?  


“Azərxalça” şirkəti 2018-ci ili 4 milyon 155 min manat zərərlə başa vurub.

Bu, 2017-ci illə müqayisədə 7,3 dəfə çoxdur. Belə ki, “Azərxalça” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 78 milyon 344 min manat təşkil edib. Bu isə ötən ilin yanvarın 1-i ilə müqayisədə 75,8% çoxdur. 2018-ci ildə “Azərxalça”nın uzunmüddətli aktivləri 3,2 dəfə artaraq 50 milyon 657 minn manata çatıb, cari aktivləri isə 4,2% azalaraq 27 milyon 687 min manata düşüb. İl ərzində səhmdar cəmiyyətin cəmi öhdəlikləri 86,7% artaraq 199 min manat, cəmi kapitalı isə 75,8% artaraq 78 milyon 144 min manat olub. Ötən il “Azərxalça”nın satışdan gəliri 424 min manat (əvvəlki ilə nisbətən 6,8 dəfə çox), satışının maya dəyəri 540 min manat (5 dəfə çox), satış və paylanma xərcləri 90 min manat (40,6% çox), inzibati və əməliyyat xərcləri 1 milyon 344 min manat (49% çox), amortizasiya və köhnəlmə xərcləri 2 milyon 570 min manat (30,4 dəfə çox), faiz gəliri 108 min manat (76,1% az), mənfəət vergisi ödəmələri isə 144 min manat (əvvəlki il qənaət edib) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 4 milyon 155 minn manat zərərlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 7,3 dəfə çoxdur. Beləliklə, "Azərxalça"nın yığılmış zərəri 4 milyon 835 min manata çatıb. 

Maraqlıdır, dünyada Azərbaycan brendi kimi tanınan və xüsusi münasibətə layiq olan xalçaçılıq ölkədə nə üçün inkişaf edə bilmir? Axı xalçaları dünyaya ixrac etməklə həm yetəri qədər gəlir əldə etmək, həm də ölkəni dünyaya tanıtmağımız asan və mümkündür. Nəzərə alsaq ki, xalçaçılığın tarixi ölkədə çox qədimlərə dayanır və bu sahənin sirlərini bilən peşəkar ustalar çoxdur, niyə “Azərxalça” ili  bu qədər zərərlə başa vurmalıdır? 

Xatırladaq ki, “Azərxalça” ölkə Prezidentinin sərəncamı ilə 5 may 2016-cı ildə yaradılıb. Nizamnamə kapitalı 15 milyon manat olub. Sərəncamdan sonra xalçaçılıq sahəsində canlanmanın olacağı ümidləri  hələ doğrulmayıb. 

Hətta bu məsələ mediada da dəfələrlə müzakirə edilib, ekspertlər bu barədə fikirlərini bildirib. İqtisadçı-ekspert Akif Nəsirli hesab edib ki, müasir dünyada əntiq əşyalara maraq artıb:

“Xalçaların ixrac prosesini təşkil edərkən diqqət yetirmək lazımdır ki, Azərbaycanın qədim xalçaçılıq ənənələri istehsal məhsullarının üzərində olsun. Bu, hansısa başqa xalqın ənənələrinin pirat nünunələri olmasın. Çünki belə bir şey olarsa, bu iş tamamilə iflasa uğraya bilər. Bu sahədə Azərbaycanın xalçaçılıq sirlərini bilən mütəxəssislər çalışmalıdırlar. Onlardan istifadə etməklə bu işi təşkil etmək olar. Çox səmərəli sahədir və hesab edirəm ki, bu sahədə Azərbaycan ciddi uğurlara imza ata bilər”. 

2018-ci ildə “Azərxalça” işçilərinin sayı 691 nəfər və yaxud 87,8% artaraq 1 478-ə çatmışdı. Bəs görəsən, problem nədədir? İşçi, mütəxxəssis və əmək varsa, nə üçün bu sahədən gəlir əldə etmək əvəzinə "Azərxalça" zərərin içində "üzür"? Şirkət zərəri azaldaraq müəssisənin xeyirlə işləməsi üçün hansı tədbirləri görəcək? İflasa göz yumacaq, yoxsa daha çox və məntiqli addımlar atacaq? Bütün bu suallara zaman keçdikcə cavab tapılacaq. Ümid edirik ki, Azərbaycanda xalçaçılığın inkişafı həmişə diqqət mərkəzində olacaq və dünyada bu brend özünə layiqli yer tutacaq. //Cebhe.info//


Tarix: 1-05-2019, 20:27
Xəbəri paylaş





Xəbər lenti