Dollar “sevgisi”: Əmanətlər niyə artır?


Dollar “sevgisi”: Əmanətlər niyə artır?

Əmanətlər milli valyutada azalıb, xarici valyutada artıb. 

Mərkəzi Bankın statistikasına əsasən, 2019-cu ilin fevral ayı ilə müqayisədə mart ayında banklarda fiziki şəxslərin (əhalinin) əmanətləri 125,1 milyon manat artıb. 2019-cu il  martın 31-də fiziki şəxslərin əmanətləri 8 milyard 339,1 milyon manat təşkil edib. Bu, fevralın 28-i ilə müqayisədə 125,1 milyon manat çoxdur. Fiziki şəxslərin əmanətləri ötən ilin sonu ilə müqayisədə yanvarda 299,5 milyon manat azalmış, yanvar ayı ilə müqayisədə fevralda isə 138,1 milyon manat artıb. İlk 3 ayda fiziki şəxslərin əmanətləri 36,3 milyon manat azalıb.

Mart ayının sonunda fiziki şəxslərin 8 milyard 339,1 milyon manat cəmi əmanətlərinin 3 milyard 297,4 milyon manatı və ya 39,54 faizi milli valyutada, 5 milyard 41,7 milyon manatı və ya 60,46 faizi xarici valyutada olub. Fevral ayının sonunda fiziki şəxslərin 8 milyard 214 milyon manat əmanətinin 3 milyard 331,5 milyon manatı və ya 40,6 faizi milli valyutada, 4 milyard 882,5 milyon manatı və ya 59,4 faizi xarici valyutada idi. Martda milli valyutadakı əmanətlər 34 milyon manat azalıb, xarici valyutadakı əmanətlər isə 159,2 milyon manat artıb.

Maraqlıdır, əmanətlərlə bağlı müşahidə olunan bu tendensiyanı müsbət dinamika hesab etmək olarmı?

İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, 2017-ci ildən sonra dollarla olan əmanətlərin sayı ümumi kredit portfelindən daha çoxdur: 

“Bu gün dollarla olan əmanətlərin payı ümumi kredit portfelinin, təxminən 60 faizini təşkil edir. Bu, hələ də vətəndaşlarımızın öz pullarını dollarda saxlamağa üstünlük verməsi anlamına gəlir.Vətəndaşlar üçün vəsaitlərini dollarla saxlamaq daha cəlbedicidir.Kommersiya bankları manatla depozitlərə daha çox divident təklif edirlər.Nəzərə alsaq ki, banklar manatla depozitlərə 7 faizə yaxın divident təklif edirlər, xarici valyuta olan depozitlərə təklif edilən divident isə, hətta 1 faizdən belə aşağıdır.Amma buna rəğmən milli və xarici valyutada olan əmanətlər arasında fərq çox böyükdür.Faiz dividentinin yüksək olması depozitlərin manatla saxlanılmasına müəyyən təsir etsə də, amma sonradan müşahidə olunanlar onu deməyə əsas verir ki, manata inam tam formalaşmayıb.Yenə də dollara inam daha yüksəkdir.Bu baxımdan dollarda olan depozitlərin həcminin artması heç də arzuolunan deyil.Ümumiyyətlə, bank sektoru üçün dollarlaşma müsbət hal kimi qiymətləndirilməməlidir”.

Analitik hesab edir ki, əslində, Mərkəzi Bank manata inamı artırmağa çalışmalıdır: 

“Manata inam tam bərpa olunandan sonra vətəndaşlar pullarını milli valyutada saxlamağa üstünlük verəcəklər. Bu, dollara tələbin azalmasına gətirib çıxara bilər.Amma reallıq bundan ibarətdir ki, hələ də dollarda depozit saxlamaq istəyənlərin sayı daha çoxdur.Dollara üstünlük verənlərlə müqayisədə manatla depozit saxlayanların sayı azdır. Bu kontekstdən manatla depozitlərin daha çox saxlanmasına o zaman müşahidə edə bilərik ki, milli valyutaya inamın tam formalaşmasına nail ola bilək. Manata inam tam formalaşmayınca yenə də vətəndaşların əhəmiyyətli hissəsi öz pullarını dollarda saxlamağa üstünlük verəcəklər”./Cebhe.info/



Tarix: 7-05-2019, 22:54
Xəbəri paylaş





Xəbər lenti