“Kupça”laşmanı hansı qurum ləngidir?

“Kupça”laşmanı hansı qurum ləngidir?


Bu ilin fevralında ölkə başçısı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalayıb. 

Fərmanın icrası davam etdirilir. Artıq 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar təqdim edilib. Qeyd edək ki, həmin sənəd 2019-cu il yanvarın 1-dək tikilən, tam təhvil verilən, istismara qəbul olunmayan və faktiki olaraq insanların yaşadıqları binalara şamil edilir. 

Ümumilikdə, bu Fərman 400-dək yaşayış kompleksinə şamil olunub, 50 minədək mənzili əhatə edir. Artıq Əmlak Xidmətləri Məkanında 70 minədək vətəndaş müraciəti qeydə alınıb və müraciətlər davam edir. Sənəd evlərin qeyri-leqal yolla dövriyyəsinin dayandırılmasını nəzərdə tutub. Eyni zamanda həmin binaların istismara qəbulu qaydaları sadələşdiriləcək. 

Məlumat üçün bildirək ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu prosesin yekun mərhələsində vətəndaşlara çıxarışlar təqdim edən qurumdur. Belə ki, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları, “Azərsu” ASC, “Azərişıq” ASC və “Azəriqaz” İB Fərmanın icrası ilə əlaqədar birgə fəaliyyət göstərir. Bu prosesdə Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə işlərin 20 faizi düşür. Digər sənədləri aidiyyatı qurumlar toplayır və təqdim edir.  

İlk olaraq, Fövqəladə Hallar Nazirliyi binanın müxtəlif parametrlər üzrə təhlükəsizliyini yoxlayır. Hər şey qaydasında olduğu təqdirdə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumat verilir. Daha sonra  bina Əmlak Məsələləri Dövlət Komitəsinin reyestrində qeydiyyata alınır. Bu prosedurlar bitdikdən sonra vətəndaş çıxarışın alınması üçün müraciət etmək hüququnu qazanmış olur.

Uzun illər idi ki, Bakı Şəhər İcra Hakimiyyəti sənədləşmə işlərində müəyyən qüsurları olan binalara istismar aktı verməkdən imtina edirdi. Prezidentin budəfəki fərmanında bu məsələnin də həlli nəzərdə tutulur. Belə ki, Fövqəladə Hallar Nazirliyinin çoxmənzilli yaşayış binalarındakı dayanıqlılıqla bağlı rəy verdiyi bina istismara qəbul olunmalıdır. Bu halda, Bakı Şəhər İcra Hakimiyyəti heç bir halda, çıxarış verməkdən imtina edə bilməyəcək.

Ekspertlər isə istənilən halda, “kupça”laşma prosesinin ləng getdiyini bildirirlər. 3 ay ərzində 50 minədək evdən 300-nün sənədləşməsinin çox az rəqəmdir. Hesab olunur ki, prosesi ləngidənlər qurumlar var. İddialara görə, Dövlət Gömrük Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi çoxmənzilli binaların istismara verilməsi prosedurunu uzadır. 

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, artıq 500-dən çox evə “kupça” verilib və bu istiqamətdə işlər davam etdirilir: 

“Bizim qurum sənədləşmə məsələsində son instansiyadır. Əmlak Məsələləri Dövlət Komitəsinə qədər bir çox instansiyalar var ki, onlar bütün məlumatları bizə təqdim etməlidirlər. Bir sözlə, Əmlak Məsələləri Dövlət Komitəsinə binaların istismara icazələrilə bağlı məlumatlar daxil olduqca, vətəndaşlara çıxarışlar verilir. Hazırda da bununla bağlı müraciətlər davam edir. Eyni zamanda sənədləşmə ilə bağlı ünvanlarda sosial aksiyalar həyata keçiririk. “Kupça”laşdırılacaq binalardakı ünvanlarda vətəndaşlardan sənədlər toplayırıq. Həmçinin vətəndaş özü də istəyirsə əmlak xidmətləri məkanına, yaxud “ASAN Xidmət”ə müraciət edə bilər. Bu məsələ vətəndaşın aktivliyindən də çox asılıdır. Vətəndaş müraciət etməlidir ki, biz ona çıxarış verək. Ona görə də biz həmin ünvanlarda maarifləndirici tədbirlər, aksiyalar keçiriririk ki, məsələdən agah olsunlar. Vətəndaş əgər sənədini vermək istəmirsə, mən ondan zorla heç nə ala bilmərəm”.

Alçina Amilqızı

Tarix: 21-05-2019, 20:11
Xəbəri paylaş





Xəbər lenti