“Avtomobillərin gömrük rüsumu aşağı salınmalıdır” - “Yanacağı biz istehsal edirik, amma ən zayı da bizdədir”

 Elmədddin Muradlı: “Sərhəddin o tayında avtomobil 3 mindir, bu tayında isə 8 minə gəlib çıxır”
“İnsanları elə vəziyyətə salırlar ki, mütləq sən “leş” maşın sürməlisən, təzə maşın sürmək bizlik deyil...”
“Bəzi iş adamları o məmulara rüşvət verməyin əlindən bezir, benzinə qatqı qatır ki, heç olmasa öz pulunu çıxara bilsin”
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə açıqlayıb ki, hazırda atmosfer havasının çirklənməsinin azaldılması üçün köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalının müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində işlər görülür.
Onun sözlərinə görə, hazırda atmosfer havasının çirklənməsinin azaldılması üçün müxtəlif istiqamətdə tədbirlər həyata keçirilir. O cümlədən ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılması üçün ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsi ilə bağlı işlər görülür. R.Səttarzadə qeyd edib ki, ekoloji cəhətdən təmiz avtomobillərdən (elektromobillər, hibrid avtomobillər, digər alternativ yanacaq növü ilə işləyən) istifadənin təşviq edilməsi işləri aparılır: “Alternativ yanacaq növü kimi sıxılmış təbii qazı misal gətirmək olar. Bu həm avtomobillərin təhlükəsiz istismarı, həm də atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması üçün yaxşıdır. Bu da şəhərlərdə, böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir. Bundan əlavə sıxılmış təbii qaz digər yanacaq növləri ilə müqayisədə daha ucuzdur və avtomobillərin istismar müddətini də artırır”.
“Yeni avtomobil gətirən insanlara gömrük rüsumu ilə bağlı şərait yaratmaq lazımdı”
Dizel mühərrikli avtomobillərin idxalının məhdudlaşdırılması ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “Hürriyyət”ə dedi ki, dizel mühərrikli avtomobillərin istismardan yığışdırılması ilə bağlı ilk addımlardan birini Almaniya atdı: “Hansı ki, Almaniya özü dizel mühərrikli avtomobillər istehsal edir və digər ölkələrə bunu ixrac edir. Amma ekoloji cəhətdən nə qədər zərərli olduğunu gec-tez onlar da başa düşdülər və öz ölkələrində bunun istismarını qadağan edirlər. Amma istehsal məsələsinə hələ də bir söz demirlər. Ziddiyyətli məsələ budur ki, özlərində istifadə etmirlər, amma istehsal edib, başqa ölkələrə satırlar. Almanlar o qədər də ağılsız bir millət deyil ki, bu məsələdə özlərini düşünmür, başqalarına xeyir verirlər. Sadəcə, zərərli olduğunu bilirlər və kim o zərəri qəbul etmək istəyirsə, gedib alır.
Azərbaycanda bu proses belə qısa müddətdə baş tutmayacaq. Çünki bu illərlə vaxt aparan bir prosesdir. Bunun üçün insanları stimullaşdırmaq lazımdır. Yeni avtomobil gətirən insanlara gömrük rüsumu ilə bağlı şərait yaratmaq lazımdır ki, insanlar gedib dizel mühərrikli avtomobilli satsa və yaxud metalloma verəcəksə, heç olmasa o elədiyi pulun qarşılığında, yaxud üstünə bir az pul qoyub, normal bir maşın ala bilsin. Yəqin ki, bizim gömrük rüsumlarından məlumatınız var, nə dərəcədə dəhşətli rəqəmlərin ortaya çıxdığını da hamımız bilirik. Bunun fonunda heç kim köhnə dizel “Mercedes”ini 4 min manata satıb, gedib Gürcüstandan 4 min manata yaxşı bir maşın tapsa, gətirib üstünə 6 min qoyub gömrüyə rüsüm ödəməsi mümkün deyil, buna heç cür imkanı çatmayacaq. Sıxılmış qazla işləyən maşınlar, yaxşıdır. Amma o sistemi benzin mühərrikli avtomobillərə quraşdırmaq olur. Dizel mühərrikə qazla mühərrik qoymaq mümkün deyil. Yəni istənilən bir qaz quraşdırma məntəqəsinə müraciət etsəniz deyəcəklər ki, benzinlə çalışan maşındırsa, onun qazla işləmək imkanı da var, ona qaz balonu qoymaq olur, amma dizelə bu, mümkün deyil, alnmır”.
“Qazla işləyən maşınlara keçmək olar”
E. Muradlı vurğuladı ki, dizel mühərriki ekoloji cəhətdən atmosferə çox böyük zərər vurur, böyük miqdarda zəhərli qazlar ixrac edir: “Xüsusən Azərbaycanda da dizelin kefiyyəti çox bərbad vəziyyətdədir. Əvvəllər yenə dizellə işləyən maşının yanından müəyyən qədər ötüb keçmək, dayanmaq olurdu, son dövrlər bu, mümkün deyil. Bunu mən də, kimdən soruşuram hamı eyni sözü deyir ki, dizel mühərrikli avtomobilin yanında 30 saniyə mühərrik işlək vəziyyətdə olanda dayansan, adamın az qalır ki, ödü ağzına gəlsin, öyümə, qusma, öksürək yaranır, dərhal əcaib bir təsir edir. Yəni əvvəllər biz bunu hiss etmirdik. Çünki əvvələr heç olmasa onun tərkibi bir az normal idi. İndi o qədər qatqılar qatırlar ki, çox bərbad gündədir. Elə benzinimiz də o gündədir, amma dizelimiz lap bərbad gündədir. Ona görə, yəqin ki, dövr keçdikdə insanlar artıq öz seçimlərini edəcəklər, qazla işləyən maşınlara keçmək olar. Bu, həm ekoloji, həm də iqtisadi, cəhətdən sərfəlidir. Yəni sərfiyyat eyni miqdarda olsa da, qiymət aşağı olduğuna görə qaz daha sərfəli görünür. Propan bir az təhlükəlidir, onun partlama ehtimalı, zərər vurmaq təhlükəsi çoxdur, amma LPG qaz qurğuları daha sərfəlidir, maşının də ömrünü uzadır. Yəni çox tez ziyan vurmur. Amma bunun quraşdırılması məsələsi 1990-cı illərin əvvələrində olduğu kimi kortəbii şəkildə baş verməməlidir. Xatırlayırsınızsa, o vaxtı adi məişət qazının balonunu da maşınlara, xüsusilə taksilərə quraşdırırdılar. Çünki yanacağın qiyməti çox baha idi, qaz isə qəpik-quruş idi. Həmin vaxtlar nə qədər bədbəxt hadisə baş verdi, maşın gedə-gedə partlayırdı. Çünki heç bir təhlükəsizlik elementləri yox idi, birbaşa adi məişət qazının balonunu baqaja qoyurdular, oradan da kustar üsülla dartıb mühərrikə ötürürdülər ki, maşın işə düşsün. Bununla da maşını sürməyə başlayırdılar.
Amma bu gün İtaliyadan, Fransadan, Ukraynadan Azərbaycana çox güclü mütəxəssislər gəlir və təminatlı servis məntəqələri var ki, bunu quraşdırırlar, təminatın arxasında da dururlar. Hələ ki, belə bir xoşagəlməz hal baş verməyib. 3 ilə yaxındır Azərbaycanda bu geniş şəkildə yayılır və insanlar buna meyl göstərirlər. Kim də bunu quraşdırıbsa, bunun pis tərəfini deməyib. Mən daim bununla maraqlanıram. Mən özüm də avtomobilimdə o qurğunu quraşdıracam. Amma yenə də deyirəm, bəzi insanlar ucuz başa gəlsin deyə, gedib kortəbii şəkildə kustar üsulla qarajlarda, məhəllələrdə bunu kiməsə düzəltdirirlər. Bu, çox təhlükəlidir. 5 manat artıq vermək lazımdır, amma təhlükəsizliyinə zəmanət olmalıdır. İtaliyanın avadandlıqları özünü çox doğruldub. Türkiyədən gələn sistem də, onların mütəxəssisləri də normaldır. Çünki qazla işləyən mühərriklərin quraşdırılması, təminatı, onların servis xidmətləri Türkiyədə on illərdir var. Çünki onlarda yanacaq çox bahadır. Bizim pulla benzinin 1 litri təxminən 5 manata gəlib çıxır. Ona görə qazla işləyən maşınlar orada daha çoxdur. Orada zərurət var deyə, mütəxəssislər də çoxdur. Ona görə onlarla iş qurmaq, o təcrübəni Azərbaycana gətirmək olar. Lap dövlət səviyyəsində bunu etmək olar ki, gələcəkdə insanlar bunu seçsinlər. Amma bu gün ayrı-ayrı şirkətlər gətirdiyinə görə bu, bahadır. Baha olmağının da başlıca səbəbləri odur ki, yenə gömrük rüsumları yüksəkdir”.
“Həmin dövlət proqramının təsdiqlənməsindən 5 ay keçib”
E. Muradlı nəzərə çatdırdı ki, keçən il dekabrın 27-də ölkə Prezidenti yol hərəkətinin təhlükəsizliyinə dair dövlət prorqamı təsdiqləyib: “Həmin proqramda da göstərilir ki, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsi proqramı işlənməlidir, vətəndaşlar stimullaşdırılmalıdır. Stimullaşdırma deyəndə nə nəzərdə tutulur? Məsələn, İranda benzinlə işləyən maşını gətirib Gürcüstanda 1000 manat gömrük rüsumu ödəyirsən, amma elektromobil gətirəndə 100, yaxud 300 manat ödəyirsən. Bu məbləğ təxminən 30-40% arasında dəyişir. İnsanlar da baxır, görür ki, benzindənsə elektoromobil daha sərf edir. Yaxud hibrid avtomobil gətirir. Stimullaşdırma deyəndə sən insana seçim qoyursan. Özü də elə seçim qoyursan ki, həm elektromobilin qiyməti ucuzdur, həm yanacaq sərf etmir, bu da yaxşıdır, həm də gömrükdə bunun rüsumu aşağıdır. Ağıllı insan əlbəttə ki, gedib elektromobil, ya da hibrid maşını alacaq. Amma biz nə gömrük rüsumlarını azaltmırıq, nə o maşınlara güzəşt etmirik, elə deyirik ki, hamının əlindən dizel maşınları alaq, zibilliyə ataq. Bəs, yaxşı, bu insanların vəziyyəti necə olacaq?
Həmin dövlət proqramının təsdiqlənməsindən 5 ay keçib, nə Gömrük Komitəsi çıxıb düz əməlli açıqlama vermir ki, mən nə iş görmüşəm, nə də digər aidiyyatı qurumlar heç bir təklif irəli sürmür. Bu, yol hərəkətinin təhlükəsizliyi baxımından çox əhəmiyyətli bir tədbirdir. İllərdir yığılıb qalan problemləri özündə əks etdirən bir proqramdır ki, cənab Prezident bunu təsdiqlədi, icrasını da aidiyyatı qurumlara tapşırıb”.
“Yanacağı da, qazı da biz istehsal edirik, amma ən zay qaz da, yanacaq da bizdədir”
“Azərbaycanda guya, nə kefiyyətlidir ki, benzin də kefiyyətli olsun. Biz bezini Gürcüstana da, Türkiyəyə də satırıq. Gedib orada öz benzinimizi alırıq, görürük kefiyyəti necə gözəldir, avtomobilin mühərriki necə sakit işləyir. Sərfiyyat necə uzun müddətlidir, yəni içində qatqı yoxdur, təmiz benzin satırlar. Gürcüstana satdığımız benizin öz yanacaqdoldurma məntəqələrimzidən alıqırıq, içindən zibil çıxır. Çünki bəzi məmurların tamahı baş yarır. Bəzi iş adamları o məmulara rüşvət verməyin əlindən bezir, benzinə qatqı qatır ki, heç olmasa öz pulunu çıxara bilsin. Nəzarət mexanizmi yoxdur. Yanacaqdolurma məntəqlərində kim nə qədər istəyir yanacağı kəsir. 10 litrdən 1-1,5 litr nağd kəsirlər. Hələ onun içinə də nə qədər kimyəvi qatqılar, su, qaz qatırlar ki, yanacaq havaya buxarlanıb, uçub gedir. Hətta siz maşının çəninə yanacağı doldurun, maşını istifadə etməyin, həyətinizdə saxlayın, 2 gündən sonra gəlib görəcəksiniz ki, benzinin şkalası aşağı düşüb. Çağırıb həmin o yanacaqdoldurma məntəqəsindəki insanın qulağından tutasan, deyəsən ay “insan”, bu maşını gecə cin, şeytan sürüb, bu benzin hara uçdu getdi? Adam da vicdan da yaxşı şeydir. Balalarına yedirtdiyi o çörək haram çörəkdir. Kasıb-kusubun boğazından kəsirlər. Birindən 1, birindən 2 manat kəsməklə, nə adam, nə kişi olmayacaqsan, nə də onun xeyrini görməyəcəksən, bəsdirin də, bu oyunlardan əl çəkin.
Yanacağı da, qazı da biz istehsal edirik, amma ən zay qaz da, yanacaq da bizdədir. Ona görə ki, bizdə insanlara zərər vurmaq üçün hər yola əl atırlar. Bunun üçün deyirəm ki, heç olmasa ili təzə maşınlar olsa, bizim də ekoloji problemlərimiz yavaş-yavaş qaydasına düşər. Bu maşınların tüstüsündən, səsindən-küyündən bir ziyan çəkirik”,-deyə ekspert əlavə etdi.

“Avtomobillərin 30%-i “ölüm maşınıdır””
E. Muradlı onu da diqqətə çatdırdı ki, təhlükəsizlik baxımından sıfır vəziyyətində olan maşınların əksəriyyətinin təhlükəsizizlik yastıqları iki dəfə açılıb: “Yəni təhlükəsizlik sistemi yoxdur. Əksəriyyəti 2-3 maşından yığılmış maşındır. Gətirirlər Gürcüstanda qabağı əzilmiş maşının qabağını kəsib atırlar, arxası əzilmiş birinin də arxasını kəsib atırlar, iki maşını birləşdirib, bir maşın edirlər, Azərbaycan kimi ölkələrə satırlar. Təsəvvür edin, “Mersedes” Almaniyanın məşhur firmasıdır. Kiçik bir toxunma nəticəsində baxırsan ki, “Mersedes” iki yerə parçalanıb. “Mersedes” niyə parçalana bilər? “Mersedes” şirkəti özü dəhşətə gəlir ki, bu maşın necə olub, iki yerə bölünüb? Araşdırma aparırlar, məlum olub ki, çalaq olunmuş maşındır, qabağı bir maşına, arxası da başqa birinə aiddir. Hazırda gördüyünüz avtomobillərin 30%-i elə “ölüm maşınıdır”. Yəni quruca hərəkət edir, içində təhlükəsizlik elementi deyilən bir şey yoxdur”.
“Sərhəddin o tayında avtomobil 3 mindir, bu tayında isə 8 minə gəlib çıxır”
E. Muradlının fikrincə, dizel avtomobillərinin məhdudlaşdırılması bahalaşmaya səbəb olacaq: “Çünki yeni avtomobillər alınmalıdır. O avtomobilləri də almaq üçün hamının imkanı yoxdur gedib xaricdən özünə maşın gətirsin. Bu baxımdan, insanlar burada kimdənsə maşın alacaq. Bilirsiniz ki, bazarda da həmişə dələduz dəllalar qiyməti formalaşdırır, onlar diktə edir və onların diktə etdiyi qiymət də hamının ürəyincə olmur. Onlar istədikləri vaxtı qiyməti endirirlər, istədikləri vaxtı qaldırırlar. Ona görə, deyirəm ki, bu məsələlərə kompleks şəkildə və dövlət proqramı çərçivəsində yanaşmaq lazımdır ki, arada kasıb insanlar əziyyət çəkməsin. Eləsi var, varı-yoxu əlində bir maşını var, onunla ailəsini dolandırır. Kənddə yaşayırsa, oradan meyvə gətirib satır, birtəhər dolanır. Yaxud taksi sürür. Yəni dolanışıq mənbəyi odur, onu da tutub onun əlindən alaq ki, sən bunu sürə bilməzsən, bunun mühərriki dizeldir. O da deyir, yaxşı, qarşılığında mənə bir maşın almaq üçün kömək edin, maşın da gəlib kəllə-çarxa çıxır. Məsələn, Bakıda 3 min manata satdığı “07”-yə, gedib Gürcüstandan rahat bir “Opel” alıb gətirə bilər. İndi gəlin, görək, bizim gömrük o “Opel”in Azərbaycana gəlməsi üçün nə qədər rüsüm alacaq? 5 min. Eyni qitədə yerləşirik. Gürcüstan uzaq Antarktida, yaxud Amerika qitəsində yerləşmir, qonşuyuq. Sərhəddin o tayında avtomobil 3 mindir, bu tayında isə 8 minə gəlib çıxır. Bu maşına qızıldan disk, təkər qoymurlar, burada nə dəyişir, axı? Niyə belə olmalıdır, axı? Danışanda deyirik ki, iqtisadi inkişafımız belədir, elədir, amma avtomobil ən üzdə olan sahədir, bu sahədə Gürcüstandan asılıyıq. Biz niyə Gürcüstandan asılı olmalıyıq? Niyə bizim öz insanlarımızın Avropaya birbaşa çıxışı olmur? Niyə gürcü gətirib istədiyi maşını orada calaq edir, təzə maşın adı ilə bizə satır, bizim də insanımız onu ucuz qiymətə alır, içində ölür? Niyə biz bu insanları ölümə göndəririk? Gömrük Komitəsi, niyə o “leş” maşınları ölkəyə buraxırsan? Rüsumu aşağı sal, insanlar da getsin, salamat maşın gətirsin. Bu ölən insan sənin haradasa bir qohumundur, hamı yad planetdəndən gəlməyib ki. Yoxlasan Bakının yarısı bir-birinə qohumdur. Sənin də hansısa bir qohumun, yaxın adamın, yaxud kəndçin gedib o zay maşını alır. Yəni sən bu qiymətləri kəllə-çarxa qaldırmaqla, nə qazanmaq istəyirsən, nə fikirlərşirsən? Dekabrın 27-si dövlət proqramı qəbul olunur ki, ölkəyə elektromobillər, hibrid avtomobilləri gətirilsin, digər avtomobillərin gətirilməsi stimullaşdırılsın. Stimullaşdırma deyəndə təbii ki, qiymətləri aşağı salmaq lazımdır. Dekabrın 27-si sərəncam imzalanır, yanvarın 1-dən gömrük rüsumları qaldırılır. Sən neynəmək istəyirsən? Sən bu proqramları, sərəncamları oxumursanmı? Bu, nə özbaşnalıqdır? Yəni insanları elə vəziyyətə salırlar ki, mütləq sən “leş” maşın sürməlisən, təzə maşın sürmək bizlik deyil. Biz kimdən, gürcüdən, ermənidən, rusdan və yaxud qazaxdan əskikik?”
“Azərbaycana maşın gətimək istəyirsənsə, iki maşın al, birini gətir, gömrükdə “hədiyyə” ver”
E.Muradlı qeyd etdi ki, özümüzün daxili bazarda istehsalımız güclü deyil: ““Nazlifan” və “Xəzər” avtomobilləridir. Bunu da hələ ki, dövlət qurumları maşın istesal olunan kimi oradan alırlar. Bu, kütləvi istehsal olmadığına görə bazarı tam təmin edə bilməz. Gömrük rüsumlarını o ölkələr kəllə-çarxa qaldırır ki, həmin ölkələrin özünün daxili bazarı var. Yəni özünün avtomobil sənayesi var. Almaniya, Amerika, Yaponiya bunu edə bilər, necə ki, edir də. Yən mənim öz maşınımı al, sən də gedib, öz malını alırsan, gömrük rüsumu da ödəmirsən. Bizdə biri avtomat ötürücü qutulu maşın sürmək istəyir. “Xəzər” də avtomat ötürücü qutulu maşın buraxmır. Hələ fikirləşirlər ki, nə vaxt bunu buraxacaqlar. İndi biz neynəyək, oturaq gözləyək ki, “Xəzər” nə vaxt avtomat ötürücü qutusu olan masın buraxacaq, biz onda alaq. Onun da ən aşağı qiyməti 15 min manatdır. Kasıbın da 15 min manatı yoxdur. Kasıb “07”-sini 4 min manata satıb, o civarda bir maşın axtarır. Bu insanları nəzərə almaq lazımdır. Gömrüyündən tutmuş vergisinə qədər nəzərə alınmalıdır. Əlavə dəyər vergisi, gömrük rüsümu, ölkəyə gətirilmə xərci hamısı hesablanır, avtomobilin qiyməti kəllə-çarxa gəlib çıxır. Ona görə, artıq bir lətifə formalaşıb ki, xaricdən Azərbaycana maşın gətirmək istəyirsənsə, iki maşın al, birini gətir, gömrükdə “hədiyyə” ver, o birini də ölkəyə keçir, özün sür. Yəni ən azı bir maşının qiymətini səndən gömrük rüsumu qismində alırlar. Bu, sadəcə biabırçılıqdır”.
Tarix: 25-05-2019, 19:59
Xəbəri paylaş





Xəbər lenti