“Azərbaycanda otellər elə yüksək məmurlara məxsusdur ki...” - Fantastik qiymətlər


“Azərbaycanda otellər elə yüksək məmurlara məxsusdur ki...”  -

“İdman və mədəniyyət tədbirləri ilə bağlı ölkəmizə gələn turistlərdən təkcə, qazanmaq yox, həm də onları yaxın gələcəkdə ölkəmizə marağını artırmaq fürsəti kimi baxmalıyıq. Biz isə birdəfəlik gəlişə fürsət kimi baxırıq. Bu yanlış yanaşmadır”.

Bu sözləri “Yeni Sabah”a iqtisadçı ekspert Məhəmməd Talıblı deyib. Onun sözlərinə görə, turislərə ölkəmizə gələcək sabit müştəri gözü ilə baxmalıyıq:

“Məşhur Piter Drakerin belə bir fikir var: "Əsl biznes sabit müştəriləri qazanmaq və onları uzun müddət əldə saxlamaq bacarığıdır". Bu mənada  turistlərə ölkəmizə gələcək sabit müştəri gözü ilə baxmalıyıq. Otellərdə yüksək qiymət, bahalı xərclər onların bizimlə müqayisədə digər ölkəni məsələn, Gürcüstanı seçmək imkanı yaradır. 

Gənclər və idman nazirliyi, həmçinin Mədəniyyət nazirliyi xüsusilə, tədbirlər ərəfəsində otellərin ulduzlar üzrə tariflərini müəyyənləşdirməlidir. Nazirlik indiki halda bunu nəinki  müyyənləşdirmək, hətta onun nəzarəti ilə məşğul ola bilmir ki, otellər zənciri vahid əldə cəmləşib. Həmin otellər elə yüksək məmurlara məxsusdur ki, onların otellərinə tələb dilində danışmaq mümkün olmaz. Demək, biznesdə inhisarçılıq meyillərinin olması və inhisar qiymətlərini diktə etməsi, onların epizodik olaraq yüksək gəlir əldə etməsini təmin edir, lakin turist potensialını bununla da itirmiş oluruq”.

Qeyd edək ki, DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, Azərbaycanda bəzi otellər Avropa Liqasının final matçı tarixində qiymətlərini adi vaxtdakından 2-3 dəfə artırıb. Azərbaycan öz turizm bazarını tanıtmaq yolunda olduğundan belə qiymət artımları "ölkəyə yaraşmır", deyə o əlavə edib.

Əsmər Qabil

Tarix: 27-05-2019, 09:12
Xəbəri paylaş





Xəbər lenti