Neft bazarında çalxalanma: Büdcəyə yenidən baxılacaq?


Neft bazarında çalxalanma: Büdcəyə yenidən baxılacaq?

ABŞ prezidenti Donald Trampın ticarət siyasəti ilə bağlı narahatlıqlar artır.

ABŞ-ın getdikcə artan aqresiv ticarət siyasəti qlobal iqtisadiyyatda əhəmiyyətli bir yavaşlamaya gətirib çıxara biləcəyi narahatlığı da artırır. Ticarət müharibəsinin neftə tələbi azaldacağı proqnozlarının güclənməsilə əlaqədar olaraq, neft qiymətləri düşməkdə davam edir.

Donald Tramp Meksikaya 5 faiz gömrük vergisi tətbiq olunacağını açıqlayıb. Çin tərəfi ABŞ-a cavab olaraq, sərt ritorikadan istifadə edib. Belə ki, Çin açıqlamasında ABŞ-ın ticarət müzakirələrinin çökməsində məsuliyyət daşıdığını və güzəştə getmək üçün təzyiqlərə boyun əyməyəcəyini söyləyib. Həmçinin Ağ Ev Hindistanı inkişaf etməkdə olan ölkə sırasından çıxararaq ABŞ-a gömrük vergisiz mal ixrac etməyi dayandırıb. Bu cür siqnalının verilməsi qlobal ticarət müharibəsində narahatlıqları daha da artırıb.

Neft fyuçersləri cümə günü Nyu-Yorkda 5,5 faiz düşdükdən sonra 2,6 faiz daha geriləyib. Həftənin ilk iş günü "Brent" nefti daha 1 faiz ucuzlaşaraq 61.35 dollara, ABŞ xam nefti isə 0,7 faiz də ucuzlaşaraq 53.14 dollara düşüb. Ticarət müharibəsinin qlobal iqtisadi artımı, o cümlədən ABŞ və Çində iqtisadi inkişafı ləngidəcəyi və nəticədə neftə tələbin azalacağı proqnozlaşdırılır. Qeyd edək ki, Azərbaycan 2019-cu ilin dövlət büdcəsində neftin qiymətini 60 dollar götürüb. "Brent" nefti son 1 həftədə 10.5 faiz, son 1 ayda isə 13 faiz ucuzlaşıb.

Maraqlıdır, neftin qiyməti 60 dollardan aşağı düşərsə, dövlət büdcəsinə yenidən baxıla bilərmi?

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə bildirib ki, neftin orta qiyməti vacibdir və neftin 40 faiz ucuzlaşması büdcəyə yenidən baxılması zərurətini yaratmır: “Hesab edirəm ki, hələlik büdcəyə yenidən baxılması məsələsi gündəmdə deyil. Beş ayın nəticələrinə görə, Azərbaycan neftinin qiyməti 67 dollar ətrafındadır. Hətta 1 ay bundan sonra neftin qiyməti 60 dollardan aşağı düşmüşdü. Ancaq  bu, Azərbaycan dövlət büdcəsi üçün hər hansı təhlükəni yarada bilməz. Ancaq bütün yayı davamlı olaraq neftin qiyməti 60 dollardan aşağı olarsa, bu zaman dördüncü rübün əvvəlində Azərbaycan büdcəsi üçün təhlükəli vəziyyət yarana bilər. Hazırkı şəraitdə neftin mütəmadi olaraq ucuzlaşmasına ABŞ-la Çin arasındakı ticarət müharibəsi təsir edir. Donald Tramp iyunun 10-dan Meksikaya 5 faiz gömrük vergisi tətbiq olunacağını açıqladı. Bunun da qeyri-qanuni miqrasiya axınının qarşısını almaq məqsədi ilə edildiyi güman olunur. Bu da bir sıra iqtisadi risklərdən qaynaqlanır. Qənaətimcə, gedən proseslər qlobal şəkildə nefti 3 il bundan əvvəlki qiymət minimumuna sala bilməz. Söhbət 30-40 dollar ətrafındakı aşağı düşmələrdən gedir ki, bu da Azərbaycan iqtisadiyyatında fəsadlar yarada bilər”.

Məlum olduğu kimi, Çin də ABŞ sanksiyaları səbəbindən İrandan neft alışını dayandırdı. Bundan əvvəl, Hindistan, Türkiyə, Şimali Koreya, Yaponiya, Tayvan, Yunanıstan və İtaliya İran neftindən imtina etmişdi. Bu imtinalar neftin qiymətinin artacağı yöndə proqnozları gündəmə gətirmişdi. Amma gözlənilən nəticə olmadı...

Ekspert qeyd edib ki, İran neftinin idxalına qoyulan qadağa qiymətlərə ona görə təsir etmədi ki, risklər bu qərarlardan öncə bazar tərəfindən həzm edilmişdi: “İran rəsmilərinin bəyanatı nəticəsində neftin qiyməti qalxmadı. Bu risklər əvvəlcədən bazar iştirakçıları tərəfindən nəzərə alınmışdı, ona görə də İran tərəfinin qeyd etdiyi kimi neftin bazar qiyməti 100-150 dolları ötmədi. Çünki bazara əlavə neft həcmləri daxil olub. Artıq potensial neft alıcılarına İran neftini əvəzləyəcək alternativ həcmlər təkliflər olunur. Nəticədə tələb və təklif nizamlanır”.

Yeganə Oqtayqızı

Tarix: 4-06-2019, 23:53
Xəbəri paylaş





Xəbər lenti