“100 milyonlarla dollar itkisinə necə haqq qazandırmaq olar?”



“100 milyonlarla dollar itkisinə necə haqq qazandırmaq olar?” 

İqtisadçı alim Qubad İbadoğlunun Dövlət Neft Fondunun xaricdə aldığı daşınmaz əmlakdan əldə etdiyi zərərlərlə bağlı açıqlamasına fond cavab verib.

“Yeni Sabah” xəbər verir ki, həmin cavaba reaksiya verən iqtisadçı deyir ki, Dövlət Neft Fondunun bu təkzibinin astarı üzündən betərdir. “Neft gəlirlərinin hesabına formalaşmış mövcud valyuta vəsaitlərin pis idarəolunması ilə bağlı son açıqlamalarıma Dövlət Neft Fondunun cavabı çox ləngimədi. Bilirəm ki, Fondun açıqlamasını neft pulları hesabına tikilən mənzillərdən hər gün Xəzər dənizindəki buruqları doyunca seyr edən redaktor və jurnalistlər yetərincə tirajlayacaq. Mən isə sizə və müstəqilliyə dəyər verib, fədəkarlıq edən mətbuata, bloqerlərə və azad jurnalistlərə güvənərək, neft gəlirlərinin pis idarəolunması ilə bağlı araşdırmalarımı davam etdirəcəm. 

Buna rəqmən ilk növbədə sizin diqqətinizi Fondun dünənki açıqlamasında yer alan 3 məqama yönəltmək istərdim. 

Buyurun, diqqətlə oxuyun və özünüz qiymətləndirin, görün, 20 illik təcrübəsi olan "səriştəli Fond"un "analitikləri" mənim açıqladığım faktlara necə cavab veriblər.

1) Mən açıqlama vermişəm ki, ARDNF-nin sahibi olduğu Londonun “West End” səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən 57,35 milyon funt sterlinq və ya 121 milyon dollar dəyər itirən 11 min kv metr sahəsi olan daşınmaz əmlak obyekti istifadəsiz qalıb. Bununla bağlı, Dövlət Neft Fondu bildirir ki, "Hal-hazırda binada icarədarın olmaması binanın təmirinə münbit şərait yaradır ki, bunun nəticəsində binanı daha əlverişli şərtlərlə icarəyə vermək imkanı yaranacaq. Sözügedən təmirin yekunlaşdırılması 2020-ci ilin sonuna nəzərdə tutulub. Təbii ki, yuxarıda da qeyd olunduğu kimi, daşınmaz əmlak obyektinin qısamüddətli dövrdə icarədarsız qalması səbəbindən 2018-ci ilin sonunda aparılan qiymətləndirmə nəticəsində binanın dəyəri azalıb, lakin Londonun tarixi mərkəzində yerləşən bir daşınmaz əmlak obyekti olaraq, yeni icarədarların cəlbindən sonra binanın dəyərinin yüksəlməsi gözlənilir."

2) Mən açıqlama vermişəm ki, Moskvanın "göbəyində" yerləşən, 18 min kvadrat metr sahəsi olan, dəyəri 84,5 milyon dollar ucuzlaşan Tverskaya 16 unvanında yerləşən ARDNF-ə məxsus ofis və ticarət mərkəzindən Neft Fondunun 2018-ci il ərzində 1 rubl belə qazanmayıb. Dövlət Neft Fondunun açıqlamasında qeyd olunur ki, "Rusiyanın Moskva şəhərində Tverskaya 16 ünvanında yerləşən daşınmaz əmlak obyektinə gəldikdə isə, qeyd etmək istərdik ki, bu obyektdə də müvafiq təmir işləri aparılmaqdadır. Belə ki, obyektin ticarət hissəsi təmir işləri ilə təkmilləşdirmədən sonra tam olaraq H&M şirkətinə icarəyə verilmişdir. Hal-hazırda isə obyektin ofis hissəsində təmir işləri davam etməkdədir və bu işlərin yaxın gələcəkdə yekunlaşması nəzərdə tutulub. Təbii ki, bu işlər başa çatdıqdan və yeni icarədarlar cəlb edildikdən sonra obyektin dəyərinin artımı gözlənilir."

3) Mən açıqlama vermişəm ki, Dövlət Neft Fondu son 2 ildə VTB bankına sərmayələdrən 216 milyon dollar itirib. Onlar isə açıqlamalarında bildirirlər ki, "VTB Bankın bütün istiqamətlərdə bazar mövqeyi və payı möhkəmlənmişdir. 2018-ci il VTB Bank üçün mütləq rəqəmlər baxımından uğurlu il olsa da, təəssüf ki, bankın bazar dəyərində azalma tendensiyası müşahidə olunmuşdur. Bundan savayı, Rusiya Federasiyasına qarşı tətbiq olunan beynəlxalq maliyyə sanksiyalarının Rusiya dövlət bankları üçün beynəlxalq maliyyə bazarlarından ucuz kapital cəlb etmə imkanını faktiki olaraq yoxa endirməsi və sanksiyaların davam etməsi ( məs. Rusiyanı SWIFT sistemindən ayırma) fonunda VTB Bankın səhm qiymətlərində volatilliyin hələ müəyyən müddət davam edəcəyini gözləmək olar". 

Bu açıqlamadan çıxan qənaət ondan ibarətdir ki, VTB-yə sərmayələrdən itkilər bu ildə də davam edəcək. Bəs onda nədən biz 3 ildir ki, itirə-itirə gedirik, amma Rusiyadan sərmayələri geri çəkmirik?

Müəllimi 180-200 dollar, həkimi 120-150 dollar məvacib alan, pensiyaçısı 100-120 dollar təqaüdlə dolanan, uşaq pulluna, tibbi sığırtaya, güvənli sosial təminata həsrət qalan, ağır yaşayış şərtləri ilə yoxsulluq və işsizlik girdabında çabalayan vətəndaşları təmsil edən dövlətin Neft Fondunun hər il 100 milyonlar dollar itkisinə necə haqq qazandırmaq olar? 

Tarix: 5-06-2019, 14:07
Xəbəri paylaş





Xəbər lenti