Maaş və vergi islahatları: İqtisadiyyat "kölgədən çıxır"


Maaş və vergi islahatları: İqtisadiyyat "kölgədən çıxır"

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə minimim əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılıb.

Sərəncam  sentyabrın 1-dən qüvvəyə minəcək. Əməkhaqqının artırılmasının kölgə iqitsadiyyatına necə təsir edəcəyi ilə bağlı isə müxtəlif fikirlər var. Məlumdur ki, ölkədə kölgə iqtisadiyyatının payı yüksəkdir. Bu, rəsmi səviyyədə belə  etiraf edilir. Kölgə iqtisadiyyatının əsas iştirakçılarından biri də məhz sahibkarlardır. Belə ki, sahibkarlar az vergi ödəmək üçün işçilərlə müqaviləsiz işləməyə səy göstərirlər. 

Rəsmiləşdirmədə isə real maaş deyil, minimum əməkhaqqı səviyyəsində müqavilə imzalanır. Qalan məbləğ isə işçiyə birbaşa ödənilir. Bunun əsas səbələrindən biri də vergi yükünün çox olmasıdır. Vergi və sosial sığorta ödənişləri yüksək olduğu üçün sahibkarlar və işçilər müqaviləsiz və ya razılaşdırılmış şərtlərdə olan müqavilə ilə işləməyə üstünlük verirlər. Bu da kölgə iqtisadiyyatının artmasına səbəb olan amillərdən biri hesab olunur.

Ötən gün maliyyə naziri Samir Şərifov da bu məsələyə toxunaraq sahibkarlara müraciət edib. S.Şərifov qeyd edib ki, ölkə başçısının sosial sahədəki sərəncamları özəl sektorun da inkişafına müsbət təsir edir: “Vergi Məcəlləsində edilən dəyişikliklər inqilabi addım idi. Hansı ki, qeyri-dövlət sektorunda çalışan və gəlirləri 8 min manata qədər olan şəxsləri gəlir vergisindən azad edirdi. Bu, dövlət büdcəsi gəlirlərini azaldan amil idi. Məqsəd o idi ki, kölgədə fəaliyyət göstərən sahibkarlar şəffaflaşsın. Biz indi bu tədbiri görməklə yanaşı, minimum əmək haqqını artırırıq. Sahibkarlara deyirik ki, biz sizə bu güzəşti etmişik, indi siz də çalışın ki, işçilərinizə daha yüksək əməkhaqqı verin. Öz işçilərinizə bu məbləğdən az maaş ödəyə bilməzsiniz”.

Maraqlıdır, minimum əməkhaqqının artırılması və vergi sistemindəki dəyişikliklər sahibkarları kölgədən çıxara biləcəkmi?

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, yeni qərar əməkhaqqının böyük hissəsinin leqallaşmasına imkan verir. A.Nəsirli hesab edir ki, hökumət bunun üçün müəyyən addımlar atılmalıdır: “Minimum əməkhaqqının qaldırılması maaşların daha böyük hissəsinin leqallaşdırılmasına səbəb olcaq. Bu baxımdan əməkhaqqının şəffaflaşdırılması istiqamətində müsbət addımdır. Amma bu, o demək deyil ki, bütün əməkhaqları şəffaflaşdırılacaq. Bunun üçün hökumət xüsusi proqram hazırlamalı, nəzarət mexanizmi gücləndirilməlidir. Müxtəlif səpkili, maarifləndirmə işi aparılmalı, əməkhaqlarının şəffaflaşdırılmasını daha da yüksəltmək üçün vergi və pensiya sisteminin səmərəliliyinin artırılması istiqamətində addımlar atılmalıdır. Yəni sahibkar da, işçi də arxayın olmalıdır ki, onun ödədiyi vergi, sosial sığorta haqqı boşuna getmir. Bu gün Azərbaycan sahibkarının və əməkçisinin düşüncəsində vergiyə və sosial sığorta haqqına gedən vəsait itirilmiş pul hesab olunur. Bu fəlsəfəni dəyişmək üçün hökumət addımlar atmalıdır”.

Akif Nəsirlinin sözlərinə görə, minimum əməkhaqqının artırılmasının əks effektləri də ola bilər: “Minimum əməkhaqqının artırıldığı sentyabr ilin 9-cu ayıdır. Amma şirkətlər ilin əvvəllindən əməkhaqqı büdcəsini formalaşdırıb. Məsələn, indiyə qədər leqal formada hər işçi üçün 200 manat maaş nəzərdə tutulmuşdusa, indi onu 50 manat artırmaqla bağlı problemlər yaranacaq. Çünki büdcə yanvar ayında formalaşıb. Bunun əks-effekti də ola bilər. Deyək ki, sahibkar 5 nəfər işçi saxlayır. Hər birinə minimum əməkhaqqını nəzərə alaraq 200 manat maaş verir.  Sentyabr ayından sonra sahibkarın hər işçi üçün 50 manat vəsait artırmaq imkanı olmayacaqsa, işçinin birini ixtisar edəcək. Yəni 5 işçi yox, 4 işçi saxlayacaq. Göründüyü kimi, bu addımın deyilən istiqamətdə müsbət təsirləri olacaq, amma mənfi  tərəfləri də istisna deyil”./Cebhe.info/



Tarix: 21-06-2019, 21:57
Xəbəri paylaş





Xəbər lenti