Avropa Birliyi ölkələrinin ən böyük istəkləri çoxşaxəli təchizat modellərinə keçməkdir "Bu çoxşaxəli modellərdə Azərbaycanın xüsusi yeri var" Azərbaycan qazını Avropaya nəql edən Trans-Adriatik qaz kəməri (TAP) qaz qiymətlərinin artımının qismən qarşısını alır. Bunu TAP-ın icraçı direktoru Luka Skyeppati deyib. O bildirib ki, Avropada təbii qazın qiymətlərinin kəskin artımı sistemli xarakter daşıyır: "Asiyada, xüsusən Çində istehlakın artması, Avropada hasilatın azalması və pandemiyadan sonra tələbin artması burada rol oynayır. TAP artıq 5 milyard kubmetr qaz nəql edib ki, bu da İtaliyaya və Avropaya tədarükün təhlükəsizliyinə kömək edib. TAP-a qədər İtaliya qaza görə Mərkəzi və Şimali Avropa ölkələrindən daha çox ödəyirdi. İndi isə fərq sıfıra bərabərdir". Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında Avropa Birliyinin son zamanlar enerji daşıyıcıları ilə bağlı ciddi böhran yaşadığını deyib. Ekspert diqqətə çatdırıb ki, əsasən qaz qiymətlərinin sürətlə artması Avropa Birliyində ciddi problemə çevrilib:
"Avropa Birliyi ölkələrinin ən böyük istəkləri çoxşaxəli təchizat modellərinə keçməkdir ki, bu çoxşaxəli modellərdə Azərbaycanın xüsusi yeri var. Ümumiyyətlə, "Cənub Qaz Dəhlizi " Avropa Birliyi üçün mühüm bir layihə kimi qeyd olunur. Avropa Birliyi ölkələrinin illik qaz tələbatı 500 milyard kub metrdir. Bunun təqribən üçdə birini, yəni 160 kub metrini Rusiyadan alırlar. Rusiyanın Avropa qaz bazarına təsirləri bu anlamda çox güclüdür. Ona görə də çoxşaxəli modelə keçməklə, bu asılılığı azaltmağı düşünürlər. Bu anlamda gələcək perspektivlər nöqteyi-nəzərindən TANAP və TAP layihələri təbii ki, önəmli əhəmiyyət daşıyır. Amma həcmlər hələlik çox kiçikdir. Bu layihə çərçivəsində Avropaya gələn ildən başlayaraq təqribən 10 milyard kubmetr qaz satılacaq. Amma boruların imkanları var ki, gələcəkdə 30-35 milyard kubmetrə qədər artırıla bilər. Düzdür, bunun üçün Azərbaycan qazı yetərli deyil. Amma Azərbaycanın moderator olduğu və əsas sahibi olduğu layihələrdə başqa ölkələrin qoşulması şansı var". N.Cəfərli əlavə edib ki, İraq və İran qazının gələcəkdə qoşulması ehtimalları var:
"Bu zaman layihə Avropa Birliyi üçün daha əhəmiyyətli və çoxşaxəli modelə keçid üçün uğurlu olacaq. Mən elə gəlir ki, Avropa Birliyinin bu layihəni dəstəkləməsi təbiidir. Bu günə qədər TANAP və TAP layihəsi çox dəstək göstərən layihələrdən birinə çevrilib".