Rayonlarda inkişafın qarşısını kəsən “əjdaha”lar - onları necə neytrallaşdırmalı...



Regionlarda sahibkarlara, turizmə daha çox icra strukturları əngəl yaradır; millət vəkili maraqlı təkliflər verdi: “Yaxın gələcəkdə özünü maliyyələşdirən rayonların daha çox dəyər yaratması olduqca vacibdir”

Bu günlərdə dövlət büdcəsindən mərkəzləşmiş qaydada vəsait ayrılmayacaq rayonların sayının 52-yə yüksəlməsi mətbuat və sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Rəsmilər dövlət büdcəsindən birbaşa vəsait almayan rayonları özünümaliyyələşdirən rayonlar kimi təqdim edirlər. Müstəqil ekspertlər isə bu yanaşmanı düzgün qəbul etmirlər. Onlar bəyan edirlər ki, rayonlarda təhsil, səhiyyə, hüquq-mühafizə, yol tikintisi, meliorasiya, kənd təsərrüfatı  və sair xərcləri ayrı-ayrı mərkəzi qurumların xətti ilə və bilavasitə dövlət büdcəsi hesabına qarşılanır. Bu isə o deməkdir ki, rayonların özünümaliyyələşdirməsi barədə rəsmi izahat real vəziyyəti əks etdirmir.
Qeyd edək ki, Azərbaycanda rayon icra hakimiyyətlərinin rəhbərliyi regional iqtisadi inkişafa, sahibkarlığın təşəkkülünə mane olan əsas qüvvə kimi qəbul edilməkdədir. Yerli icra başçılarının rayonlarda kiçik və orta sahibkarları soymaqla məşğul olduğunu son 3 ildə həbs olunan başçıların təcrübəsində açıq görmək mümkündür. Hazırda da icra hakimiyyətləri yerli biznesin başının üstündə Domokl qılıncı kimi dayanmaqdadırlar. Bir çox su resursları məhdud olan rayonlarda on min hektarlarla torpaq sahəsinə malik icra başçıları suyun qabağını kəsən əjdahalara çevriliblər. Bəzən yüzlərlə fermerin, sahibkarın əkinləri başçıların sahələrinə görə susuzluqdan məhv olur. Bu baxımdan, rayon icra hakimiyyətlərinin ləğvi zamanının gəlməsi barədə səsləndirilən fikirləri Azərbaycan cəmiyyəti doğru yanaşma olaraq qəbul etməkdədir.

O da məlumdur ki, Azərbaycanın turizm potensialı böyük olan rayonlarında bu sektorun inkişafının qarşısındakı əsas problem yerli məmurların yaratdığı maneələrdir. Dünya təcrübəsi göstərir ki, turizm iri deyil, məhz kiçik və orta sahibkarlıq subyektlərinin hesabına inkişaf edir. Xüsusilə dağ, meşə, çay turizmi demək olar ki, əksər hallarda kiçik və orta biznesin hesabına formalaşır. Bu sektorun hərəkətverici qüvvəsi kiçik və orta turizm obyektləridir. Azərbaycanda bu sahələrin inkişafı üçün Şimal, Qərb və Cənub bölgələrində böyük potensial mövcud olsa da, bu gün biz həmin bölgələrdə turizmin inkişafından danışa bilmirik.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2019-cu ildə Azərbaycanda iaşə dövriyyəsinin həcmi 1 milyard 655 milyon manat olub ki, bunun da 1 milyard 160 milyon manatı Bakı şəhərinin payına düşüb. Ölkə üzrə adambaşına düşən orta  iaşə dövriyyəsi 167,11 manata bərabər olduğu halda bu göstərici Bakı şəhərində 466 manat təşkil edib. 2020-ci ildə ölkədə mehmanxana və mehmanxana tipli müəssisələrdə nömrələrin sayı 24 min 195 vahid olub ki, bunun 11 min 533 vahidi paytaxtda yerləşib.
Rəsmi statistika deyir ki, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 66,3 faiz artaraq 1 milyon 340,6 min olub. Gecələmələrin 46,3 faizi Bakıda, 8,8 faizi Xaçmazda, 8,5 faizi Qəbələdə, 5,8 faizi Şabranda,   5,7 faizi Qubada, 4,4 faizi Lənkəranda, 3,8 faizi Qusarda, 2,7 faizi Naftalanda, 1,8 faizi Qaxda, 1,7 faizi Şamaxıda, 1,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,3 faizi Masallıda, 1,1 faizi Mingəçevirdə, 0,7 faizi Gəncədə, 0,6 faizi Zaqatalada, 0,5 faizi Şəkidə, 0,5 faizi Astarada və 4,4 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Bu zaman əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35,0 faiz azalaraq 241,0 min olub və bunun da 82,9 faizi Bakıda reallaşıb. Göründüyü kimi, son on ildə ölkənin neftdənkənar iqtisadiyyatının inkişafı məqsədilə prioritet seçilən turizmin regionlarda orta səviyyədə də olsa inkişafından danışmaq mümkün deyil. Bir neçə rayonda ifrat bahalı hotellərin, əyləncə-turizm obyektlərinin mövcud olması bütün Azərbaycan üzrə regionlarda turizmin inkişafı demək deyil.

Turizmin ölkə üzrə vəziyyətinə dair rəsmi statistika da göstərir ki, ölkə rəhbərliyinin bölgələrdə bu sektorun inkişafının dəstəklənməsi barədə hökumətin qarşısına qoyduğu vəzifələr icra olunmayıb. Və burada rayon icra hakimiyyəti rəhbərləri heç də az rol oynamırlar: rayonlarda turizm baxımından cəlbedici olan ərazilərdə kiçik bir obyekt yaratmaq üçün sahibkarlar mütləq və mütləq icra başçılarının “bığının altından” keçməli olurlar. Hətta bundan sonra da onlar rahat işləyə bilmirlər - rayondakı digər strukturların rəhbərləri də “görülmə” tələbi qoyurlar. Bu tələblərə əməl etməyən sahibkar qısa müddətdən sonra min bəhanə ilə obyektinə çökən yoxlamalarla üz-üzə qalır. Nəticədə ya obyektini tamamilə bağlayıb işdən uzaqlaşır, ya da “görüm-baxım”lara çəkdiyi xərcləri əlavə edir göstərdiyi xidmətlərin üstünə. Bu isə Azərbaycanda turizm xidmətinin dəyərinin bu sektorun ən yüksək inkişaf etmiş olduğu ölkələrdəkindən qat-qat yüksək olmasına gətirib çıxarır. Aydın məsələdir ki, dəyərinə uyğun olmayan xidmət alan istehlakçı - turist ikinci dəfə eyni obyektə getmir. Beləliklə də yerli turistlər baha və keyfiyyətsiz xidmətə pul xərcləməkdənsə, eyni məbləğlə Gürcüstan, Türkiyə kimi qonşu ölkələrdə yüksək səviyyəli xidmət almağa məcbur edilir. Bu isə hər il külli miqdarda vəsaitin Azərbaycandan kənara axmasına səbəb olur.
Belə bir vəziyyətdə hansısa rayonun özünü maliyyələşdirməsinin mümkün olmadığı göz önündədir. Yerli hakimiyyətlərin sahibkarları bölgənin inkişaf drayveri deyil, özünün şəxsi qazanc mənbəyi kimi görməsi davam etdiyi müddətdə Azərbaycanda regionların inkişafından danışmaq mümkün olmayacaq.

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov hesab edir ki, özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbət haldır: “Bu, dövlət büdcəsindən asıllığın aradan qaldırılmasına imkan yaradır. Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və regionla paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, yaxın gələcəkdə özünü maliyyələşdirən rayonların daha çox dəyər yaratması olduqca vacibdir”.
Iqtisadçı-alim deyir ki, sərt karantin tədbirlərinin yumşalması turizm sektorunda aktivliyin yüksəlməsinə səbəb olub: “Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 9 ayında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 66,3 faiz artaraq 1 milyon 340 min olub. Mehmanxalardan istifadə səviyyəsi əvvəlki ilə müqayisədə artsa da pandemiyadan əvvəlki dövrlərlə müqayisədə aşağı olaraq qalmaqdadır. Qeyd edək ki, pandemiyadan əvvəlki ildə - 2019-cu ildə ölkə üzrə mehmanxanalarda 3 milyon 345 min gecələmə keçirilmişdi. Burada diqqəti çəkən digər məqam əcnəbi turistlərin daha çox Bakı şəhərinə üstünlük verməsidir. Bu ilin ilk 9 ayında ölkəyə gələn turistlərin böyük əksəriyyəti rayonlara səfər etməyərək paytaxta üstünlük veriblər. Belə ki, əcnəbilər keçirdiyi gecələmələrin 82,9 faizi Bakıda, 5,3 faizi Qəbələdə, 3,2 faizi Qusarda, 2,1 faizi Naxçıvan Muxtar Respublikasında, 1,8 faizi Qubada, 1,6 faizi Şabranda, 1,3 faizi Naftalanda, 0,4 faizi Mingəçevirdə, 0,4 faizi Şamaxıda, 1,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Bu isə o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si rayonlara üz tutub. Bütövlükdə əcnəbilər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35,0 faiz azalaraq 241,0 min olmuşdur ki, bu da ümumi gecələmələrin 18,0 faizini təşkil edir”.
V.Bayramov rəsmi statistikaya əsaslanaraq ölkədə ümumi hoteldən istifadə sayında da paytaxtın öndə olduğunu vurğulayır: “Bu sahədə də Bakı öndədir. Belə ki, gecələmələrin 46,3 faizi Bakıda, 8,8 faizi Xaçmazda, 8,5 faizi Qəbələdə, 5,8 faizi Şabranda, 5,7 faizi Qubada, 4,4 faizi Lənkəranda, 3,8 faizi Qusarda, 2,7 faizi Naftalanda, 1,8 faizi Qaxda, 1,7 faizi Şamaxıda, 1,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,3 faizi Masallıda, 1,1 faizi Mingəçevirdə, 0,7 faizi Gəncədə, 0,6 faizi Zaqatalada, 0,5 faizi Şəkidə, 0,5 faizi Astarada və 4,4 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Göründüyü kimi, turistlərin rayonlara marağının artırılması üçün sistemli tədbirlərin genişlənməsinə, stimullaşdırıcı kampaniyaların təşkilinə ehtiyac var”.
Rayonlardakı vəziyyəti nəzərə alsaq, millət vəkilinin qeyd etdiyi sistemli tədbirlərin əvvəlində məhz yerli icra hakimiyyətləri ilə bağlı ölkə səviyyəli islahatın həyata keçirilməsinin gəldiyini söyləyə bilərik. Yalnız geniş və sərt islahat regionlarda biznesin canını məmur təzyiqlərindən qurtara, sahibkarların asudə nəfəs almalarına şərait yarada bilər...

“Yeni Müsavat”
Tarix: 4-11-2021, 09:12
Xəbəri paylaş





Xəbər lenti