Gömrük rüsumları, vergilər əhalinin belini büküb

Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri
Son 1 il 9 ayda Gömrük Komitəsində yığılan gömrük rüsumlarının yükü 92%, ümumi vergilərin yükü isə 71% artıb. Sadəcə dəhşətdir! Sözün həqiqi mənasında gömrük rüsumları, vergilər əhalinin belini büküb. Vergi və rüsumların artımı səngimək də bilmir. Belə bir şəraitdə sahibkarların, əhalinin nələr çəkdiyini təsəvvür etmək çətin deyil.
Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi məlumatlara görə 2020-ci ilin yanvar-sentyabr dövründə 7,8 milyard dollarlıq idxal malından 741 milyon manat gömrük rüsumu tutan gömrükçülər 2021-ci ilin yanvar-sentyabr dövründə 8,3 milyard dollarlıq idxal malından 870 milyon manat gömrük rüsumu tutublar. Faktiki bazar qiymətləri ilə hesablanmış göstəricilərin müqayisəsi göstərir ki, hər 1000 dollar idxal malına düşən gömrük rüsumu 95 manatdan 104 manata qalxıb. Lakin nəzərə almaq lazımdır ki, 2021-ci ilin faktiki idxal göstəricisi 2020-ci ilin faktiki göstəricisindən dəyərcə 6,7% çox olsa da, fiziki çəki etibarı ilə 12,2% az olub. Başqa sözlə desək, 2021-ci ilin yanvar-sentyabr dövründə idxalın həcmi 2020-ci ilin qiymətləri ilə 6,8 milyard dollar təşkil edib (7,8-7,8/10012,2≈6,8 ). Deməli, aradakı 1,5 milyard dollarlıq fərq (8,3-6,8=1,5) xalis bahalaşmanın təsiri ilə formalaşıb. Əgər 2020-ci ilin rüsum hesablama və qiymət şərtləri 2021-ci ilin yanvar-sentyabr dövründə də keçərli olsaydı, o zaman 646 milyon manat qədərində (741/7,86,8=646 ) gömrük rüsumu yığılmalıydı. Amma Komitə 870 milyon manat rüsum yığıb. Deməli, rüsumlar 2021-ci ilin yanvar-sentyabr dövründə 224 milyon manat və ya 34% artıb (870-656=224; 224/656*100≈34% ). Bu səbəbə ki, 2020-ci ildəki rüsum hesablama və qiymət şərtləri 2021-ci ildə dəyişib və bu dəyişiklik ümumi vəziyyətə əhəmiyyətli dərəcədə ağırlaşdırıcı təsir göstərib. Hesablamalar göstərir ki, 224 milyon manatlıq əlavə gömrük rüsumunun 64%-i (143 milyon manatı) bahalaşmanın hesabına, qalan 36%-i (81 milyon manatı) isə rüsum hesablama prosedurlarının ağırlaşdırılması, rusum dərəcələrinin artırılması hesabınadır.
Əgər 2020-ci ildə gömrük rüsumları üzrə ödəniş yükünün 43% artmasını da burada nəzərə alıb hesablamaları davam etdirsək, o zaman gömrük rüsumları üzrə vergi yükünün 1 il 9 aya 92% artması məlum olur (1,431,34100-100≈92% ).
https://www.facebook.com/nemat.aliyev.18/posts/4304140182935526
Gömrük Komitəsi yalnız gömrük rüsumu toplamır. Bu Komitə həm də əlavə dəyər vergisi, aksiz vergisi, yol vergisi toplayır. Aparılan təhlil göstərir ki, Komitənin topladığı vergilərin rüsumlarla birlikdə ağırlıq dərəcəsi 2021-ci ilin yanvar-sentyabr dövründə 23% və ya 599 milyon manat artıb. 2020-ci il ərzində bu yük 39% ağırlaşmışdı. Deməli, Gömrük Komitəsinin yığdığı rüsum və vergilərin yükü 1 il 9 aya 71% çoxalıb (1,391,23100-100≈71% ).
Rüsum və vergilərin yükü cari ilin sonunadək, hətta ondan sonrakı dövrdə də artmaqda davam edəcək. Parlamentə təqdim olunan 2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi belə nəticə çıxarmaq üçün əsaslar verir.
Hesablamaların üzə çıxardığı bu nəticələr çox düşündürücüdür. Bu şərtlər altında ölkədə biznesi irəli aparmaq bir yana qalsın, onu yerindən tərpətmək çox müşkül məsələdir. Bu şərtlər investorların ölkəyə zəifləməkdə olan marağını bərpa etmək istiqamətində istənilən təşəbbüsləri də təsirsiz hala gətirəcək. Əhalinin sosial vəziyyətinə görə məsuliyyət daşıyanlar həm idxal ölkələrindəki şərtlərin, həm Gömrük Komitəsindəki özbaşınalığın, həm də vergi yükünün yaratdığı üçvektorlu qiymət artımlarının əhalinin alıcılıq qabiliyyətinə, satışlara, istehsala vurduğu zərbənin ağırlıq dərəcəsinin fərqində olmalıdırlar. Burada enerji daşıyıcılarının, habelə yerli malların əhəmiyyətli dərəcədə bahalaşmasının, ödənişli xidmətlər üzrə dövlət rüsumlarının qaldırılması haqqında qəbul olunan qərarların əlavə mənfi təsirlərini də nəzərə almaq lazımdır. Odur ki, nə qədər gec deyil, hökumət öz yanlış qərarlarına yenidən baxmalı, gərəkən düzəlişləri etməlidir. Sonra bu şans da əldə çıxacaq.
Tarix: 16-11-2021, 22:44
Xəbəri paylaş





Xəbər lenti