Süni qiymət artımı: "İnflyasiya bizdə iqtisadi aktivlik göstəricisi deyil"


Süni qiymət artımı: "İnflyasiya bizdə iqtisadi aktivlik göstəricisi deyil"

“Gələn il böyük bir paket həyata keçiriləcək. Əməkhaqları 8 faizdən çox artırılacaq. İnflyasiya isə 4 faiz olacaq”.
Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.
Bu gün ölkədə qiymət artımı müşahidə edilir və hazırda qeyri-mövsümlə əlaqədar, eləcə də qarşıdan Yeni ilin gəldiyini nəzərə alsaq bu artım hələ də davam edəcək.
Artırlan əməkhaqları ilə mövcud bahalaşma adekvatdırmı və ilin sonuna 10 faiz proqnoqlaşdırılan inflyasiya gələn il 4 faiz olacaqmı?
İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya inflyasiyanın bilavasitə əhalinin gəlirlərinin artması ilə əlaqədar baş vermədiyini bildirdi:

"Cari il ərzində inflyasiya hədsiz yüksəkdir. Yəni 5 faizi ötüb. Ancaq əhalinin gəlirlərində artım baş verməyib. Düzdür, maaş və pensiyaların artması inflyasiyaya təkan verir. Nəticədə süni qiymət artımı kimi amillər ortaya çıxır. Ticarətlə məşğul olanlar, istehlak bazarına cavabdeh olanlar əhalinin gəlirlərinin artması haqqında dövlət başçısının qələminin mürəkkəbi qurumamış görürsən ki, süni qiymət artımına gedirlər. Son illər hökumət süni qiymət artımlarının qarşını almağı bacarır. Ancaq bu il ərzində olan qiymət artımları obyektiv xarakter daşıyır.
Burada heç bir süni qiymət artımından söhbət gedə bilməz. Əvvəla, dünya bazarında qiymət artımı baş verir. Ölkəyə daxil olan mallar bahalaşıb. İkincisi, bizim istehsalımız daxili istehlak bazarını təmin etmək iqtidarında deyil. Eləcə də ölkə daxilində istehsal özü bahalaşıb. Səbəbinə gəldikdə isə, ölkə pandemiyadan təzə çıxıb, tələbat sıçrayışlı formada yüksəlib, istehsal isə onu ödəmək iqtidarında deyil.
Çünki bir sıra istehsal sahələri uzun müddət pandemiya ilə bağlı dondurulmuş vəziyyətdə qalıb və birdən-birə tələbatı necə ödəsin?
İstehsalın pandemiyaya qədərki vəziyyətə qayıtması müəyyən vaxt tələb edir. Gələn il əhalinin gəlirlərinin artırılması ilə bağlı ölkə başçısı sərəncam verib. Büdcə təşkilatlarında çalışanların minimum əməkhaqqı 300 manat olacaq ki, bu da vahid tarif cədvəlinə əsasən, 680 min nəfərə yaxın maaşların artmasına səbəb olacaq. Eləcə də pensiyalar da artırılacaq. Bunun necə həyata keçiriləcəyinin büdcə təsdiq olunduqdan şahidi olacağıq".
İnflyasiyaya gəldikdə isə, ekspert deyir ki, inflyasiya gələn ilin birinci yarısına qədər davam edəcək:
"Çünki istehsal, artan tələbatla ayaqlaşmaq iqtidarında deyil. İstehsalın öz ayaqları üstündə durması üçün müəyyən vaxt tələb olunur və bunun üçün bir müddət vaxt lazımdır. Bu yəqin ki, gələn ilin iyun ayınadək çəkə bilər. Əhalinin gəlirlərinin artması inflyasiyada əlavə təkan rolu oynaya bilər. Ancaq bu o qədər də ciddi şəkildə inflyasiyanı sürətləndirə bilməz.
Ümumilikdə inflyasiya göstəricilərindən o qədər də qorxmağa ehtiyac yoxdur. İnflyasiyanı əslində iqtisadi artım göstəricisi kimi də qəbul etməliyik. İnkişaf etmiş ölkələrdə inflyasiya aşağı olanda hökumət narahat olur ki, demək ölkədə iqtisadi aktivlik aşağı səviyyədədir. Bizdə isə tərsinədir, inflyasiya qalxanda hamı narahat olur. Çünki bu, bizdə iqtisadi aktivlik göstəricisi deyil.
Bizdə inflyasiya, qiymətlərin artması, əhalinin gəlirlərinin artması, istehsalın genişlənməsi, ÜDM-nin həcminin çoxalması ilə baş vermir. Qiymət artımı ya kənardan gəlir, ya da qeyri-sağlam iqtisadi proseslər nəticəsində daxildən qaynaqlanır. Ona görə də bizdəki inflyasiya təhlükəli xarakter daşıyır. Ancaq birrəqəmli inflyasiyanın olması təbii qəbul edilməlidir və sağlam iqtisadi göstərici kimi başa düşülməldir.
Biz də çalışmalıyıq ki, qiymət artımları, inflyasiya göstəricisi iqtisadi aktivliklə əlaqəli göstəriciyə çevrilsin. Yəni kənardan idxal olunan, daxildə qeyri-sağlam iqtisadi münasibətlərdən doğan göstərici kimi qalmaqda davam etməsin".
Tarix: 17-11-2021, 16:12
Xəbəri paylaş





Xəbər lenti