2017-2020-ci dördillikdə Azərbaycanın çox şübhəli iqtisadi fenomeni - büdcə xərcləri 23 faiz, qeyri neft artımı cəmi 6 faiz...



2017-2020-ci dördillikdə Azərbaycanın çox şübhəli iqtisadi fenomeni -
Fuad İbrahimov: “Görülən işlər zamanı müəyyən xətalara yol verilib və bunu danmaq olmaz”

Hesablama Palatası Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən müəyyənləşdirib ki, 2011-2014-cü illərdə real büdcə xərclərinin 40,4 faiz artması həmin dövrdə qeyri-neft ümumi daxili məhsulun da 41,3 faiz artımı ilə nəticələnib. Ancaq 2017-2020-ci illərdə real büdcə xərclərinin 23,2 faiz yüksəlməsi qeyri-neft iqtisadiyyatını cəmi 6,2 faiz artıra bilib.

Məlum olur ki, son 4 ildə büdcə xərclərinin iqtisadi artıma ötürücülüyü dəfələrlə aşağı düşüb. Əslində bu, artıma səbəb olmalı idi. Yəni bunun müqabilində qeyri-neft sektorunda ciddi artım olmalı idi, amma biz bunun əksini görürük. Bəlli olur ki, bu məqsədlə ayrılan vəsaitlər qeyri-neft iqtisadiyyatını artıra bilməyib. Ən pisi isə odur ki, artım əvvəlki illərə baxanda daha az olub.

Maraqlıdır, bütün bunlar nə deməkdir? Ölkə iqtisadiyyatında nə baş verir?

“Nəzərə almaq lazımdır ki, bəzi infrastruktur layihələri, sosial layihələr gəlir gətirmir”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Fuad İbrahimov buna bir qədər fərqli prizmadan yanaşdı: “Məsələ ondadır ki, bir sıra energetika və digər infrastruktur layihələr vəsait çox tələb edir. İlk dövrlərdə vəsaitə ehtiyac çox idi. Sonrakı dövrlərdə həmin sahələrə kapital qoyuluşuna tələbat azaldı. Nəzərə almaq lazımdır ki, bəzi infrastruktur layihələri, sosial layihələr gəlir gətirmir. Başqa bir tərəfdən pandemiya da qeyri-neft istehsalına öz mənfi təsirini göstərir. Əsasən qeyri-neft sektorunda durğunluq və tənəzzül yarandı. Şübhəsiz ki, görülən işlər zamanı müəyyən xətalara yol verilib və bunu danmaq olmaz. Fikrimcə, bu irihəcmli olsaydı, o zaman Hesablama Palatası bunun cinayət tərkibli olması ilə bağlı açıqlama verərdi. Bir şeyi də nəzərə almalıyıq ki, son illər bir sıra məmurlar yol verdikləri nöqsanlara görə həbs edilib. Büdcə xərclərinin iqtisadi artıma ötürücülüyünün aşağı olmasında bunların da rolu var. Ancaq ümumilikdə götürdükdə, bu heç də o demək deyil ki, qeyri-neft iqtisadiyyatında ciddi geriləmə yaşanıb. Bəli, icra mexanizmində, ticarət dövriyyəsində bəzi problemlər var. Ancaq bütün bunların aradan qaldırılması üçün proses gedir. Güman edirəm ki, gələn il bu vəziyyətdən çıxacağıq”.

Bütün bunlarla yanaşı, iqtisadçı-ekspert hesab edir ki, idarəçilik təkmilləşdirilməlidir.

Vidadi ORDAHALLI
Tarix: 24-11-2021, 08:24
Xəbəri paylaş





Xəbər lenti