Ölkədəki bahalaşma əhalini müflisləşdirir

İqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri Nemət Əliyev ölkədə baş verən bahalaşmanın səbəblərinin harada axtarılması barədə yazıb. İqtisadçının fikirlərini təqdim edirik.
Ölkədə əhalini müflisləşdirən bahalaşma yaşanır və bunun əsas səbəbini Azərbaycan sərhədlərindən kənarda deyil, hökumətdə axtarmaq lazımdır. Hazırkı qiymət siyasəti əhalini də, ölkəni də dalana dirəyib. Müəyyən təsirləri istisna etmək mümkün olmasa da, bu bahalaşmanı dünya bazarları ilə ələqələndirməyə çalışanlar böyük səhvə yol verirlər. Rəsmi dairələrin bu yöndəki açıqlamaları isə gözə kül üfürmək, hökumətin buraxdığı kobud səhvləri ört-basdır etməyə hesablanıb. Aşağıdakı cədvələ diqqət edin. Baxın, təbii qazın qiyməti ötən ilə nəzərən bu il Rusiyada vur-tut 2,9%, Azərbaycanda isə 38,5% artıb. (https://rosstat.gov.ru/storage/mediabank/osn-09-2021.pdf )
Fərqin böyüklüyünə diqqət edirsinizmi? Axı aradakı bu irilikdə fərqi dünya bazarları ilə necə əlaqələndirmək olar? Yaxud da dizel yanacağını götürək. Nə üçün dizel yanacağ eyni dövrdə Rusiyada 5,5%, Azərbaycanda isə 33,3% artıb? Bəs bu qədər fərqin dünya bazarları ilə hansı əlaqəsi ola bilər? Elə isə qiymətləri Rusiyada 3,8-3,9% artan soyuq suyun, kanalizasiya xidmət haqlarının Azərbaycanda 2 dəfə bahalaşmasını kimlərin, haraların ayağına yazaq? Bahalaşama səviyyələri arasında bu dərəcədə fərqlərin olması onu göstərir ki, “dünya bazarları”na söykənən arqumentlər əsaslı deyil, boğazdan yuxarıdır və reallıqla təsirli dərəcədə əlaqəsi yoxdur. Ölkədəki böyük bahalaşmanın səbəbi daha çox ölkədaxili amillərlə əlaqədardır. Əlbəttə, bu istiqamətdə çox səbəblər sadalamaq olar, amma səbəblər səbəbini hökumətlərin mahiyyətində axtarmaq lazımdır. Sadəcə Rusiya hökuməti elə, Azərbaycan hökuməti isə belə uyğun bilib. Əhalinin sosial vəziyyətini Rusiya hökuməti o dərəcədə, Azərbaycan hökuməti isə bu dərəcədə düşünə bilir.

Tarix: 24-11-2021, 08:38
Xəbəri paylaş





Xəbər lenti