Azərbaycanda varlılar niyə “ağlamır”? – gəlir deklarasiyası tələbi...


Ekspert: “Gəlir deklarasiyası sistemi tətbiq olunmur, ictimai və dövlət nəzarəti çox zəifdir”

Dünyanın bir çox ölkələrində varlılardan alınan vergi adi vətəndaşdan tutulan vergidən fərqlidir. Hətta bu səbəbdən bəziləri (məsələn, məşhur fransız aktyoru Jerar Depardiye, futbolçu Kriçtian Ronaldo) ölkələrini dəyişmək, başqa ölkə vətəndaşlığı almağa üstünlük veriblər.  Belə ölkələrdə varlı təbəqənin büdcə gəlirlərinin formalaşmasındakı payı Azərbaycanla müqayisə olunmayacaq qədər çoxdur. 
Məlumdur ki, koronavirus pandemiyası bütün dünyada varlı təbəqələrlə kasıblar arasında qütbləşməni dərinləşdirib: Yaranmış qlobal iqtisadi böhran fonunda varlılar daha da varlanıb, kasıbların sayı artıb, gəliri azalıb. Buna görə də demək olar ki, bütün dünyada varlılara yönəlik vergilərin daha da artırılması müzakirə olunur, bir çox ölkələrdə artıq bu istiqamətdə konkret addımlar atılır. Hesab olunur ki, varlıların ödədiyi əlavə vergilər hesabına dövlət büdcələrinə gəlir artar, eyni zamanda aztəminatlı təbəqələr üçün yardım imkanları genişlənər. Buna görə də Beynəlxalq Valyuta Fondu və Dünya Bankı var-dövlətə görə vergiləri artırmaqla pandemiyanın iqtisadi təsirlərini yumşaltmağa, qeyri-bərabərliyi azaltmağa çağırırlar. Hətta BMT baş katibi Antonio Quterreş, Roma papası Fransisk də bu çağırışı dəstəkləyən bəyanatla çıxış ediblər.
Açıqlanan məlumatlara əsasən son 1 ildə dünyanın ən varlı adamlarının sərvətlərinin həcmi 5 trilyon dollara qədər artıb. A.Quterreş bu faktı açıqlayaraq, həmin varlıların vergi yükünü artırmaqla əldə olunan vəsaitləri qeyri-bərabərliyin aradan qaldırılmasına sərf olunmasını təklif edib.
“Forbes” jurnalının hesablamalarına görə, COVID-19-la keçən ilyarım ərzində milyarderlərin sərvəti son 15 ildəkindən daha çox artıb. Dünya Bankının hesablamalarına əsasən isə pandemiya dünyada yoxsulların sayını 200 milyon nəfər artırıb. BVF-nin məlumatına görə, dünya ölkələri əhalini və biznesi pandemiyanın təsirlərindən qorumaq üçün 8 trilyon dollar xərcləyiblər, lakin bu, yetərli deyil. Hazırda dövlətlər cari xərcləri borc hesabına qarşılamağa başlayıblar ki, bunun da nəticəsində qlobal borclanma səviyyəsi dünya ÜDM-nin 100 faizinə çatır. Lakin pandemiyadan heç də hamı zərər çəkməyib -  restoranlar, turizm şirkətləri, aviaşirkətlər iflas edərkən İnternet nəhəngləri, texnoloji korporasiyalar, əczaçı şirkətlər, tibbi avadanlıq istehsalçıları görünməmiş gəlirlər əldə etdilər.
Dünyada əhalinin yoxsullaşmasını sürətləndirən hadisələrdən sonra varlılar üçün vergilərin artırılması təcrübəsinə indiyədək də rast gəlinib: Birinci və ikinci dünya müharibələrindən sonra ABŞ və Avropa ölkələrində bərpa prosesini maliyyələşdirmək üçün var-dövlətə birdəfəlik vergilər tətbiq edilib. Almaniya 2011-ci ildə birləşmədən sonra müvəqqəti olaraq gəlir vergisini artırıb, Avstraliya eyni addımı 2011-ci ildəki subasmadan sonra, Yaponiya 2013-cü ildəki dağıdıcı zəlzələdən sonra atıb. 2020-ci ilin dekabrında Argentina pandemiyadan sonrakı bərpa üçün milyonerlərə tətbiq edilən vergidən 2,4 milyard dollar gəlir əldə edib.
Dünya əhalisi sürətlə azalır: Alimlər həyəcan təbili çalır
Skandinaviya ölkələri artıq varlılar üçün vergiləri artırmağa başlayıblar. Məsələn, Norveçdə hökumət 1,7 milyon krondan artıq gəliri olanlar üçün sərvət vergisinin azaldılması prosesini dayandırıb.
Dünyanın ikinci böyük iqtisadiyyatına malik Çində varlılara qarşı addımlar 2021-ci ilin əvvəlindən başladılıb. Ölkənin rəhbəri Si Tszinpin hökumətə gəlirlərin varlılar və yoxsullar arasında daha ədalətli bölgüsünü təmin edəcək sistemin yaradılmasını tapşırıb. Artıq Çin mənşəli milyarderlərə məxsus nəhəng şirkətlərə yönəlik cərimələr tətbiq olunur, eyni zamanda ölkədə dəbdəbəli həyat üçün lazım olan məhsullara verginin artırılması işi başladılıb.
Bu ilin aprelində ABŞ prezidenti Co Bayden Senat və Nümayəndələr Palatasına müraciətində pandemiya dövründə varlanan və illik gəliri 400 min dollardan yuxarı olan amerikalılar üçün vergiləri artırmağa çağırıb. Sentyabrda isə Bayden iri korporasiyalar və varlı amerikalıları bir sıra hallarda milyardlarla dollar vergidən yayındıqlarına görə kəskin tənqid edib. ABŞ Maliyyə Nazirliyinin hesablamalarına görə hər il 1 faiz varlı amerikalı 163 milyard dollar vergini ödəməkdən yayınır. Müzakirələr zamanı Nümayəndələr palatasında demokratlar korporativ verginin 21 faizdən 26,5 faizə, kapital artımına hesablanan gəlir vergisinin isə 20 faizdən 25 faizə qaldırılmasını təklif ediblər.
Yer kürəsinin əhalisi 10 milyarda çatacaq
Rusiyada isə bu ilin yanvarından illik gəliri 5 milyon rubldan yuxarı olan vətəndaşlar üçün gəlir vergisi 13 faizdən 15 faizə qaldırılıb.
Göründüyü kimi, bütün dünyada pandemiyadan qazanan varlıların vergi yükü artırılır. Dövlətlər bu gəlir mənbəyinə postpandemiya dövründəki bərpanın əsas maliyyə mənbələrindən biri kimi baxır.
Uzun müddətdir neft gəlirlərinin axınını yaşayan Azərbaycanda da varlılar yetərincədir. Bu gün Badamdardan Şüvəlana, Qəbələdən Şəkiyə, Gəncədən Qazaxa, Lənkərandan Qubaya kimi minlərlə, on minlərlə, bəlkə də daha çox sayda qiyməti yüz minlərlə, milyonlarla ölçülən villalara, malikanələrə rast gəlmək olar. Eləcə də paytaxt Bakının mərkəzindəki bahalı mənzilləri də bu siyahıya əlavə etmək mümkündür. Lakin ölkədə fiziki şəxslərdən bələdiyyə büdcələrinə toplanan əmlak vergisinin həcmi çox cüzi məbləğlərlə ifadə olunmaqdadır. Hüquqi şəxslərin dövlət büdcəsinə yönəlik əmlak vergisi də elə yüksək məbləği əhatə etmir. Belə ki, gələn il Azərbaycanın dövlət büdcəsində hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların 236 milyon manat təşkil edəcəyi gözlənilir. "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsinə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,9 faiz çoxdur. Artıma səbəb əsaslı kapital qoyuluşlarına yönəldilən investisiyanın əvvəlki il üzrə artım əmsalının nəzərə alınması, habelə yığım əmsalının artırılmasıdır.  Hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların 66 milyon manatı neft, 170 milyon manatı isə qeyri-neft sektorunun payına düşəcək.
Ölkədə ən çox vergidənyayınma halları ən çox gəlir əldə edilən sahələrdə - tibbi fəaliyyət, ticarət və ictimai iaşədədir. Bu sahələrdə yüz milyonlarla dollarlıq sərvət toplayan şəxslərin nə özləri, nə də onlara məxsus şirkətlər vergi baxımından kasıblardan fərqləndirilmir. Bundan isə itirən ilk növbədə dövlət büdcəsidir. Büdcə varlılardan toplana biləcək gəlirləri əldə edə bilmir, nəticədə, aztəminatlı əhaliyə yönəlik sosial proqramların əhatə dairəsi məhdudlaşır, kasıbların sayı artır, güzəranı pisləşir.
Azərbaycanın keyfiyyətli benzin istehsalı imkanlarının perspektivi varmı? –  ekspert şərhi - 16.09.2021, Sputnik Azərbaycan
Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, bütün dünyada proqressiv vergitutma tətbiq olunur: “Burada əsas məqsəd artan gəlirlərə uyğun olaraq vergilərin daha çox tutulmasıdır. Əks halda, dünyada varlılarla kasıblar arasında qütbləşmə daha böyük sürətlə dərinləşir. Onsuz da hazırda bu problem qlobal şəkildə kəskinləşməkdədir. Buna görə də beynəlxalq təşkilatlar, böyük dövlətlər prosesi durdurmaq, ən azı yavaşıtmaq üçün varlılara yönəlik vergiləri artırırlar. Burada əlbəttə, dövlət gəlirlərinin artırılması istəyi də var. Bütün bu amillərin təsiri ilə proqressiv vergitutma bütün dünyada geniş tətbiq olunur. Azərbaycanda da qanunvericilik bu istiqamətdə müəyyən imkanlar yaradır. Məsələn, Azərbaycanda qeyri-neft, qeyri-dövlət sektorunda çalışanların 8 min manata qədər olan gəlirləri gəlir vergisindən azad olunub. 8 min manatdan yuxarı hissəsi isə 14 faiz vergiyə cəlb olunur. Dövlət sektorunda çalışanların 2500 manata qədər gəlirinə 14 faiz, ondan yuxarı hissəsinə isə 25 faiz gəlir vergisi tətbiq olunur. Lakin bu diferensiallaşma müvəqqətidir, 7 illiyə tətbiq olunmuşdu. Hesab edirəm ki, bizdə də diferensiallaşmanın dərinləşdirilməsi, daimi olması zəruridir”.
Ekspertin sözlərinə görə, Azərbaycanda gəlirlərin gizləşdilməsi geniş yayılıb: “Bu istiqamətdə vəziyyət acınacaqlıdır: gəlirlər, iqtisadi fəaliyyətlərin əhəmiyyətli hissəsi leqal deyil. Bu qədər gəlirin qabağında Azərbaycanda rəsmən milyarder yoxdur. Desillər üzrə müqayisə etsək, rəsmi statistika deyir ki, Azərbaycanda ən az gəliri olan 10 faiz əhalinin ən çox gəliri olan 10 faizlə müqayisədə gəlirləri cəmi 3,4 dəfə azdır. Halbuki reallıqda bu fərq ən azı 100 dəfədir. Rəsmi statistikadakı bu qeyri-real mənzərənin əsas səbəbi gəlirlərin gizlədilməsi, gəlir bəyannaməsi sisteminin tətbiq olunmaması, ictimai və əlbəttə, dövlət nəzarətinin çox zəif olmasıdır”.
Tarix: 1-12-2021, 22:42
Xəbəri paylaş





Xəbər lenti