Yeni sərəncam da fayda verməyəcək


İqtisadçı Rövşən Ağayev
Bu gün dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsilə bağlı sərəncam imzalayıb. Sənədə əsasən, həmin ərazilərə sərmayə qoyacaq sahibkarlara genişmiqyasılı gömrük-vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.
Azərbaycanda bu günə qədər investisiyaları təşviq eləmək üçün vergi güzəştləri ən geniş istifadə olunan, ən populyar iqtisadi alət olub.
2016-cı ildə qəbul edilən qərara əsasən investisiya təşviqi almış sahibkarlıq subyektlərinə demək olar ki, “0” dərəcəli vergilə işləmək üçün təminat verilir. Ötən 5 ildə bu mexanizmin iqtisadiyyata töhfəsi hesablanıbmı – yaradılan əlavə dəyərin həcmi, açılan iş yerlərinin sayı baxımından? Təşviq edilən və təşviq edilməyən subyektlər arasında bu göstəricilər üzrə müqayisəli analizlər hazırlanıbmı?
Hökumət bu ildən etibarən vergi güzəştləri hesabına büdcənin itkilərini hesablamağa başlayıb. Amma gərək bu itkilərin müqabilində qazanclar da ayrıca hesablansın.
Azərbaycan iqtisadiyyatının investisiyalar üçün cəlbediciliyinin az olmasında vergi yükünün yüksək olması həlledici səbəblər sırasındadırmı? Bunu araşdıran, dəqiq qiymətləndirən hansısa analitik hesabat varmı? Ümumiyyətlə Azərbaycanda güzəştsiz vergi yükü investisiya üçün cəlbedici olan ölkələrlə müqayisədə hansı səviyyədədir?
Problem xəstəlik kimidir – səbəbləri doğru diaqnostika edilməyəndə təklif olunan həll yolları (müalicə üsulları) nəticə əldə etməyə imkan vermir. Azərbaycanın investorlar üçün cəlbedici olmamasının səbəbləri sırasında siyasi və institusional səbəblər daha həlledicidir.
Demokratik institutların, xüsusilə ədalətli və peşəkar qanunlar qəbul edən demokratik parlamentin, hər addımda pozulan investor hüququnu müdafiə edən azad media və müstəqil vətəndaş cəmiyyətinin, mülkiyyət toxunulmazlığına ən yüksək səviyyədə təminatın, bu təminatın zəmanətçisi rolunda çıxış edən müstəqil məhkəmə sisteminin olmadığı mühit tam vergisiz olsa belə, sərmayədar üçün cəlbedici olmur. Rəqabətə zəmanət verən, hər çür inhisarçılığı anında qanunvericilik əsasında cilovlayan mexanizmlər işləməlidir. Dövlət satınalmalarından, güzəştli kreditlərdən yararlanmaq kimlərinsə müstəsna imtiyazı olmamalıdır, hamı üçün eyni dərəcədə əlçatan olmalıdır.
Sahibkar işlədiyi ərazidə özünü kiçik padşah kimi aparan icrakomlarla yox, vətəndaşın mandat verdiyi kollegial seçkili orqanlarla ünsiyyətdə olmalıdır.
Siyahı çox uzundur. Deməyim odur ki, böyəyi ağrıyan xəstənin ürək xəstəliklərinin müalicəsilə sağalacağına ümid edirsinizsə və özünüzü buna inandırmısınızsa, zamanımıza heyfiniz gəlsin. Dünyanı elm və texnolgiyalar hesabına kosmik sürətlə dəyişdiyi hazırkı dövrdə zaman əvəzsiz dərəcədə qiymətli resursdur. Zamanın qiymətini bilməyən toplumlara heç bir resurs yardım edəsi deyil. Hətta indikindən 10 dəfə çox neft-qaz parası belə…
Tarix: 11-12-2021, 09:02
Xəbəri paylaş





Xəbər lenti