Səfər Mehdiyev deputatı “fırıldaqçı” adlandırdı



Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deputatların xaricdən məhsul gətirib satdığını deyib.

S.Mehdiyev jurnalist Eynulla Fətullayevə müsahibəsində malların rüsumsuz idxal limitinin 1000 dollardan 300 dollara endirilməsi, bununla bağlı ictimaiyyətdə yaranan narazılıq və deputatların bu dəyişikliyin əleyhinə çıxması haqda sualı cavablandırıb.

DGK sədri qeyd edib ki, deputatlar özləri qanunsuz bizneslə məşğul olduqları üçün bu dəyişikliyə etirazlarını bildiriblər: “Sizə səbəbi izah edim. Çünki Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər. Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı. Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus  oldum. Əsl səbəbi anlaya bilmirdim. 
Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər?  Öz maraqlarını qoruyurdular.
Hər bir vətəndaş özü ilə 800 dollar gətirə və 300 dollar məbləğində poçt  alınmaları edə bilər. Manat ekvivalentində bu, təqribən 2 min manatdır. Doğrudanmı vətəndaş hər ay 2 min manatlıq elektron alış-veriş edir? Əlbəttə, yox. Azərbaycanda minimal və orta əmək haqqını nəzərə alaraq ədalətli hədd müəyyənləşdirilib”.



Söhbət məsələn, “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi, deputat Elnur Allahverdiyevdən getmirmi? Ötən ilin avqustunda məlum qərara görə Gömrük Komitəsini parlamentdə yıxıb sürüyənlərdən biri Elnur Allahverdiyev olub. Elnur Allahverdiyev: “Gömrüklə bağlı qəbul edilən dəyişiklik çox ciddi yanlışlıqdır. Əgər indiyədək bu qaydalara əsasən ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 1500 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azad idisə, indi bu rəqəm 800 dollara salınıb. Təsəvvür edirsiniz, cəmi 800 dollar. Yəni bu 1500 ABŞ dolları nə böyük rəqəmdir ki, onu da endirib 800 dollara salmışıq? Aydın məsələdir ki, bu qərar güzəranını xırda biznesə bağlamış vətəndaşların dolanışığına ciddi zərbə vuracaq”.


Tarix: 11-12-2021, 16:03
Xəbəri paylaş





Xəbər lenti