Qiymət artımına görə günahkar hökumətdir

Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri
İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, istehlak qiymətlərinin suni artımına yol verə bilən addımların qarşısının alınması istiqamətində fəaliyyət gücləndirilib.
Gecikmisiniz, Mikayıl Cabbarov! Lap çox gecikmisiniz! Şəxsən sizin də üzvü olduğunuz hökumət qədər süni qiymət artımı yaradan və başqalarını bu yola baş vurmağa təhrik edən ikinci bir kimsə yoxdur bu ölkədə. Dövlət rüsumlarının 2 dəfə artırılmasına dair qərar çıxararkən gərək səsinizi eşitdirəydiniz, Mikayıl müəllim! Dizel yanacağını 33%, təbii qazı 38%, 92 markalı benzini 11%, soyuq suyu 2 dəfə, kanalizasiya xidmət haqlarını 2 dəfə bahalaşdırarkən susmamalıydınız! Heç olmasa Gömrük Komitəsində süni bahalaşmaya xidmət edən hoqqabazlıqlara etiraz edəydiniz. Amma və lakin səsinizi duyan olmadı. Hökumətin yersiz qərarları bu gün ölkədə elə bir bahalaşma fırtınası qoparıb ki, maaş, müavinət, təqaüd artımlarını nəzərdə tutan prezident sərəncamları da köməyə yetməyəcək. Artıq gecdir, iş işdən keçib, Mikayıl Cabbarov! Bir şey edə bilməzsiniz! Gərək bu cür açıqlama verməmişdən fikirləşəydiniz ki, arxadan atılan daş topuğa dəyər. Gücünüz yetirsə, maaşları, pensiyaları, müavinətləri, təqaüdləri daha çox qaldırın, çünki hazırkı artımlar yetərsizdir. İşi olmayan milyonlarla insanlara iş verin! Bəlkə bunların faydası ola!
Tarix: 24-12-2021, 08:31
Xəbəri paylaş





Xəbər lenti