İdxal bahalaşması əhaliyə 3,4 milyard manat itki yaşadıb

Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri
İdxal bahalaşması əhaliyə 3,4 milyard manat itki yaşadıb. Prezident sərəncamları isə əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişləri gələn il cəmi 1,4 milyard manat artırmağa imkan verəcək. Bəs aradakı 2 milyard manatlıq fərqi kim kompensasiya edəcək?
Sadə hesablamaların ortaya çıxardığı dəhşətli reallığa diqqət edin. Dövlət Gömrük Komitəsi rəsmən məlumat açıqlayıb ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan 10,4 milyard dollarlıq mal idxal edib. (Mənbə: https://customs.gov.az/modules/pdf/pdffolder/104/FILE_942B7D-0FC01B-06643C-1DADF4-D77DE0-106B20.pdf).
Dövlət Statistika Komitəsi isə göstərici elan edib ki, idxal malları 21,4% bahalaşıb. Bu iki göstərici əsasında aparılan hesablama göstərir ki, 10,4 milyard dollarlıq idxal malının 1,8 milyard dolları bahalaşma hesabına əmələ gəlib (10,4-(10,4:1,214)≈1,8). Mərkəzi Bankın rəsmi məzənnəsi ilə manata çevirsək, 3,1 milyard manat alınar. Odur ki, yalnız idxal mallarının bahalaşması səbəbindən əhali bu ilin 11 ayında 3,1 milyard manat əlavə xərcləməli olub. İlin sonunadək bu itki məbləği 3,4 milyard manata qədər artacaq (3,1:11×12≈3,4).
İndi təsəvvür edin ki, bütün bu olub-keçənlərdən sonra hökumət dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və maliyyə yardımı alan bir sıra müəssisə və təşkilatlarda çalışanların əməkhaqlarının, həmçinin ölkədə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması üçün gələn il üst-üstə 1,441 milyard manat vəsait nəzərdə tutub.
(Mənbə: http://maliyye.gov.az/scripts/pdfjs/web/viewer.html?file=/uploads/static-pages/files/6186469065c20.pdf, səhifə 29).
Beləliklə, aydın olur ki, prezident İlham Əliyevin son sərəncamları hələ yalnız idxal bahalaşmasının bu il əhaliyə yaşatdığı itkilərin heç 43 faizini kompensasiya etməyə kifayət etməyəcək. Bəs aradakı 2 milyarda yaxın manatı və ya 57 faizdən çox boşluğu kim kompensasiya edəcək? Onu əhaliyə kim verəcək? Bəs yerli malların, ödənişli xidmətlərin, ictimai iaşənin bahalaşmasından doğan əlavə 3 milyarddan çox itkiləri kim qarşılayacaq? Bəs gələn il davam edəcək bahalaşmanın törədəcəyi əlavə fəsadlar nəyin hesabına neytrallaşdırılacaq?..
Buradan çıxan nəticə odur ki, əməkhaqlarının, pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin artırılması üçün verilən prezident sərəncamları əhalinin əhəmiyyətli dərəcədə pisləşmiş həyat səviyyəsini nəinki yaxşılaşdırmayacaq, heç onu əvvəlki vəziyyətində bərpa etməyə də yetməyəcək. Çünki gələn ilin dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulan vəsait bahalaşma fırtınasının ölkədə yaratdığı milyardlarla itkiləri kompensasiya etmək gücündə deyil. Bu səbəbdən gələn il həyat səviyyəsinin yaxşılaşacağına dair verilən rəsmi, qeyri-rəsmi vədlər reallıqdan çox uzaqdır. Hər kəs hesabını düzgün aparmalı, özünü gələn ilin çətinliklərinə hazır tutmalıdır.
Tarix: 26-12-2021, 08:32
Xəbəri paylaş





Xəbər lenti