Bakıda banklarda dollar almaq üçün böyük növbələr ...- Foto


Bakıda banklarda dollar almaq üçün böyük növbələr yaranıb - Foto

İlin son iş günündə banklarda müştəri əlindən tərpənmək olmur. Dollar almaq üçün böyük növbələr yaranıb. Banklar yalnız kiçik məbləğlərlə olan istəklərə müsbət cavab verir. Daha çox o halda ki, həmin filialda əvvəlcə xeyli dollar satan müştərilər olsun.

Bizimyol.info xəbər verir ki, dekabrın 30-da bankların əksəri xarici valyuta satmaqdan imtina edib. Hətta Rusiya rublu almaq istəyənlərə də “yox” deyilir. Əksəriyyət dollar əldə etməyə çalışır. Banklarda saatlarla növbədə gözləmək lazım gəlir. Hər müştəri xüsusi blank doldurmalı olur. Burada pulun mənbəyini qeyd etməyin vacib olduğu bildirilir.
Gün ərzində bir neçə banka baş çəkdik. Günün birinci yarısında dollar satmağı böyük problemə çevirməyən maliyyə müəssisələri günortadan sonra buna isti yanaşmamağa başlayıb. “Günay Bank”ın, “Bank of Baku”nun, “Rabitəbank”ın bəzi filiallarında “sistem işləmir” deyirdilər. “Rabitəbank”a daha çox müraciət edildiyi müşahidə olunurdu. Bank 300 dollardan yüksək olmayan istəkləri qəbul edirdi.
Günorta saatlarında Azərbaycan Mərkəzi Bankı valyuta hərracında bankların tələbinin tam təmin olduğunu açıqlamışdı. Ümumilikdə 140.3 milyon dollar satıldığı bildirilmişdi. Bu, ötən hərracla müqayisədə 19.4 milyon dollar çox tələbin olduğu anlamına gəlir. Yəni ABŞ valyutasına tələbat təxminən 16 faiz artıb.
Birdən-birə dolların müştərisi niyə çoxalıb? Cəmiyyətdə manatın dəyər itirəcəyi ilə bağlı söz-söhbət çoxdandır var. Əhali əmanətlərin böyük hissəsini dollarla saxlayır. Çünki manata etimad aşağıdır. Qiymətlərin kəskin qalxması, maaşların buna uyğun artırılmaması, neftin dünya bazarındakı dəyərinin nikbinliyə çox əsas verməməsi yalnız dollara güvənməyə zəmin yaradır.
Digər yandan yaxın keçmişin acı təcrübəsi də var. 2015-ci ildə ikinci devalvasiya məhz dekabr günlərinə təsadüf etmişdi. Banklara üz tutanlarla söhbətdə onların manatın məzənnəsinin bu günlərdə aşağı düşməsi ehtimalına çox inandıqları hiss olunurdu.
Bakıda dollar almaq üçün növbə
Başqa valyutalara, məsələn, avroya tələbat böyük deyil. Çünki qaz böhranına görə Avropa sıxıntı yaşayır. Avronun qış aylarında məzənnəsi yüksək olmayacaq. Bu valyutanın sonradan dollara nisbətən güclənəcəyi də dəqiq bilinmir.
Tarix: 31-12-2021, 08:39
Xəbəri paylaş





Xəbər lenti