“Çörəyin bahalaşması əhalinin həyat səviyyəsinə vurulan növbəti ağır zərbə olacaq”

Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri
Unun və çörəyin növbəti dəfə bahalaşması üçün hökumət əlindən gələn hər şeyi edib: dizelin, suyun, qazın, elektrik enerjisinin qiymətlərini əhəmiyyətli dərəcədə artırıb, dövlət rüsumlarını qaldırıb, yerdə qalan kütləvi istehlak mallarının bahalaşmasını təmin edib. Odur ki, un və çörəyin bahalaşması ilə əlaqədar sosial şəbəkələrdə yaşanan narahatçılıqlar tam başa düşüləndir. Hamı növbəti zərbə gözləyir. Amma bilmək lazımdır ki, bunsuz da çörəyin qiyməti artıb. Çörəyin ədəd hesabı pərakəndə satış qiymətləri sabit görünsə də, kiloqram hesabı satış qiymətləri yüksəlib. İstehsalçılar çörəyin çəkisini çoxdan azaldıblar. Hər gün ticarət şəbəkələrindən satın aldığımız əla növ buğda çörəyinin 1 kiloqramının qiyməti 9,9% bahalaşıb. 2020-ci ilin noyabr ayında 1 kiloqramı 81 qəpik təşkil edən buğda çörəyinin qiyməti 2021-ci ilin noyabr ayında 89 qəpik olub. Çovdar çörəyinin qiyməti 11 %-dən çox, qarışıq undan hazırlanan çörəyin qiyməti isə 15%-dən çox bahalaşıb. Bu dövrdə buğda ununun qiyməti 13%-ə yaxın artıb.
Belə aydın olur ki, çörəyin və unun hazırkı qiymət səviyyəsi hökuməti qane etmir. Hökumət qiymətləri daha da qaldırmaqda maraqlıdır. Doğrusu, hazırkı qiymət səviyyələri taxıl istehsalı ilə məşğul olan sahibkarları da qane etməz. Çünki ətrafda hər şeyin, o cümlədən istehsal ehtiyacları üçün vacib olan xammal və materialların, xidmətlərin qiymətləri bahalaşıb. Amma hökumət nəzərə almalıdır ki, unun və çörəyin növbəti bahalaşması əhalinin həyat səviyyəsinə vurulan növbəti ağır zərbə olacaq.
Aşağıdakı cədvəl məlumatlarına diqqət edin. Hökumətin ötənilki əl işidir. Kütləvi istehlak mallarının yüksək bahalaşma faizlərinə diqqət edin. Əhalini var-yoxdan çıxaran bu bahalaşma faizləri bu gün də artmaqdadır. Əhali istehlakında böyük payı olan kartofun qiyməti artıq 1,30 manata qalxıb… Hazırkı bahalaşma müəyyən kateqoriya işçilərin əməkhaqlarına edilmiş 20%-lik artımların müsbət təsirlərini çoxdan heçə endirib. Odur ki, istehlak bazarında yaşananlardan, əhalinin həyat səviyyəsində baş verən dəyişikliklərdən yanlış deyil, doğru nəticələr çıxarmaq lazımdır. Hökumət bu şəkildə əhalinin həyat səviyyəsini qəti şəkildə yaxşılaşdıra bilməz.
Tarix: 3-01-2022, 21:53
Xəbəri paylaş





Xəbər lenti