Bu iqtisadi kurs xalqı səfalətə aparır



Un və un məhsullarının 30-40 faizə qədər bahalaşmasını haradasa başa düşmək mümkündür. Dünyada davam edən bahalaşma fonunda Azərbaycana da idxal edilən qida məhsulları labüd bahalaşmaya məruz qalır. Lakin bir gecədə az qala 40 faizlik bahalaşmanın mexanizmi barədə açıqlama verilmir
Məsələ burasındadır ki, vaxtilə də qeyd etdiyimiz kimi, hökumətin indiyə qədər rəsmi və qeyri-rəsmi yollarla unun qiymətini stabil saxlamaq üsulları tükənibdir. Indiki vəziyyətdə iki seçim var idi: Ya idxalçılar 40 faizlik fərqi dövlətdən almalıydılar, yaxud da 90-cı illərdə olduğu kimi, çörək qıtlığı yaranmalıydı. Un monopoliyasının götürülməsini təklif edənlər də var, amma mütəxəssislərə yaxşı məlumdur ki, konkret olaraq bu sahənin, yəni un monopoliyasının götürülməsi belə qiymət artımının qarşısını almayacaqdı. Növbəti dəfə təkrar edirik, hökumətin problemi unun (və ya digər məhsulların) bahalaşmasında deyil, bahalaşma qlobal trenddir, problem əhalinin öz yaşayışını öz zəhməti hesabına təmin edə bilməməsində və mövcud cüzi gəlirlərinin artımını təmin edə bilməməsindədir
Mövcud iqtisadi kurs əhalini səfalətə doğru aparır. Əgər əhalinin gəlirləri normal qaydada artsaydı, çörəyin tədricən il ərzində 30 faiz bahalaşması insanlar üçün adi hal kimi qarşılanardı. Unun bahalaşması həm də onu göstərir ki, hökumət əvvəlki qaydada, cəmiyyətin susqunluğunun əvəzində əhalinin minimum ehtiyaclarını təmin edə bilmir. Amma əhalidən əvvəlki qaydada qeyd-şərtsiz itaət etmək tələb edilir. Mümkündür ki, xalqla siyasi rejim arasında yaranan bu disbalansın nəticələri tezliklə özünü göstərsin.
İqtisadçı Qaşqay İsmayıl
Siam.az
Tarix: 4-01-2022, 21:15
Xəbəri paylaş





Xəbər lenti