Çörəyin bahalaşması fəsadlar yarada bilər: “Hökumət təcili tədbirlər görməlidir” - Açıqlama




“Unun və çörəyin bahalaşması nəticəsində insanların sosial vəziyyətlə bağlı narazılıqları artır”.

Bu sözləri Bakupost.az -a millət vəkili Razi Nurullayev unun və çörəyin bahalaşması ilə haqqında danışarkən deyib.

Onun sözlərinə görə, unun qiymətinin artması Azərbaycanın daxili bazarı ilə bağlı məsələ deyil:


“Təbii ki, ölkədə bahalaşma var və bu insanların büdcəsinə kəskin şəkildə mənfi təsir göstərməkdədir. Nəticədə bir sıra insanların sosial vəziyyətlə bağlı narazılıqları artır. Eyni zamanda, Azərbaycanda enerji daşıyıcılarının qiymətində də bahalşmaya gətirib çıxardıb. Lakin bahalaşmanın digər obyektiv səbəbi odur ki, bütün dünyada bu bahalaşma var. Artıq bir neçə gündür Qazaxıstanda baş verənləri də müşahidə edirik. Bildiyiniz kimi, qazın, çörəyin, ərzağın qiymətinin artması insanların ciddi narazılığına səbəb olub. Demək olar ki, bütün dünyada bu proseslər gedir. Azərbaycanda da dünən buğda və çörək istehsalçılarının müraciəti oldu. Çünki Azərbaycan buğdanın çox hissəsini Rusiyadan idxal edir və orada da qiymət artıb. Azərbaycanda əvvəl unun bir kisəsini 26 manata alırdılar, indi məlum olur ki, bu 36 manatadək qalxıb. Ona görə də Azərbaycanda unun qiyməti məcburi qaldırılıb”.



Millət vəkili qeyd edib ki, əgər Azərbaycan indiki qiymətə Rusiyadan buğda idxal etməsə, o zaman çörək qıtlığı yaranacaq:

“Bütün dünyada bu bahalaşma baş verir. İndi bunun günahını Çində görürlər ki, dünyanın ərzaq məhsullarının yarısını alıb anbarlarına yığıb. Mənə elə gəlir ki, bu nə qədər gerçək olsa da, bir o qədər real deyil. Lakin hər bir ölkə özünün ərzaq təhlükəsizliyini təmin etməli, qiymətləri tənzimləməlidir. Amma təəssüf ki, buna Azərbaycanda tam nəzarət edilmir. Bunun digər bir səbəbi də ondan ibarətdir ki, bizdə qeyri-neft sektorunun inkişafı istiqamətində istədiyimiz səviyyədə deyil. Biz hər zaman neft gəlirlərindən asılı olmuşuq. Neftdən gələn gəlirlər şükür ki, artır. Əsas odur bu gəlirlər azalmasın. Əgər neft gəlirləri azalarsa, bu, vəziyyətə daha ağır zərbələr endirə bilər. Amma ümumilikdə isə çörək strateji məhsuldur. Çörək olmasa insanlar yaşaya bilməz. O baxımdan hansı yolla olursa-olsun çörək istehsalçıları və idxalçılarının xərclərində yaranan fərqi ödəmək şərtilə onların qiymətlərinin tənzimlənməsi vacibdir. Təbii ki, bu dövlətin üzərində müəyyən yükdür. Çünki büdcə vəsaitləri buna sərf olunacaq. Amma istənilən halda büdcə vəsaitləri də sərf olunsa, digər mənbələrdən götürüb həmin fərqi ödəməli olsaq da bunu etməliyik. Çünki elə insanlar var ki, doğurdan da onların aylıq qazancı dolanmağa yetmir. O baxımdan hesab edirəm ki, hökumət təcilli tədbirlər görəcək. Həm Maliyə Nazirliyi, həm hökumət üzvləri bununla bağlı təcilli şəkildə toplanacaqlar, qərarlar veriləcək və bahalaşmanın törətdiyi çətinliyin qarşısını müəyyən qədər alınması üçün addımlar atılacaq.



İqtisadçı-ekspert Cəfər İbrahimli qeyd edib ki, un və çörəyin bahalaşması ilə bərabər bitki yağlarının da qiyməti 54%-ə qədər qalxıb:

“Dünya əmtəə birjalarında da cari ildə buğdanın qiymətinin kifayət qədər yüksəldiyini görürük. Azərbaycana da idxal olunan buğdanın qiyməti əvvəlki illər ilə müqayisədə bu il çox artıb. Əgər əvvəlki illərdə 1 kq buğdanın qiyməti 36-37 qəpiyə idxal olunurdusa, bu gün 1kq buğdanın qiyməti 48 qəpiyə çatıb. Düzdür, 2021-ci ilə baxsaq dünyada taxıl istehsalında azalma müşahidə olunmayıb. Sadəcə istehlakçı artımı olub. Bu tendensiya pandemiyanın gətirdiyi xüsusi psixoloji proseslərin fonunda və ölkələrin, xüsusilə də Çinin stoklarını artırması, bəzi ölkələrin ixracata məhdudiyyətlər tətbiq etməsi qiymətlərin artımına səbəb olub. Azərbaycan idxalçı ölkə olduğu üçün ehtiyac olan taxılın təxminən 30 faizini idxal edir. İdxal olunan məhsulun qiyməti baha başa gəldiyinə görə, Azərbaycanda da qiymətlərin artmaması mümkün deyil. Həmçinin Azərbaycan dünyanın tərkib hissəsidir, dünyda qiymətlər artırsa, bu ölkəmizə də təsir edə bilir”.

İqtisadçı-ekspert vurğulayıb ki, 2022-ci ildə taxıl istehsalının, əkin sahələrinin artması müəyyən qədər taxıl qiymətlərinin əvvəlki vəziyyətə gəlməsinə səbəb ola bilər:

“Daxili istehsal imkanlarımızın artacağı gözlənilir. Qarabağ torpaqlarında əkiləcək ərazilərin hesabına taxıl istehsalımız artacaq və idxaldan asılılığımız bir az azalacaq. İndiki fakt budur ki, qiymətlər dünyada qalxıb və bu idxal inflyasiyası kimi Azərbaycana da təsir edir. Beynəlxalq təşkilatların da bu barədə açıqlamaları var ki, dünyada 600 milyon insan qida məhsullarının çatışmazlığından əziyyət çəkir. Bəli, beynəlxalq təşkilatlar da deyir ki, taxıl-buğda istehsalı artırılsın. Amma bunu nəzərə almaq lazımdır ki, mövcud əkin sahələri məhduddur, yəni artıq əkilib. Məhsuldarlıq da dünyada ortalama 35 sentinerdir. Bundan əlavə əkin sahələrinə baxsaq, dünyada təkcə 2021-ci ildə 1 faiz artırıla bilib. Dolayısı ilə taxıl məhsulu istehsal etmək üçün digər məhsul istehsalı azaldılsa və taxıl əkininə keçilsə, bu digər məhsulların bahalaşmasına birbaşa təsir edər. Hazırda bitki yağlarının da qiyməti 54%-ə qədər qalxıb. Səbəb odur ki, bitki yağları istehsal olunan bitkilərə də çox ehtiyac var. Yəni, o sahələri azaldıb taxıl əkmək bir az çətin prosesdir. Qlobal baxdığım zaman kifayət qədər məhsul istehsalının olduğu qənaətindəyəm. Sadəcə pandemiya dönəmində bəzi ölkələr bu ehtiyatları tələb olunandan çox artırdıqları üçün indi buna tələb yaranıb. Unun və çörəyin bahalaşmasının digər məhsulların da artmasına səbəb olacağını gözləmirəm, çünki digər məhsulların onsuzda rəsmi rəqəmlərdə də göründüyü kimi qiymətləri qalxıb. Sadəcə əvvəl un və çörəyin qiyməti subsidiyaların dəstəyi ilə aşağı idi. Əgər subsidiyalar ləğv olunacaqsa, təbii ki, o çərçivədə qiymətlər qalxa bilər. Hesab edirəm ki, ötən il pandemiya ilə bağlı yaranan problemlər, bu il ortadan qalxacaq”.
Tarix: 5-01-2022, 15:06
Xəbəri paylaş





Xəbər lenti