Normal işləməyən icbari tibbi sığorta üçün əmək haqlarından tutmalar da iki dəfə artırıldı...



img

Natiq Cəfərli: “Xidmətlər zərfinə daxil ediləcək yeni tibbi xidmətlər əhalinin daha çox yararlandığı tibbi xidmətlər olmalıdır”


“Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklərə görə, 2022-ci ildən etibarən qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 2 faiz icbari tibbi sığorta haqqı tutulacaq. Hazırda isə bu məbləğ cari ilin yanvarın 1-dək 1 faiz həcmindədir.
Məsələn, 1000 manat rəsmi maaş alan vətəndaş əvvəl faizlə 10 manat icbari tibbi sığorta pulu ödəyirdisə, bu ildən bu məbləğ 20 manat təşkil edəcək.
Xatırladaq ki, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edir. Xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir. Növbəti il üçün Xidmətlər Zərfinə daxil olan xidmətlərin 3700-ə qaldırılması proqnozlaşdırılır.
Sığorta haqlarının artırılması ilə bağlı məsələnin gündəmə gəlməsi ölkədə bir müddətdir tətbiq edilən icbari tibbi sığorta sistemində mövcud olan çətinlikləri bir daha yada salıb. Əksər vətəndaşlar dövlət xəstəxanalarına müraciət edən zaman istədikləri xidməti ala bilməməkdən hələ də gileylənirlər. Bəzi xəstəxanaların, ümumiyyətlə, texniki avadanlıqlarla təchiz olunmadığını, yaxud təchiz olunduğu halda belə mütəxəssislərin olmadığını vurğulayırlar. Bir qisim təbəqəni isə bir sıra xəstəxanalarda mövcud olan sanitar-gigiyenik şərait qane etmir. Buna görə də özəl xəstəxanalara müraciət etməli olurlar. Vətəndaşlar dövlət xəstəxanalarında xidməti ala bilmədikdə özəl xəstəxanalara sığorta ilə müraciətin daha əlçatan olmasını arzulayır.
Maraqlıdır, icbari tibbi sığortaya görə əmək haqqından tutulan məbləğin iki dəfə artması icbari tibbi sığortanın tətbiqində nəyi dəyişəcək? Tibbi xidmətin sayı artırılacaqmı?
  • “İcbari tibbi sığortaya görə əmək haqqından tutulmaların iki dəfə artması xidmətlər zərfinə əhəmiyyətli dərəcədə təsir göstərməlidir”
İqtisadçı Natiq Cəfərli bildirdi ki, icbari tibbi sığortaya görə əmək haqqından tutulmaların iki dəfə artması xidmətlər zərfinə əhəmiyyətli dərəcədə təsir göstərməlidir. Çünki bununla icbari tibbi sığorta üçün əhəmiyyətli məbləğ toplanacaq. Həmçinin yeni bağlanan əmək müqavilələri üzrə də icbari tibbi sığortaya görə yığımlar artıracaq: “Maaşdan icbari tibbi sığortaya görə tutulmalar iki dəfə artır. Bu isə o deməkdir ki, xidmət sayı iki dəfə olmasa da, buna yaxın həddə artırılmalıdır. Maaşdan 1 faiz tutulmalarla 2550 sayda müxtəlif tibbi xidmət göstərilirsə, bu ildən xidmət sayı əhəmiyyətli dərəcədə artmalıdır. Çünki dövlət səhiyyə xərclərindən özünü kənara çəkərək sağlamlıqla bağlı xərclərin qarşılanmasını vətəndaşların öz üzərinə qoyur”.
Iqtisadçının sözlərinə görə, əmək haqqında müəyyən məbləğ ödəyən şəxsin haqqı var ki, ehtiyacı olan tibbi xidmətləri icbari tibbi sığortadan alsın. Buna görə də xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayı artırılmalıdır: “Əks halda hər ay maaşından 2 faiz icbari tibbi sığorta haqqı ödəyən vətəndaş cibindən əlavə pul xərcləyərək bəzi tibbi xidmətlərdən yararlanmaq üçün özəl sektora müraciət etmək məcburiyyətində qalacaq ki, bu da ədalətli yanaşma deyil. Əslində, xidmətlər zərfinə daxil ediləcək yeni tibbi xidmətlər əhalinin daha çox yararlandığı tibbi xidmətlər olmalıdır. Buraya müxtəlif qan analizləri, dərman vasitələri də daxil edilməlidir. İcbari tibbi sığortaya daxil edilən cərrahi əməliyyatların sayı artmalıdır”.
Günel CƏLİLOVA

Tarix: 7-01-2022, 11:27
Xəbəri paylaş





Xəbər lenti