Azərbaycana yeni “proletar inəyi” gətirilir


Bu dəfə quraqlığa davamlı cins seçilib

Azərbaycana yenidən cins keçilərin gətirilməsinə başlanıb. Kənd Təsərrüfatı Nazirliyinin “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksi ötən il idxal etdiyi “Murciana” keçilərinin satışını təşkil edir.
KTN-dən verilən məlumata görə, Qobustan Heyvandarlıq Nümayiş Kompleksinə bugünlərdə yeni Avropa mənşəli cins damazlıq heyvanlar gətirilib. “Murciana” keçiləri kompleksin xırdabuynuzlu heyvanlarının saxlama fermasında standartlara uyğun şəraitdə saxlanılır, qidalandırılır və baytar nəzarəti edilir. Karantin müddəti bitdiyinə görə artıq keçilərin satışına başlanılıb.  Nazirlik bildirir ki, bu heyvanların kompleksə gətirilib satılmasında əsas məqsəd xarici cins damazlıq heyvanların satışının təşkil edilməsi ilə bərabər fermerlərin cins heyvanlara əlçatanlığına, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaqdır.
Qeyd edək ki, vətəni İspanya olan “Murciana” keçiləri isti və quraqlıq iqlim şərtlərinə asanlıqla uyğunlaşa bilir. “Murciana” keçilərindən yüksək məhsuldarlıq əldə etmək mümkündür. Belə ki, diri çəkidə erkəklərdə ət məhsuldarlığı 50-60 kq, dişilərdə 30-50 kq, süd məhsuldarlığı 500 kq, laktasya müddəti 280 gün, yağlılıq faizi 5,3 faiz, protein faizi 3,4 təşkil edir, südü əsasən pendir üçün daha uyğundur.
Qobustan Heyvandarlıq Nümayiş Kompleksi istifadəyə verilib
Qobustan Heyvandarlıq Nümayiş Kompleksində heyvanların 60 faizlik dövlət güzəşti ilə satışı təşkil edilir. Burada fermerlər heyvanlara baxış keçirərək, sərgi satış mərkəzində və auksionda hərraca qoşularaq istədikləri heyvanları əldə edə bilərlər. Sərgi salonuna gələn ziyarətçilər ölkədə və Avropada satışda olan heyvanlar haqqında videoçarx və satış nümayəndələri vasitəsilə onların məhsuldarlığı, şəcərəsi, cins tərkibi, saxlanılma şəraiti barədə ətraflı məlumat əldə edə bilərlər. Həmçinin kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir ki, bu da bu müasir kompleksdə heyvan alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha asan edir. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərdə operativlik və şəffaflıq təmin edilir. Başqa sözlə, fermerlər bu qurumlara ayrı-ayrılıqda müraciət etmədən seçdikləri heyvana görə sənədləşdirmə işlərini bir gün müddətində həyata keçirərək ala bilir.
Qeyd edək ki, son onillikdə bütün dünyada keçiyə maraq sürətlə artır. Bunun əsas səbəblərindən biri qlobal iqlim dəyişiklikləri nəticəsində süd və süd məhsulları istehsalında əsrlərdir dominant mövqedə olan inəklərin yem təminatında ciddi problemlərin yaranmasıdır. Digər səbəb süd və süd məhsulları bazarının hədsiz dərəcədə qeyri-stabil olmasıdır: 1 il bu məhsullar bahalaşa, növbəti il isə kəskin dəyər itirə bilir. Bəzən bir neçə il ardıcıl məhsulların ucuzlaşması baş verir ki, bu da inək saxlayan fermerləri çətin duruma salır, zərərlə üzləşmələrinə, təsərrüfat fəaliyyətini dayandırmalarına səbəb olur. Məsələn, 1992-2018-ci illərdə ABŞ-da 94 min ailə təsərrüfatı ləğv edilib. 2018-ci ildə belə təsərrüfatların sayı 2731, 2019-cu ildə 3261, 2020-ci ildə isə 2550 olub. Belə təsərrüfatların yerini iri holdinqlər tutduğuna görə iflaslar ölkədə ümumi süd istehsalına təsir etməyib. Lakin ailə təsərrüfatlarının nəzərlərinin “bahalı” inəklərdən daha ucuz başa gələn keçilərə yönəlməsinə səbəb olub. Nəticədə son 24 ildə ABŞ-da keçilərin sayı 190 min başdan 440 minə, onların saxlandığı təsərrüfatların sayı isə 15 mindən 35 minə çatıb. Mütəxəssislərin fikrincə, artım sürəti zəif olsa da, davamlıdır və yaxın onillikdə daha da artacaq.
Xaçmaz rayonunun Yalama qəsəbəsində müasir heyvandarlıq kompleksi yaradılır  - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
Avropada isə keçiçilik 90-cı illərdən sürətli inkişaf yoluna qədəm qoyub. Hazırda dünyada olan keçilərin 1,9 faizi Avropada yaşayır, lakin onlar qlobal keçi südü istehsalının 15,1 faizini, keçi pendiri istehsalının isə 35,1 faizini təmin edirlər. Avropa Birliyində keçilər daha çox Yunanıstan, Fransa, İspaniya və Rumıniyada yaşayır. Beşinci yerdə son onillikdə keçi südü istehsalını 35,5 faiz artıran Niderland gəlir.
Alimlərin apardığı tədqiqatlar sübut edir ki, keçi südü qida dəyərliliyi ilə yanaşı, dietikliyi və hipoallergenliyi ilə də inək südündən çox irəlidədir. Ən əsası isə keçi inəkdən daha “ucuz” qayğı tələb edir. Belə ki, keçilər inəklərin gedə bilmədiyi ərazilərə çıxaraq otlaya bilir, onlar həmçinin bir sıra bitkilərin toxumlarının yayılmasını təmin edirlər. Keçi peyini isə daha az metan buraxır. Çəkisi 50 kq olan keçi gündə 5 litr, 500 kq olan inək isə 20 litr süd verə bilir. Bir inəyin yediyi ot və yemlə 4 keçini rahat saxlamaq olur. Bu səbəbdən də, bütün dünyada keçi kasıb insanların heyvanı hesab edirlir. Vaxtilə almanlar  keçiləri “kasıbların inəyi” adlandırırdılar. Fransızlar isə bu heyvanları “zəif və xəstə adamların inəyi” hesab edirdilər. Sonralar Almaniyada keçiləri “proletar inəyi” adlandırmağa başladılar. Çünki Birinci Dünya müharibəsində və sonrakı ağır illərdə bir çox fəhlə ailələri yalnız keçinin hesabına aclıqdan xilas oldu - inək saxlamaq hər adamın imkanları daxilində deyildi.
Eyni vəziyyət 30-cu illərdə, həmçinin Böyük Vətən müharibəsi dövründə SSRİ məkanında yaşanan aclıq zamanı da yaranmışdı: Azərbaycan da daxil olmaqla, Sovet respublikalarının demək olar ki, hamısında əhali keçi saxlayırdı - həm südlük, həm də ətlik kimi. Təsadüfi deyil ki, Azərbaycanda ən çox keçi 1945-ci ildə olub - 733,4 min baş. Keçilər qoyun sürüsünün 21,1 faizini təşkil edib. Böyük Vətən müharibəsi illərində kişilərin əksəriyyəti döyüşdə olduğuna görə qadın və uşaqlar inəklərin yemini tədarük edə bilmirdilər. Dağlarda, meşələrdə qidalanan keçi ailələrin ümid yerinə çevrilmişdi.
Maraqlıdır ki, SSRİ vaxtı ölkədə bir dənə də olsun keçi təsərrüfatı yaradılmayıb. Keçiləri adətən qoyunlarla eyni fermada saxlayırdılar. Azərbaycanda 1965-ci ildən başlayaraq 1993-cü ilədək keçilərin sayı kəskin azalıb. 1993-cü ildə bütün kateqoriya təsərrüfatlarda 168,1 min baş keçi var idi. Lakin sonrakı dövrdə - Birinci Qarabağ müharibəsinin ağır təsirləri fonunda sürətlə kasıblayan əhali yenidən keçi saxlamağa üstünlük verməyə başladı. Nəticədə 2000-ci illərə doğru keçi sayında artım sürətləndi və 2014-cü ildə 651,1 min başa çatdı. Sonrakı illərdə isə yenidən azalma başlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə keçilərin sayı 613 min 842 başa düşüb. Ölkədə ən çox keçi Naxçıvandadır. Muxtar respublikada 2002-ci ildə 150 min 917 baş keçi olubsa, 2019-cu ildə bu say 197 min 815 başa çatıb.
Azərbaycanda ilk ixtisaslaşmış keçi təsərrüfatı 2012-ci ildən yaradılıb. Və bunun təşəbbüskarı həmin dövrdə kənd təsərrüfatı naziri postunu tutan İsmət Abbasov olub. Avropaya səfərlərinin birində keçi təsərrüfatı ilə tanış olan nazir Azərbaycanda da bu təcrübənin tətbiq olunmasına qərar verib. 2013-cü ildə Fransadan (1745 baş) və Niderlanddan (300 baş) “Aqrolizinq” xəttilə  dünyada ən məşhur keçi növü olan İsveçrə zaanen keçilərinin idxalına başlanıb. Bu keçilər Ağcabədi rayonunda yaradılan “BMS Aqro” MMC-yə lizinq yolu ilə satılıb.
2014-cü ildə isə ölkəyə 3651 baş keçi idxal olunub: Niderlanddan 1916 baş, Fransadan 950 baş, Bolqarıstandan 300 baş. 2015-ci ildə Niderlanddan 4 baş, Rumıniyadan 1050 baş, Rusiyadan 235 baş, Ukraynadan 150 baş, 581 baş Rusiyadan, 2 baş Ukraynadan, 25 baş Türkiyədən keçi idxal edilib. Sonrakı illərdə keçi idxalı bir neçə yüz baş civarında olub, 2021-ci ilin birinci yarısında isə ümumiyyətlə, olmayıb. Sonrakı dövrdə Avstriyadan 201,79 min dollara 418 baş keçi gətirilib. Bu isə keçilərin birinin 820,7 manata idxal edilməsi deməkdir. İlin sonlarında həmçinin Macarıstandan biri 781,4 manata 123 baş keçi gətirilib. 
Hazırda Azərbaycanda bir dənə də olsa keçi təsərrüfatı yoxdur. Belə ki, Ağcabədidəki təsərrüfatda keçilərin sayı 4 minə qədər artırılıb, MMC-nin məhsulları “Ketchi” adı ilə ölkə bazarına çıxarılıb. Hətta Birinci Avropa Oyunları zamanı iştirakçı idmançılara bu məhsullardan verilirdi. Satışda keçi südünün litri 6 manata, pendirinin kiloqramı isə 15-20 manata  təklif olunurdu. Lakin 2018-ci ildə təsərrüfatda brüselyoz xəstəliyi yayılıb, heyvanların əksəriyyəti məhv olub. 2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin təqdimatı əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi  “BMS Aqro” MMC-nin sahibi Mülhazil Balakişiyev barəsində cinayət işi qaldırıb. Prokorurluğun yaydığı məlumata görə, istintaq-əməliyyat tədbirləri nəticəsində Mülhazil Balakişiyevin digər şəxslərlə qabaqcadan əlbir olaraq  “Aqrolizinq” ASC tərəfindən ona etibar edilmiş 1 milyon 109 min avro (həmin dövrün məzənnəsi ilə 1 milyon 76 min manat) məbləğində pul vəsaitini mənimsədiyi aşkarlanıb və o həbs edilib. M.Balakişiyevin həbsi təsərrüfatın da sonunu gətirib.
“BMS Aqro”dan sonra İmişlidə də zaanen keçilərindən ibarət təsərrüfatın yaradılmasına dair məlumatlar yayılmışdı, lakin əldə etdiyimiz məlumata əsasən, o təsərrüfat da uğursuzluğa düçar olub.
İndi KTN yenidən Azərbaycana cins keçilərin gətirilərək fermerlərə güzəştli satışını təşkil etməyə başlayır. Bu dəfə zaanen deyil, quraqlığa davamlı “Murciana” keçiləri gətirilir. Onlar 3 dərəcə şaxtadan 41 dərəcə istiyə qədər dözümlüdür. Bu isə onların iqlimi getdikcə quraqlaşan Azərbaycanda davam gətirməsi imkanlarını artırr. “Aqroservis” ASC-dən aldığımız məlumata görə, keçilərin 1 başı fermerlərə 1110 manata təklif olunur. Dövlətin tətbiq etdiyi güzəştli satış şərtilə fermer bu dəyərin 40 faizini - 450,5 manatını ödəyir.
Dünya SAKİT,
“Yeni Müsavat”
Tarix: 13-01-2022, 16:55
Xəbəri paylaş





Xəbər lenti