Natiq Cəfərli: "Milli gəlirin “bolşevikcəsinə” paylaşdırılması cəhdi faciələrə qapı açır"



"Tokayev dünən proqram xarakterli çıxış edib, heç bir institutsional dəyişikliklərlə bağlı bir anons vermədi, amma tam populist, “bolşevikcəsinə” çıxış etdi, məğzin də budur ki, varlılardan alıb kasıblara paylayacağıq. Dünənki çıxış populizmin ən pik nöqtəsi idi. Hardasa anlayıram, Tokayev xalqın etibarını qazanmalıdır, bunun üçün ən populyar mövzunu seçdi, “bolşevizmin” şüarlarını səsləndirdi, çox yanlış, zərərli, hətta növbəti “kalanlar savaşına” zəmin yaradan çıxış idi".


Siam.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.


"Milli gəlirin “bolşevikcəsinə” paylaşdırılması cəhdi faciələrə qapı açır, bu mövzu Azərbaycanda da populyarlaşdırılır, populist siyasətçilər, dünyanı, tarixi anlamayan şəxslər xalqın xoşuna gələ biləcək, “varlılardan alacacağıq, kasıblara paylayacağıq” tezisi üzərinə içiboş təbliğat qururlar, yanlışdır, zərərlidir, vətəndaş müharibələrinə aparan yoldur. Sosial bərəbarsizliyin aradan qaldırılması yolu “qırmızı terror” deyil, yeni oyun qaydalarını özündə ehtiva edən Maliyyə Amnistiyası və milli gəlirin artırılması alqoritmidir – Milli “piroq” böyüdülməlidir ki, hər kəsə daha çox pay düşsün. Valılardan alıb bir hissəsini kasıblara paylamaqla ölkə qurmaq, dayanıqlı Dövlət yaratmaq mümkün deyil.
Maliyyə Amnistiyası ölkənin sağlam reyslər üzərinə oturması üçün çox vacibdir, qısa olaraq fəlsəfəsi budur: 1) Maliyyə Amnistiyası Haqqında qanun qəbul edilir, varidatı 500 min manatdan çox olan (öz və ailə üzvləri adına olan daşınar-daşınmaz əmlakı, hesabları, xaricdə olan əmlakı nəzərə alınmaqla – 500 minin altında olanlara bunun şamil edilməsi praqmatik deyil, ölkə əhalisinin 70-75%-nə bu qaydalar aid olmayacaq) vətəndaşlara bütün əmlak və vəsaitlərinin bəyan edilməsi üçün bir il zaman tanınır, 2) Bəyan edilən varidat 500 mindən 5 milyona qədərdisə 25%-i, 5 min.-dan 50 mln. manata qədər olanda 35%-i, 50 mln.-dan 1 mlrd. manata qədər olanlarda 40%-i, 1 mlrd. manatdan çox olanda isə 50%-i yeni yaradılacaq Tərəqqi Fonduna köçürülür, 3) Varidatını rəsmi bəyan edib ona düşən “bağışlanma vergisini” ödəyən şəxslərin əlində qalan vəsait rəsmiləşdirilir, həmin vətəndaşlar sonra vəsaitlərindən sərbəst istifadə etmək üçün imkanlar yaranır, yeganə şərt ölkədə olan vəsaitin xaricə çıxarılması qadağası olur, həmin şəxslər ölkə daxilində istənilən sahədə hüquqi təminatla yatırımlar edə bilir, 4) Yaradılacaq Tərəqqi Fondundan hökumətin büdcəni doldurmaq üçün vəsait köçürməsi qadağan edilir – Fond ancaq və ancaq vətəndaşların sosial təminatı və kiçik-orta sahibkarlara çox aşağı faizlə kredit üçün istifadə edilir, o da bir şərtlə ki, həmin kredit ancaq və ancaq istehsal və xidmət sahələrinin yaradılmasına istəfadə edilməlidir, yəni, kredit götür, onu dollar çevir, saxla – bu mümkün olmayacaq, 5) Maliyyə Amnistiyasına düşən şəxslər 5 il seçilmiş vəzifələrə namizədliklərini vermək hüququndan məhrum edilir. Ölkənin sağlamlaşdırılması, siyasətin dayanıqlı təməllər üzərinə oturması, Dövlətimizin var olması üçün “bolşevizmdən” imtina etməliyik, bu vətəndaş qarşıdurması, növbəti xaoslar üçün zəmin yarada biləcək amildir. Vətəndaşların rifahının yüksəldilməsi yolu tək maddi resursların yenidən bölüşdürülməsindən deyil, milli gəlirimizin artırılması yolu ilə mümükündür. Bunun üçün isə hakimiyyət institutlaşmalı, Dövlət hüquqi zəminə oturmalı, yeni oyun qaydaları Konstitutsiyada təsbit olunmalıdır. Başqa yol, sadəcə, yoxdur..." - N.Cəfərli qeyd edib.
Pravda.az
Tarix: 22-01-2022, 22:50
Xəbəri paylaş





Xəbər lenti