Pensiyalarının artırılması pensiyaçıların problemlərini həll etmir

Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri
Əmək pensiyalarının artırılması haqqında prezident sərəncamı problemi yerindən tərpətmək gücündə deyil.
İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi (≈3,4%) və əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il ərzində 200 manat məbləğində birdəfəlik maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi haqqında sərəncam imzalayıb. Bəs hazırkı bahalaşma şəraitində bu sərəncam pensiyaçıların pisləşmiş həyat səviyyəsini kompensasiya edə biləcəkmi? Bu suala cavab vermək üçün aşağıdakı sadə hesablamaların konkret nəticələrinə baxaq.
2021-ci il oktyabr ayının 1-nə olan vəziyyətə görə ölkədə orta aylıq pensiya məbləği 330,6 manat olub. Azərbaycan təcrübəsində bir qayda olaraq əmək pensiyaları bu orta göstəricidən bir az yüksək olur. Buna baxmayaraq, biz hesablamalarımızı bu orta göstərici üzərində aparacağıq (bu yanaşma ümumi nəticəyə elə də təsir göstərmir).
Orta aylıq pensiya məbləğini 3,4% indeksləşdirib artan məbləği hesablasaq, 11 manat 24 qəpik alınar: (330,6X103,4/100-330,6≈11,24 manat). Deməli, indeksləşdirmə orta aylıq pensiya məbləğini 11 manat 24 qəpik artıracaq.
İl ərzində 200 manat maddi yardım edilməsi nəzərdə tutulur ki, bunun da hər aya düşən orta məbləği 16 manat 67 qəpik təşkil edəcək (200/12≈16,67 manat).
Hər iki artan məbləği toplasaq, 27 manat 91 qəpik alınar (11,24+16,67=27,91). Deməli, prezident sərəncamı nəticə etibarı ilə orta aylıq pensiya məbləğini 27 manat 91 qəpik, başqa sözlə desək, 8,4% artıracaq (27,91/330,6*100≈8,4%).
Rəsmi statistikaya görə 2021-ci ilin dekabr ayında Azərbaycanda istehlak malları 12%, o cümlədən qida məhsulları 16,2% bahalaşıb. Reallıqda isə bahalaşma faizini təxminən 35-40% səviyyəsində təsəvvür edin.
İndi özünüz düşünün, 35-40%-lik bahalaşma hara, 8,4%-lik pensiya artımı hara? 8,4%-lik pensiya artımı ilə dekabrdakı 12%-lik rəsmi bahalaşma səviyyəsini kompensasiya etmək mümkün deyilsə, 35-40%-lik bahalaşma faizini kompensasiya etmək heç mümkün deyil.. Odur ki, əmək pensiyalarının artırılması haqqında prezident sərəncamı pensiyaçıların pisləşmiş alıcılıq qabiliyyətini bərpa etmək, onların problemlərini yerindən tərpətmək gücündə deyil.
Tarix: 8-02-2022, 22:50
Xəbəri paylaş





Xəbər lenti