FHN gəlib elə şərtlər qoyur ki... – Sahibkarlarla bağlı moratoriuma qarşı


"Məsələyə diferensial qaydada yanaşmaq lazımdır. Sahibkarlıq obyektlərinin yoxlanılmasına qoyulan moratorium həqiqətən də köklü şəkildə fiskal orqanları nöqteyi-nəzərindən böyük müsbət nəticələrə səbəb olub”. Siam.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov sahibkarlıq subyektlərinin yoxlanılmasına qoyulan qadağanın özünü nə dərəcədə doğrultduğu barədə suala cavabında deyib:

"Ən azından 10 il bundan öncəki fiskal orqanlarla sahibkarlar arasındakı münasibətə diqqət yetirsək, həmin dövrdə əməlli-başlı "soyqırım”ın getdiyini görərdik. Həmin illərdə vergi xidmətləri, gömrük və hüquq mühafizə orqanları sahibkarlara normal fəaliyyət göstərməyə imkan vermirdi. Müxtəlif yollarla müdaxilələr olunurdu, yaxud da bəzi qurumlar yoxlamalar zamanı səlahiyyətlərindən kənara çıxırdı”.

Ekspert bildirir ki, belə yoxlamaların dayandırılması dayanıqlı sahibkarlıq mühitinin genişlənməsinə şərait yaradıb:

"Ancaq sahibkarlıq subyektlərinin yoxlanılmasının dayandırılmasından keçən dövrdə isə artıq sahibkarlar normal nəfəs almağa imkan tapıblar. Belədə, onların fəaliyyətində bu illər ərzində kifayət qədər irəliləyişlər əldə olunub. Eyni zamanda, dayanıqlı sahibkarlıq mühiti artıb”.

Bununla belə, həmsöhbətimiz prosesdə bəzi mürəkkəbliyin olduğunu da deyir:

"Yalnız fiskal orqanlar olmayan digər orqanlar Ədliyyə Nazirliyindən xüsusi məhkəmə qərarı əsasında yoxlamalar keçirə bilir. Məsələn, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və s. Bu da aktualdır. Hər ikisi sahibkarları yoxlamaq mənasında deyil, yardım nöqteyi-nəzərindən araşdırmalıdır. Adicə yanğın sisteminin tətbiqilə bağlı Fövqəladə Hallar Nazirliyi sahibkarlar qarşısında elə şərtlər qoyur ki, onu yerinə yetirmək qətiyyən mümkün deyil. Yəni belə mürəkkəbliklər də mövcuddur.

Ümumiyyətlə, elə dövrdəyik ki, avtomatik idarəetmə sistemi vasitəsilə sahibkarın fəaliyyətini rahatlıqla izləmək mümkündür. Bundan ötrü, müəssisəyə ayaq basıb yoxlamağa ehtiyac yoxdur”.
Tarix: 10-02-2022, 20:47
Xəbəri paylaş





Xəbər lenti