Yarıtmaz sosial siyasət

Nemət Əliyev, iqtisadçı ekspert
Sahil Babayev 130 min aztəminatlı ailə üzvünün sosial yardımını kəsib. Ünvanlı dövlət sosial yardımı alanların 40 faizi qayçılanıb.
2021-2022-ci illərarası dövrdə sosial yardım alan ailələrin sayı 77 min 269-dan 44 min 700-ə düşüb. Dövlət Statistika Komitəsinin hazırladığı hesabatdan aydın olur ki, 2021-ci il ərzində 32 min 569 aztəminatlı ailənin çörəyi kəsilib. İlham Əliyev də deyir ki, Sahil Babayev işləyir, büdcəyə pul gətirir…
Təzəlikcə Azərbaycan Boks Federasiyasının prezidenti seçilən Sahil Babayevin rəhbərlik etdiyi əmək və əhalinin sosial müdafiəsi nazirliyi 2021-ci ilin yekunlarına dair çox açıqlamalarla çıxış edib, lakin nazirlik bir illik fəaliyyətin müəmmalarla dolu bu qaranlıq səhifəsi haqqında bir kəlmə də kəsməyib. Yardımları kəsilmiş 130 min nəfərin həyat səviyyəsinin 2021-ci il ərzində yaxşılaşmasını düşünmək absurd olardı. Çünki əməkhaqqı, əhali gəlirləri və bahalaşma səviyyəsinə dair yayılan göstəricilərin müqayisəsi çox açıq şəkilə göstərir ki, Azərbaycanda ötən il həyat səviyyəsi göstəricisi kəskin şəkildə pisləşib. Belə olan halda bu qədər aztəminatlı ailənin son ümid yeri necə baltalana bilər? Hər yerdən əli üzülən bu yoxsul ailələrin hansı çətinliklərlə üz-üzə qalmalarını təsəvvür etməyə çalışın. Böyük ehtimalla aztəminatlı ailədə sonuncu işçinin iş yerini itirməsi yardımların kütləvi şəkildə kəsilməsinin əsas səbəbi olub. Çünki İlham Əliyevin ölkədə qurduğu sosial təminat sisteminin “gül” qaydasına görə işləməyənə, yəni heç bir təminatı olmayan ailələrə ünvanlı dövlət sosial yardımı verilə bilməz. Gərək iş yerindən arayış gətirib işlədiyini sübuta yetirəsən ki, bu yardımı ala biləsən. Yardım aldığın müddətdə iş yerini itirdinsə, batdın, dərd üzərinə dərd gələcək, yardımın verilişi dərhal dayandırılacaq və tək Allahın ümidinə buraxılacaqsan.
Tarix: 12-02-2022, 09:04
Xəbəri paylaş





Xəbər lenti