“Başlığa baxırsan, sevinirsən ki, bəh-bəh, deməli, pensiyalarımız artırılıb”


“Başlığa baxırsan, sevinirsən ki, bəh-bəh, deməli, pensiyalarımız artırılıb”Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) pensiyaçıları sevindirmək üçün bir cəhd edib. Amma Nazirliyin yaydığı məlumatdan belə görünür ki, məqsəd pensiyaçıları heç də sevindirmək deyil, əksinə, onları çaş-baş salmaqdır. Deməli, məsələ nədir - bu gün səhər saatlarında Nazirlik məlumat yayıb ki, yaşa görə pensiya təyinatından sonra işləməkdə davam edənlərin pensiyaları yenidən hesablanaraq artırılıb:

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, şəxs ona yaşa görə pensiya təyin olunduğu gündən sonra işləməkdə davam edərsə, hər 6 ildən (72 aydan) bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə bölünərək, pensiyasına əlavə olunur”. Bu “artım” isə ölkə üzrə yalnız 1307 nəfərə şamil olunub. Məlumatdan belə anlaşılır ki, ölkədə pensiya təyinatından sonra işləməkdə davam edənlərin sayı 1307 nəfərdir. Orta statistik azərbaycanlının aldığı əməkhaqqını götürsək, 6 il müddətinə (72 ay) ondan tutulan sosial sığorta haqqı maksimum 8-10 manat arası edir ki, bu da pensiyaçıların təqaüdlərini elə bir o qədər artırır. Qış günəşi kimi varlığını göstərib, ancaq istilik verməyən Əmək Nazirliyinin bu riyazi yanıltmaclarla yaydığı xəbəri bəy-gəlin maşını kimi bəzəyib, cəmiyyətə möhtəşəm xəbər kimi dürtüşdürən bəzi saytların varlığı da təəssüf doğurur. Axı, süslü, bər-bəzəkli başlıqlarla, cümlələrlə insanları, cəmiyyətimizi aldatmağa onları nə vadar edir? Hər bir halda, vicdan da yaxşı şeydir. Təbii ki, olanlarda…
Mövzu ilə bağlı sorğuda iştirak edən pensiyaçılardan biri bildirib ki, savad dərəcəsi elə də yüksək olmayan bir çox insanlar, xüsusilə də pensiya yaşı tamam olan yaşlı və ahıllar belə xəbərləri görünüb, sevinirlər, daha sonra özlərini aldanmış hesab edirlər: “O Nazirlik hansısa müsbət başlığı olan bir məlumat paylaşırsa, onun gərək içinə mütləq baxasan. Məsələn, elə bu xəbərin özü. Başlığına baxırsan, sevinirsən, deyirsən: “Bəh-bəh, nə gözəl, deməli, pensiyalarımız artırılıb”. Sonra girib xəbəri oxuyursan, başa düşürsən ki, ya orda maksimum 7-8 manat artım var, ya da heç həmin artımın sənə dəxli yoxdur. Bu, bilirsiniz nəyə oxşayır? Bir mağazanın üzərinə yazıb, vururlar ki, “nə alsan, 1 manat”. Sevinirsən ki, mağazaya daxil olub, nəyi istəsəm, alacam. Amma içəri girəndə, aydın olur ki, həmin təklif sadəcə hansısa müəyyən məhsullara aiddir. Onu da ki, almasan, min dəfə yaxşıdır. ƏƏSMN-nin fəaliyyəti də eyni bu cürdür”.
Başqa bir pensiyaçı isə bildirib ki, bu gün pensiya alan vətəndaş öz pensiyasını hesablamaq qaydasını bilmir, məsələni çox qəlizləşdiriblər: “Bir neçə il öncə də belə bir məlumat yayılmışdı ki, işləyən pensiyaçıların əməkhaqlarından yenə müəyyən faiz tutularaq, pensiya fonduna köçürülür, 6 ildən sonra baxıb, görürlər nə qədər yığışıb? Sonra həmin miqdarı bölürlər 72 aya, yerdə nə qalırsa, guya yerdə nə qalırsa, onu da işləyən pensiyaçıların pensiyalarına əlavə edirlər. İndi də həmin prosesdir. Bu da yəqin ki, 5-10 manat pul edir. Daha fikirləşmək lazım deyil ki, bu artım 100 manat dəyərindədir. Elə bir şey yoxdur. İşləyən pensiyaçılardan birinin gəliri 800 manatdırsa, məsələn, bunun bir faizi, yəni səkkiz manatı tutularaq, pensiya fonduna köçürülür. 6 ildən sonra da həmin o 8 manat pensiyaçının pensiyasına əlavə edilir. Bunu da “pensiyalar artırıldı” kimi başlıqlarla paylaşırlar. Bu günkü gündə pensiyaçı öz pensiyasını hesablamaq qaydasını bilmir. Çünki çox qəlizləşdirilib”.
Mövzuyla bağlı ƏƏSMN ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı. Qurumun mövqeyini dərc etməyə hazırıq.
Mətin Şükürlü, Bizimyol.info
Tarix: 16-02-2022, 21:18
Xəbəri paylaş





Xəbər lenti