Çörək bazarında savaş başlayır: Yenə bahalaşma?


Çörək bazarında savaş başlayır: Yenə bahalaşma?

Dünyanın ən böyük buğda ixracatçısı Rusiya ilə beşinci ixracatçı Ukrayna arasında mümkün müharibə qlobal buğda bazarlarını dərindən sarsıdacaq.
Analitiklər xəbərdarlıq edirlər ki, Qara dənizə sıçraya biləcək mümkün münaqişə və hətta buğda ticarətində cüzi fasilələr qlobal buğda qiymətlərinin 10-20 faiz artmasına səbəb ola bilər. Rusiya ilə Ukrayna arasındakı gərginliyə görə bölgədə enerji təhlükəsizliyi ön plana çıxsa da, qlobal buğda ticarətində mümkün axsamalar digər kritik risk faktoru kimi önə çıxır. Dünyanın ən böyük buğda ixracatçısı olan Rusiyanın 2019-cu ildə qlobal buğda ixracında təxminən 18% payı var. Misir isə 2,5 milyard dollarla Rusiyada istehsal olunan buğdanın əsas idxalçısı olub. 2019-cu ildə dünya buğda ixracında Rusiya və Ukraynanın ümumi payı 25 faiz təşkil edib. Buğda ixracını əvvəlki ilə nisbətən 8,5% artıraraq 2021-ci ildə 8,8 milyard dollara çatdıran Rusiya, enerji ixracı asılılığından xilas olmaq üçün gələcək illərdə kənd təsərrüfatı sektoruna investisiyalarını artırmağı planlaşdırır. Əsrlər boyu mühüm buğda istehsalçısı olan və Avropanın “çörək səbəti” kimi tanınan Ukrayna dünyanın 5-ci ən böyük buğda ixracatçısı kimi diqqət çəkir. Ukrayna daha çox Qara dəniz ixrac marşrutundan istifadə edir. Ukrayna yaxın qonşularına quru yolu ilə az miqdarda buğda ixrac edir. Ölkənin ixrac etdiyi buğdanın demək olar ki, hamısı Qara dənizdəki limanlardan daşınır.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, Ukraynanın buğda ixracının 95 faizi Qara dəniz üzərindən həyata keçirilir. Analitiklər xəbərdarlıq edirlər ki, Rusiya və Ukrayna arasında mümkün münaqişə Qara dənizə sıçrayacaq və hətta regionda buğda ticarətində kiçik fasilələr olsa belə, qlobal buğda qiymətlərinin 10-20 faiz artmasına səbəb ola bilər. Rusiya ilə Ukrayna arasındakı gərginliyin də dəstəklədiyi buğda qiymətləri gün ərzində 2% artaraq tonu 301,3 dollara çatıb.
Qeyd edək ki, iki ölkə arasında münaqişə səngiməyib, mövcud vəziyyət isə “buğdada müharibə təhlükəsi”ni qaçılmaz edir.
Münaqişə davam edəcəyi təqdirdə ölkəmiz ərzaq məhsullarının, o cümlədən ərzaq buğdasının bahalaşması ilə üzləşəcəkmi?
İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bildirdi ki, ümumiyyətlə, Rusiya ilə Ukrayna arasındakı münaqişənin dünya iqtisadiyyatının bir çox sahələrə ciddi mənfi təsirləri gözlənilir:

“Bu, müxtəlif aspektlərdə özünü büruzə verə bilər. Bütün hallarda qlobal iqtisadiyyat böyük fəsadlar yaşayacaq. O cümlədən, dünya iqtisadiyyatının bir parçası olan Azərbaycan da mənfi təsirlərdən yan keçməyəcək. Bizim üçün əsas ərzaq buğda idxalçıları Rusiya, Ukrayna, Qazaxıstandır. Bunların sırasında xüsusilə Rusiya ərzaq buğdası idxalında ən önəmli yer tutur. Bu yaxınlarda Azərbaycan Prezidentinin Ukraynaya səfəri oldu və orada ölkəmizin ərzaq təhlükəsizliyinin təmini istiqamətində müəyyən müqavilələr də bağlandı. Bizim həmin ölkə ərazisində müəyyən torpaq sahələrini icarəyə götürüb ərzaq buğdası istehsalı və tədarükü ilə məşğul olmaq məsələsi də müzakirə olundu. Yəni adıçəkilən ölkələr elə ölkələrdir ki, SSRİ dağılmasına baxmayaraq, bunların hər biri ilə çox sıx iqtisadi-ticari əlaqələrimiz mövcuddur. Bunlar elə əlaqələrdir ki, başqa ölkələrlə əvəzlənməsi həm qiymət sarıdan, həm də digər aspektlərdən çox böyük çətinliklər törədə bilər. Ona görə də sözügedən münaqişə Azərbaycan ərzaq bazarı üçün arzuolunan deyil”.
Sonuncu dəfə yanvar ayında çörəyin və digər un məhsullarının bahalaşmasının səbəbi nə idi?
Ekspert deyib ki, əsas səbəb Rusiyada taxıl ixracına qoyulan rüsumların artması idi: “Bizim ərzaq buğdası aldığımız əsas ölkə Rusiyadır və bu ölkə hələ Ukrayna ilə münaqişədən əvvəl bəyan edib ki, əvvəlki kimi ərzaq buğdası ixrac edə bilməyəcək. Bunun üçün də rüsumları artırmaq siyasətinə keçdi. Biz idxalda müəyyən güzəştlər tətbiq etməklə, sahibkarları, istehsalı, subsidiyalaşdırmaqla və s. bazarda qiymətləri qoruya bildik. Ancaq yanvar ayında istər-istəməz qiymət artımı qaçılmaz oldu. Ona görə də sözügedən münaqişə daha da dərinə işləyərsə, Azərbaycanın daxili bazarında, ərzaq məhsulları, xüsusilə də ərzaq buğdası sarıdan ciddi problemlərin ortaya çıxmasına gətirib şıxaracaq. Eləcə də qiymət artımları qaçılmaz olacaq”.
Tarix: 23-02-2022, 22:28
Xəbəri paylaş





Xəbər lenti