"Rüşvət iqtisadi böhranın əsas səbəblərindən biridir"


"Rüşvət iqtisadi böhranın əsas səbəblərindən biridir"

Keçmiş və indiki zamanlarda bir çox ölkələrin idarəetməsində, həmin idarənin rəhbərləri arasında yayılan ən böyük xəstəlik rüşvətdir. Biz buna mənəvi xəstəlik desək, daha doğru olar.

Şüurlu, ədalət və vicdan anlayışının nə oluğu dərk edilən cəmiyyətlərdə rəhbər şəxslər həmin cəmiyyətin üzvləri sırasından çıxdığı üçün, daha sağlam və daha geniş elmi, məntiqi, mənəvi düşüncəyə sahib olduqları üçün rüşvət, digər bir adı ilə desək, korrupsiya bataqlığına batmaqdan öz mənliyini, kimliyini qoruyub saxlaya bilir. Bu xəstəlikdən qorunmaq üçün ilk öncə hər bir insanın sahib olması gərəkən dəyər vicdandır. Vicdan isə hər bir insana Uca Yaradan tərəfindən verilmiş ən ali dəyərlərdən biridir. Kimiləri böyük günahların bataqlığında bu ali dəyəri itirir, ümumiyyətlə onun varlığından bixəbər olur. Bir çoxları da ən yüksək vəzifələri, postları tutsa belə, heç bir zaman əyri yola baş vurmur, kiminsə haqqını qəsb etmir, rüşvətdən uzaq duraraq, ədalət tərəzisini pozmur. Həmçinin rüşvətin, korrupsioner məmurların, idarəçilərin çox olduğu ölkə eyni zamanda iqtisadi bataqlığa yuvarlanır. Çünki burda həm dövlətin, həm də əhalinin büdcəsi talanır, dərəbəylik, dağınıqlıq ölkəni viran vəziyyətə salır.
  • Bəs İslam dəyərlərində rüşvətxorluq xəstəliyinə qarşı ən effektiv vasitə nədir?
  • İslam bu əmələ necə qiymət verir?
  • Qurani-Kərim və hədislərdə bu əməl barədə nə kimi fikirlər yer alır?

Bu və başqa suallarla bağlı İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev Bizimyol.info saytına danışıb. O, bildirib ki, İslama görə, rüşvət iqtisadi böhranın əsas səbəblərindən biridir: “Son zamanlar dünyanı narahat edən mühüm məsələlərdən biri də iqtisadi böhran problemidir. Bu problem hər birimizi düşündürdüyü üçün Qurani-Kərim başda olmaqla hədis kitabların bu haqda çoxlu məlumat vardır. Bildiyimiz kimi, iqtisadi böhran dedikdə, cəmiyyətlə iqtisadiyyatın bir-birilə qarşılıqlı ziddiyəti başa düşülür. İqtisadiyyatın da əsas vəzifəsi istehsal və istehlak prosesini tənzimləməkdən ibarətdir. Bir cəmiyyətin normal olaraq yaşaya bilməsi isə heç şübhəsiz ki, əmək bölgüsü və iş şəraitinin tənzimlənməsi, adam başına düşən milli gəlirin müəyyən bir səviyyədə olması, gəlirin paylanmasında bərabərliyin təmin olunması kimi səbəblərdən asılıdır. Bir ölkədə yüksək inflyasiyanın davamlı olaraq artması, işsizlik və gəlirin paylanmasındakı bərabərsizlik, istehsal problemləri və s. iqtisadi böhranın əsas göstəriciləridir. Quran və hədisdə bu mövzuda bir çox məlumata rast gəlirik. Belə ki, Qurani-Kərim iqtisadiyyatın tarazlığını təmin etmək və cəmiyyətə faydalı olması üçün bir sıra dəyər və əxlaqi qanunlar gətirmişdir. Qurana görə, bu dəyər və qanunlara bağlı olmadıqda, ictimai tarazlıq zənginlər lehinə dəyişir, maddi rifah müəyyən bir yerdə təmərküzləşir, iqtisadiyyatda inhisarçılıq meydana çıxır, cəmiyyətlər zəngin (əzən) və kasıb (əzilən) kimi siniflərə bölünür və nəticədə böyük ictimai problemlər yaranır. Əxlaqsızlıq, zülm, israfçılıq, sələmçilik, rüşvət və s. mənfi vəziyyətlər meydana gəlir. Qurana görə iqtisadi böhranın əsasında bir neçə amil dayanır. Onlardan bəzilərini belə sıralaya bilərik:
- Mənəvi amillərin yoxluğu.
Qurani-Kərim maddi faydası olan şeylərin bolluğunun (müasir mənada iqtisadi rifahın) Allah- Təalanın qorxusu və dinə əsaslanan mənəvi bir konturol altında olmadıqda, o rifahın yavaş-yavaş cəmiyyətin əxlaqını fəsada aparmaq meylində olduğunu təkrar-təkrar vurğulayır. Buna bariz misal kimi Quranın “Biz rifah içində şişib kibirlənən, azğınlaşan nə qədər ölkələri həlak etdik” (“əl- Qəsəs”, surəsi 58-ci) ayəsini göstərə bilərik.
- İsrafçılıq.
İqtisadi böhranı meydana gətirən ən əsas səbəblərdən biri də israfdır. Quran bu məsələni belə bəyan edir: “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (“əl-Əraf” surəsi, 31-ci ayə).
- Rüşvətxorluq.
İqtisadi böhranın əsas faktorlarından biri də bir cəmiyyətdə rüşvətin yayılmasıdır. Qurani- Kərim bu mövzuda belə buyurur: “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!” (“əl-Bəqərə” surəsi, 188-ci ayə).
- Nankorluq.
Qurani-Kərimə görə, digər bir iqtisadi böhran faktoru da nankorluqdur. Quran belə bəyan edir: “Allah bir şəhəri (Məkkəni) misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası daddırdı” (“ən-Nəhl” surəsi, 112-ci ayə).
- Sələmçilik.
Quran-Kərim iqtisadi böhranın başlıca səbəblərindən biri də faiz olduğunu bizə açıqlayır. “Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar” (“əl-Bəqərə” surəsi, 275-276-cı ayələr). Bütün bunların hamısı onu göstəriri ki, dinimizə görə, insanın ruzisi haram və qanunsuz yollarla qazana bilməz. Uca Rəbbimiz “əz-Zuxruf” surəsinin 32-ci ayəsində belə bəyan edir: “Dünyada onların dolanacaqlarını öz aralarında biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün tutduq.” Ayədən də açıq-aşkar şəkildə bəlli olur ki, insanlar öz aralarında dolanışacaq yollarını tapmalı, hər kəs öz iş qabiliyyətinə görə halal yolla ruzi qazanmalıdır. Hədis mənbələrində belə nəql olunur ki, həzrət Peyğəmbər Təbuk döyüşündən qayıdan zaman Səid Ənsari adlı səhabəsi onun qabağına çıxmışdı. Bir az söhbətdən sonra Peyğəmbər onun əllərinin qabarı barəsində soruşdu. Səid dedi: “İp və bellə işləyirəm ki, ailəmin ehtiyaclarını təmin edə bilim.” Peyğəmbər onun əllərini öpərək buyurdu: “Bu əllər Cəhənnəm odu görməz.” Digər bir rəvayətdə göstərilir ki, “İşçilərin mükafatı Uca Allah yolunda cihad edənlərin mükafatından daha çoxdur.” Buradan bir daha məlum olur ki, dinimiz zəhmətə, zəhmətkeşlərə çox böyük dəyər verdiyindən zəhmətkeşlərin əməyinin əvəzinin dərhal verilməsini tövsiyə etmiş, onun mənimsənməsini isə qəti şəkildə qadağan etmişdir. Peyğəmbər bir hədisində bu məsələyə xüsusi diqqət yönəldərək buyurur: “Hər kəs işçinin zəhmət haqqını ödəməsə, ona Allahın lənəti olsun!” Deməli, İslam halal zəhmətdən kənar bütün ruzi qapılarının üzünə bağlı olduğunu vurğulamış və insanın yalnız öz zəhməti çərçivəsində halal yolla əldə etdiklərini qanuni saymışdır. Buna görə də Qurani-Kərim və hədisi-şəriflərə görə, qeyr-qanuni olan rüşvət və korrupsiya qəti şəkildə haram qılınmış və bu yollarla əldə edilən gəlir qanunsuz sayılmışdır. Məhz bu səbəbdəndir ki, bayaq da qeyd etdiyimiz kimi, rüşvət haqqında belə bəyan edir: “Mallarınızı öz aranızda haqsız yerə yeməyin və camaatın mallarının bir qismini günah və haqsız yolla yemək üçün (əməlinizin haram olmasını) bilə-bilə onu (rüşvət kimi) qazılara (hakimlərə) tərəf yönəltməyin.”
Dinimiz daim rüşvətxorluqla mübarizə aparmış və onu kəskin şəkildə tənqid etmişdir. Qurani- Kərimdə rüşvətxorluq (günah və haram mal yemək ünvanı ilə) “küfr” adlandırılmışdır: “(Münafiqlər) sizin yanınıza gəldikləri zaman: “Biz iman gətirdik!”- deyirlər. Halbuki onlar küfrlə daxil olmuş, küfrlə də çıxıb getmişlər. Allah onların gizlətdiklərini (özlərindən) daha yaxşı bilir! Onların bir çoxunu günah işləməyə, düşmənçilik etməyə və haram yeməyə tələsən görərsən. Onların gördüyü işlər necə də pisdir!” (“əl-Maidə” surəsi, 161-162-ci ayələr). İmam Əli bu ayəni izah edərkən buyumuşdur: “Bunlar, din qardaşlarının çətinliklərini həll etdikdən sonra onun hədiyyəsini qəbul edənlərdir.”
Həzrət Peyğəmbər rüşvəti murdar gəlir adlandıraraq buyurur: “Murdar gəlir: leş satmaq, it satmaq, şərab satmaq, qadının mehriyyəsini mənimsəmək, az da olsa rüşvət və kahinin (cadugərin) gəliridir.” Digər bir hədisində isə rüşvətdən uzaq olmağımızı təkidlə tövsiyə edərək buyurur: “Rüşvət almaqdan çəkinin ki, həqiqətən, o, xalis küfrdür. Rüşvətxor Cənnətin ətrini duymayacaqdır.” İmam Əli isə rüşvətin cəmiyyətin iflasının əsas səbəblərindən biri kimi xarakterizə edərək buyurmuşdur: “Sizdən qabaqkılar ona görə ölümə və pozğunluğa düçar oldular ki, insanları öz haqlarından məhrum etmişdilər və insanlar (çarəsiz qalıb rüşvət verməklə) o haqqı aldılar. Onlar insanları batil əməllərə və əyintilərə vadar etdilər, insanlar da onların ardınca getdilər. Siz bilirsiniz ki, müsəlmanların namusunun, canının, qənimətlərinin (mallarının), hökmlərinin məsuliyyətini və idarəçiliyini öz öhdəsinə götürən şəxs xəsis olmamalı və qərar verərkən, mühakimə edərkən rüşvət almamalıdır. Çünki əks halda, o, hüquqları pozacaq və haqqı haqq sahibinə çatdırmayacaqdır. Mühakimədə rüşvət almaq Uca Allaha qarşı küfr etməkdir.”
Qeyd etdiyimizdən belə nəticəyə gəlirik ki, rüşvət olan cəmiyyətdə əmin-amanlıq ola bilməz, dəyərlər məhv edilir, haqq-ədalət, qanun pozuntusu baş alıb gedir, bəzən layiq olmayanlar ləyaqətli insanların məqamını zəbt edir, cəmiyyətdə inkişafın yerini tənəzzül tutur.
Tarix: 25-02-2022, 17:20
Xəbəri paylaş





Xəbər lenti